“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu”

post-img

Yeni Azərbaycan Partiyası bu mövzuda Şuşada beynəlxalq konfrans təşkil edib

Xəbər verildiyi kimi, 15 İyun Milli Qurtuluş Günündə Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Şuşa şəhərində “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Məclisin əvvəlində Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin konfrans iştirakçılarına müraciətini səsləndirib.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqları salamlayaraq bildirib ki, artıq 5-ci ildir şəhərimizdə keçirilən belə məclislər Milli Qurtuluş Gününə və eləcə də, 2021-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin ildönümünə həsr olunur. İşğaldan azad olunmasından keçən müddət ərzində Şuşa şəhəri, eləcə də bütün Qarabağ və Şərqi Zəngəzur hər gün dəyişərək yenidən qurulur, görünməmiş dərəcədə sürətlə dirçəlir.

“Sülh quruculuğu mexanizmləri: qlobal çağırışlar fonunda partiya diplomatiyası” mövzusunda I panel sessiyada çıxış edən moderator, Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, 2022-ci ildən etibarən Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin ildönümünə həsr olunan tədbirlərin bu şəhərdə keçirilməsi xüsusi mənəvi, siyasi və ideoloji məna daşıyır: “2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalqımızın həmrəyliyi və Azərbaycan Ordusunun şücaəti sayəsində hərbi-siyasi əsarətdən azad olunan Şuşa yalnız Azərbaycanın deyil, türk və islam dünyasının mədəniyyət mərkəzlərindən biri kimi bəşər sivilizasiyasının qiymətli xəzinəsidir”.

Tahir Budaqov daha sonra qeyd edib ki, konfransın mövzusu müasir beynəlxalq münasibətlər sisteminin son dərəcədə aktual məsələlərini özündə ehtiva edir: “Dünyanın mürəkkəb geosiyasi transformasiyalar dövrünü yaşadığı bir zamanda regional sabitlik, təhlükəsizlik və əməkdaşlıq məsələləri beynəlxalq siyasi gündəliyin mərkəzində dayanır. Bu xüsusda Azərbaycan dövlətinin həyata keçirdiyi siyasət daha ədalətli dünya nizamının bərqərar olmasına istiqamətlənmişdir. Bu gün Şuşadan verilən mesajlar yalnız Cənubi Qafqaza deyil, bütün dünyaya ünvanlanır”.

Türkmənistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qurbanmammet Elyasov, Sahibkarlar və İş Adamları Hərəkatı – Özbəkistan Liberal Demokratik Partiyası Siyasi Şurası İcra Komitəsinin sədri, partiyanın parlament fraksiyasının sədri Aktam Xaitov, Laos Xalq İnqilab Partiyası Mərkəzi Komitəsi Xarici Əlaqələr Komitəsinin Tədqiqat və çoxtərəfli əlaqələr departamentinin baş direktoru Sayavonq Bounyadet, Moldova Respublikası Parlamentinin üzvü Pavel Voyku Azərbaycan dövlətinin regionda sülh və dünyada nizamla bağlı təşəbbüslərini yüksək dəyərləndirdilər.

“Regional layihələr və transsərhəd əməkdaşlıq: dayanıqlı sülhün iqtisadi əsasları” mövzusunda II panel sessiyada moderator, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə–Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım qeyd edib ki, bu gün sülhün qorunması və sabitliyin gücləndirilməsi artıq yalnız dövlətlərin apardığı klassik diplomatiya fəaliyyətləri ilə mümkün deyildir: “Parlamentlərin, siyasi partiyaların, akademik dairələrin, media qurumlarının və vətəndaş cəmiyyətlərinin də bu proseslərdə fəal rol oynaması zəruridir”.

Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mey, Kamboca Xalq Partiyası Mərkəzi Komitəsi Daimi Komitəsinin üzvü, Kamboca Krallığı Senatının ikinci vitse-prezidenti Tun Vathana, Ukrayna Ali Radasının Humanitar və informasiya siyasəti komitəsinin sədri, ATƏT Parlament Assambleyasında Ukrayna nümayəndə heyətinin rəhbəri Mikita Poturayev, Pakistanın MUSLİM İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi və xüsusi nümayəndəsi Malik Asif Tanver dayanıqlı sülhün iqtisaddi əsasları ilə bağlı mülahizələrini söyləyiblər.

“Postmünaqişə dövründə yenidənqurma: şəhərsalma sahəsində müasir çağırışlar” mövzusunda 3-cü panel sessiyada moderator, Belarusun “Belaya Rus” Partiyasının sədri Olqa Çemodanova vurğulayıb ki, Milli Qurtuluş Günündən başlanan uğurlu siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirmiş, dost dövlətlərlə əməkdaşlığını ardıcıl şəkildə genişləndirmişdir.

Tacikistan Xalq Demokratik Partiyasının sədr müavini Umeda Abdullozoda, Şimali Makedoniya Türk Demokratik Partiyasının sədri Zülfikar Zeynula, Serbiya Tərəqqipərvər Partiyası İdarə Heyətinin üzvü, Serbiya Milli Assambleyasının üzvü Daniela Nikoliç, “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının Gənclər Təşkilatının sədri, Gürcüstan parlamentinin üzvü Varlam Liparteliani postmünaqişə dövrünün quruculuq təcrübəsindən danışmışlar.

Konfrans iştirakçıları Şuşa şəhərinin tarixi məkanları, aparılan tikinti və yenidənqurma və Laçın rayonunda həyata keçirilmiş bərpa-quruculuq işləri ilə tanış olublar.

XQ



Son xəbərlər