Alimlər müəyyən ediblər ki, 2011-ci ildə Yaponiyada baş vermiş 9 bal gücündə zəlzələdən təxminən 15 dəqiqə sonra ölkənin böyük hissəsi eyni vaxtda təxminən 5 millimetr şərqə doğru hərəkət edib.
Araşdırmaya görə, bu hadisəyə zəlzələ zamanı yaranan və Yerin dərin qatlarından keçərək nüvəyə qədər gedib geri qayıdan güclü seysmik dalğa səbəb olub. Dalğa təxminən 5800 kilometr məsafə qət etdikdən sonra yenidən Yer səthinə çatıb və geniş ərazidə yerdəyişmə yaradıb.
5 millimetrlik sürüşmə kiçik görünsə də, onun əhatə etdiyi ərazi olduqca böyük olub. Hərəkət təxminən 3000 kilometrlik məsafədə müşahidə edilib ki, bu da zəlzələnin əsas qırılma zonasından bir neçə dəfə böyük sahəni əhatə edir.
Çikaqo Universitetinin geofiziki Sanyon Pakın sözlərinə görə, Yaponiyanın müxtəlif bölgələrində yerləşən GPS stansiyaları eyni vaxtda və təxminən eyni ölçüdə şərq istiqamətində yerdəyişmə qeydə alıb. Maraqlıdır ki, həmin anda əlavə yerli zəlzələ və ya təkan baş verməyib.
Tədqiqatçılar hesab edirlər ki, əsas zəlzələnin yaratdığı güclü titrəyişlər tektonik plitələrin sərhədlərini zəiflədib. Nəticədə Yerin nüvəsindən əks olunaraq geri qayıdan seysmik dalğa bu sərhədlərdə sürüşməni asanlaşdırıb və geniş ərazidə eyni vaxtda hərəkətə səbəb olub.
Alimlər geniş GPS və seysmoloji məlumatları təhlil edərək bu nəticəyə gəliblər. Tədqiqatın nəticələri nüfuzlu "Science" jurnalında dərc olunub.
Araşdırma göstərir ki, böyük zəlzələlərin təsiri yalnız əsas təkan və sonrakı afterşoklarla məhdudlaşmır. Yerin dərin qatlarından qayıdan seysmik dalğalar da uzaq məsafələrdə tektonik proseslərə təsir göstərə və yeni seysmik hadisələrin yaranma riskini artıra bilər.
S.ELAY
XQ

