Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Yunanıstanın Azərbaycandakı səfiri Maria Papakonstantinu ilə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla arasında keçirilən görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
XQ xəbər verir ki, bu barədə məlumatı Yunanıstanın Bakıdakı səfirliyi yayıb.
Görüş zamanı tərəflər təhsil və mədəniyyət sahələrində Azərbaycan-Yunanıstan əlaqələrinin daha da möhkəmləndirilməsi yollarını müzakirə ediblər. Həmçinin universitet nəzdində fəaliyyət göstərən Yunan Dili və Mədəniyyəti Mərkəzinin rolu xüsusi vurğulanıb və onun fəaliyyət istiqamətlərinin genişləndirilməsinə dəstək ifadə olunub.
Müzakirələrdə Azərbaycan və Yunanıstan universitetləri arasında birgə elmi araşdırmaların təşkili, ortaq layihələrin həyata keçirilməsi və tələbə mübadiləsi proqramlarının inkişaf etdirilməsi kimi məsələlər də nəzərdən keçirilib.
Səfər çərçivəsində Maria Papakonstantinu Yunan Dili və Mədəniyyəti Mərkəzini ziyarət edib, burada yunan dili təhsili alan azərbaycanlı tələbələrlə görüşərək onların fəaliyyəti və təhsil prosesi ilə maraqlanıb.

