Elm adamları “İlandağ” kitabəsini müzakirə ediblər

post-img

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının Culfa rayonu  ərazisində yerləşən “İlandağ” kitabəsinə həsr edilən tədbir keçirilib. Bu haqda AMEA Naxçıvan Bölməsindən məlumat verilib. 

Bölmə sədri, akademik İsmayıl Hacıyev giriş nitqi ilə çıxış edərək  “İlandağ” kitabəsinin Azərbaycan və dünya tarixi üçün mühüm elmi və ictimai əhəmiyyət daşıdığını bildirib.  Akademik qayaüstü mixi yazının Naxçıvanın qədim yaşayış məskəni olduğunu, Urartu hökmdarlarının bölgəyə hərbi yürüşləri və Naxçıvanın siyasi prosesləri haqqında dəqiq elmi faktlar təqdim etdiyini qeyd edib. Yazının bəzi saxta iddiaları ifşa edərək, bu yerlərdə qədim türk-azərbaycanlı köklərinin mövcudluğunu beynəlxalq elmi ictimaiyyətə çatdırdığını vurğulayıb. 

Abidədə aşınmaların yarandığına yenidən diqqət çəkən akademik aiddiyyəti qurumları bununla bağlı tədbirlər görməyə çağırıb. 

Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli çıxışında  tədbirin  keçirilməsinin aktual məsələnin müzakirəsi, qarşıda duran strateji vəzifələrin uğurla icrası üçün mühüm əhəmiyyət kəsb etdiyini  bildirib.

Akademik 2025-2026-cı illərdə AMEA alimlərinin Azərbaycan-Yaponiya birgə elmi ekspedisiyası ilə apardığı birgə arxeoloji qazıntı zamanı Xocavənd rayonundakı qədim Tağlar mağarasından neandertal insanın 80 min il bundan əvvələ aid olan yeni poleontropoloji qalığının tapılmasının, Naxçıvan Muxtar Respublikasında tapılmış “İlandağ” kitabəsinin Urartu mixi yazıları kontekstində araşdırılmasının Azərbaycan elmi üçün beynəlxalq əhəmiyyətini vurğulayıb. 

AMEA-nın prezidenti İsa Həbibbəyli “İlandağ” kitabəsini müstəqil Azərbaycan elminin ən böyük nailiyyəti kimi  dünya elminə verə biləcəyi kəşflərdən biri hesab etdiyini qeyd edib. Bu məsələyə qlobal müstəvidə yanaşmağın vacibliyinə diqqət çəkən akademik mühüm elmi əhəmiyyətə malik olan mixi yazının yenidən tədqiqata cəlb edilməsinin vacibliyini bildirib və müvafiq tapşırıqlar verib.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev qeyd edib ki, Bakı Dövlət Universitetində arxeologiya istiqamətində elmi tədqiqatları genişləndirmək və elm ilə təhsilin inteqrasiyasını gücləndirmək məqsədilə Arxeologiya Tədris-Tədqiqat Mərkəzi yaradılıb. Mərkəzin AMEA Arxeologiya və Antropologiya İnstitutu ilə sıx əməkdaşlıq çərçivəsində fəaliyyət göstərdiyini bildirən rektor AMEA Naxçıvan Bölməsi ilə də əməkdaşlığa hazır olduqlarını bildirib. 

AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova çıxışında gələcəkdə də  belə tədqiqatların genişləndirilməsinin vacibliyi qeyd edib və  bu sahədə gənc kadrların, mütəxəssislərin hazırlanmasının əhəmiyyətini vurğulayıb. 

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyev “Naxçıvanın qədim tarixinə dair mənbə: “İlandağ” kitabəsi” adlı məruzəsində “İlandağ” kitabəsinin Naxçıvanın qədim tarixini öyrənmək baxımından mühüm elmi mənbə olduğunu bildirib. Urartuların Naxçıvana hücumlarının uğursuz olduğunu qeyd edən professor Urartu dilinin iltisaqi dillər qrupuna aid olduğunu, digər dillərlə heç bir əlaqəsi olmadığını vurğulayıb.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov, AMEA Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəhlul İbrahimli mövzu ilə bağlı çıxış ediblər. 

Tədbirdə AMEA Naxçıvan Bölməsi əməkdaşlarının Culfa rayonu ərazisində yerləşən kitabə ilə tanış olduqları, eyni zamanda Naxçıvan televiziyasının “İlandağ” kitabəsi ilə bağlı hazırladığı videoçarx nümayiş etdirilib. 

 Tədbirə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yekun vurub.

XQ













Elm