Fransada keçirilən G7 sammitinin ikinci günü beynəlxalq siyasi atmosferdə diqqətçəkən məsələlərlə yadda qaldı. ABŞ Prezidenti Donald Tramp də daxil olmaqla, G7 liderləri Ukraynaya hərbi dəstəyin artırılmasını və Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini nəzərdə tutan birgə bəyanatı dəstəkləyiblər.
“Biz, G7 liderləri, Ukraynanın öz azadlığını, suverenliyini və ərazi bütövlüyünü müdafiə etməsində sarsılmaz dəstəyimizdə vahid mövqedən çıxış edirik,” – deyə çərşənbə günü gecəyarısından bir qədər sonra yayımlanan bəyanatda bildirildi. ABŞ Prezidenti Donald Trampın bu mövqeyi və sammit çərçivəsində verilən mesajlar Ukrayna müharibəsi ətrafında formalaşmış sərt ritorikanın yumşaldığı təəssüratı bağışladı. Lakin bu “yumşalma” daha çox şərti siyasi mövqedir.
Yada salaq ki, sammitin ilk günlərində Ukrayna məsələsinə yanaşma nisbətən daha ehtiyatlı idi. Avropa liderləri Vaşinqtonun gələcək strategiyasına dair qeyri-müəyyənlik fonunda daha koordinasiyalı mövqe formalaşdırmağa çalışırdılar. İkinci gün isə Trampın çıxışları bu mənzərəni qismən dəyişdi, o, Kiyevə dəstəyin davamını tam inkar etmədən, bu dəstəyin strukturunun yenidən bölüşdürülməsi ideyasını ön plana çıxardı. ABŞ liderinin yanaşması mahiyyət etibarilə iki paralel mesajı özündə ehtiva edirdi. İlk növbədə rəsmi Vaşinqton Ukraynaya tamamilə arxa çevirmək niyyətində deyil. İkincisi isə, müharibənin maliyyə, hərbi və siyasi yükünün daha böyük hissəsinin Avropa tərəfindən daşınması zərurəti vurğulanırdı. İkinci məqam Aİ paytaxtlarında yeni narahatlıq doğurdu. Çünki onlar üçün Ukrayna məsələsi Avropanın gələcək strateji avtonomiyasının sınaq meydanıdır. ABŞ-ın dəyişkən mövqeyi fonunda Avropa artıq daha çox məsuliyyət daşıyan aktora çevrilmək məcburiyyətində qalır. Trampın mesajları bu tendensiyanı sürətləndirə bilər.
Sammitdə səsləndirilən fikirlərdən belə nəticə çıxır ki, ABŞ tərəfi Ukraynaya yardımın davamı üçün Avropa ölkələrinin daha böyük maliyyə öhdəlikləri götürməsini gözləyir. Bu, həm hərbi yardım paketlərinə, həm də iqtisadi bərpa layihələrinə aiddir. Eyni zamanda, Rusiyaya qarşı sanksiya siyasətinin daha sərt şəkildə davam etdirilməsi məsələsində də Avropa ölkələrindən fəal mövqe tələb olunur. Qısası, Vaşinqton artıq yük paylaşımını yenidən dizayn edən aktor kimi çıxış edir. Bu isə G7 daxilində ənənəvi rol bölgüsünü dəyişdirir və Avropa ilə ABŞ arasında strateji məsuliyyət balansını yenidən müzakirəyə açır.
Ümumən Brüsseldə formalaşan ümumi siyasi atmosfer ondan ibarətdir ki, yumşalma yeni şərtlər sistemi yaradır. Həmin sistemdə yardımın davamı daha çox qarşılıqlı öhdəliklərə bağlanır və Avropa üçün əlavə yük formalaşır. Əslində, proses o qədər təəccüb doğurmamalıdır. Çünki Ukrayna müharibəsinin başlanğıcından etibarən Qərb koalisiyası əsasən ABŞ liderliyinə söykənirdi. Lakin son illərdə həm daxili siyasi dəyişikliklər, həm də qlobal prioritetlərin transformasiyası sözügedən modelin davamlılığını sual altına qoyub. Trampın G7-dəki çıxışları bu dəyişimin simvolik ifadəsi kimi başa düşülür. Avropa üçün əsas strateji dilemma ondan ibarətdir ki, qoca qitə həm ABŞ-la transatlantik ittifaqı qorumaq, digər tərəfdən isə öz təhlükəsizlik məsuliyyətini artırmaq məcburiyyətindədir. Sözügedən balans çox incədir və hər hansı yanlış addım həm Ukrayna dəstəyinin zəifləməsinə, həm də NATO daxilində gərginliyin artmasına səbəb ola bilər.
Məsələnin iqtisadi tərəfi də az əhəmiyyət daşımır. Müharibə uzandıqca, Avropa iqtisadiyyatında enerji qiymətləri, müdafiə xərcləri və sosial büdcələr üzərində təzyiq artır. ABŞ isə daha çox strateji prioritetləri Asiya-Sakit okean regionuna yönəltməyə çalışır. Bu fərqliliklər tərəflər arasında yük bölgüsünü daha da aktual edir. Trampın mesajlarının şərtli dəstək kimi qiymətləndirilməsi də məhz bundan qaynaqlanır. O, Ukraynaya dəstəyin prinsipcə davam etdiyini göstərsə də, bu dəstəyin strukturunun dəyişməsini tələb edir. Həmin dəyişiklik isə Avropanın daha aktiv və maliyyə baxımından ağır rol almasını nəzərdə tutur. Bəzi analitiklər bu yanaşmanı strateji yenidən balanslaşdırma kimi dəyərləndirir. Yəni ABŞ Ukrayna məsələsində liderlik yükünü paylaşmaq istəyir. Digərləri isə bunu daha sərt formada məsuliyyətin Avropaya ötürülməsi kimi izah edirlər.
Yeri gəlmişkən, G7 çərçivəsində yaranan yeni dinamika, sadəcə, Ukrayna ilə məhdudlaşmır. Proses qlobal təhlükəsizlik arxitekturasının yenidən formalaşmasının bir hissəsidir. Çünki enerji təhlükəsizliyi, müdafiə sənayesi, sanksiya mexanizmləri və diplomatik koordinasiya artıq əvvəlki kimi sabit deyil. Hazırkı mərhələnin necə nəticələnəcəyi Avropanın öz strateji qərarlarından asılı olacaq. Lakin Ukrayna müharibəsi bu böyük geosiyasi dəyişimin mərkəzində qalmağa davam edir.
Bir məqamı da qeyd edək ki, Tramp bundan öncə 80 illik yubileyi münasibətilə almaq istədiyi hədiyyəni açıqlamışdı. Ağ Ev rəhbəri məsələ ilə bağlı sualı cavablandıraraq bildirmişdi ki, Yaxın Şərqdə sülhdən daha böyük bir hədiyyə istəyir. Bu kontektdə G7-də Ukrayna ilə bağlı verilən mesajlar dərindən təhlil edildikdə daha geniş siyasi mənzərə ortaya çıxır. Görünür, Tramp üçün “hədiyyə” anlayışı qlobal münaqişələrin azaldılması, yükün yenidən bölüşdürülməsi və ABŞ-ın beynəlxalq sistemdə rolunun tərif edilməsi ilə bağlı strateji məqsədlərlə bağlıdır.
Nəzrin ELDARQIZI
XQ

