Azərbaycan dövləti qeyri-neft ixracını fəal dəstəkləyir

post-img

Dünya bazarına çıxışın yeni mexanizmi

Prezident İlham Əliyevin “Qeyri-neft-qaz malları üzrə ixracın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” 16 iyun 2026-cı il tarixli fərmanı Azərbaycanın iqtisadi inkişaf strategiyasında yeni mərhələnin başlanğıcı kimi diqqət çəkir. Bu sənəd ölkədə qeyri-neft sektorunun inkişafına, ixracın şaxələndirilməsinə və xüsusilə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin xarici bazarlara çıxışının genişləndirilməsinə yönələn mühüm dəstək mexanizmi yaradır.

Son illər Azərbaycanın iqtisadi siyasətinin əsas prioritetlərindən biri olan qeyri-neft sektorunun inkişafı və ixrac potensialının artırılmasına xüsusi önəm verilib. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar nəticəsində kənd təsərrüfatı, qida sənayesi, tekstil, tikinti materialları, maşınqayırma və digər sahələrdə istehsal imkanları genişlənib.

Lakin ixrac prosesində xüsusilə kiçik və orta sahibkarların qarşılaşdığı əsas problemlərdən biri əlavə xərclərin yüksək olması ilə bağlıdır. Məsələn, gömrük rəsmiləşdirilməsi zamanı ödənilən yığımlar bəzi hallarda ixracın rentabelliyinə mənfi təsir göstərir. Yeni fərman isə məhz bu çətinliyi aradan qaldırmaq məqsədi daşıyır.

Ekspertlər sənədin mahiyyəti ilə bağlı bildirirlər ki, bundan sonra Azərbaycan mənşəli qeyri-neft-qaz məhsullarını xarici bazarlara çıxaran mikro, kiçik və orta sahibkarlıq subyektlərinin ödədikləri gömrük rəsmiləşdirilməsi xərcləri dövlət tərəfindən kompensasiya olunacaq. Bu yanaşma sahibkarların maliyyə yükünü azaltmaqla yanaşı, ixrac əməliyyatlarını daha cəlbedici və sərfəli edəcək.

Xatırladılır ki, indiyədək respublikada ixrac təşviqi mexanizmləri əsasən məhsulun ixrac dəyərinə görə verilən təşviqlər, sərgilərdə iştirakın maliyyələşdirilməsi, “Made in Azerbaijan” brendinin daha geniş coğrafiyada təqdim olunması və marketinq dəstəyi formasında həyata keçirilirdisə, sözügedən fərmanın icrası bu prosesin stimullaşdırılması üçün maliyyə baxımından yeni sisteminin yaradılmasını qarşıya mühüm vəzifə kimi qoyur. Başqa sözlə, sənəd ixracın inzibati və maliyyə xərclərinin azaldılmasını şərtləndirir. Belə bir yanaşma isə dövlətin artıq təkcə ixracın nəticəsini deyil, eyni zamanda, bu prosesin təşkilini də maliyyə baxımından dəstəkləməsi deməkdir. Eyni zamanda, bu, beynəlxalq təcrübədə geniş istifadə olunan “ticarətin asanlaşdırılması” siyasətinin mühüm elementlərindən biridir.

Fərmanın diqqətçəkən xüsusiyyətlərindən biri də onun yalnız mikro, kiçik və orta sahibkarlıq subyektlərinə şamil edilməsidir. Bu isə təsadüfi deyil. Çünki böyük şirkətlər, adətən, kifayət qədər maliyyə imkanlarına və logistika resurslarına malik olur. Kiçik müəssisələr isə xarici bazarlara çıxarkən əlavə xərclər səbəbindən daha çox çətinliklə üzləşir. Dövlət məhz bu kateqoriyaya aid sahibkarları dəstəkləməklə yeni ixracatçıların formalaşmasına şərait yaradır.

Ekspertlər qeyd edirlər ki, bu siyasət nəticəsində ixracatçıların sayı getdikcə artacaq, regionlarda fəaliyyət göstərən müəssisələrin xarici bazarlara çıxışı genişlənəcək, kənd təsərrüfatı və emal sənayesi məhsullarının satış imkanları çoxalacaq, yeni iş yerlərinin yaradılması sürətlənəcək. Eyni zamanda, Azərbaycan mənşəli məhsulların təşviqi daha çox diqqət mərkəzində saxlanılacaq. Başqa sözlə, yeni fərmana əsaslanılaraq kompensasiya yalnız Azərbaycan Respublikası mənşəli məhsullara tətbiq ediləcək və bu status mənşə sertifikatı əsasında müəyyənləşdiriləcək. Digər tərəfdən, belə bir tələb daxili istehsalın təşviqi baxımından da xüsusi əhəmiyyət daşıyacaq. Belə ki, xaricdən gətirilərək sadəcə təkrar ixraca yönəldilən məhsullar deyil, məhz respublikada istehsal edilən mallar da dövlət dəstəyi ilə əhatə olunacaq. Beləliklə, bu cür yanaşma yerli istehsalın inkişafını stimullaşdıracaq, əlavə dəyər yaradan müəssisələri dəstəkləyəcək, sənayeləşmə siyasətinin səmərəliyini artıracaq və ixracın milli iqtisadiyyata təsirini gücləndirəcək.

Büdcənin strateji investisiyası

İlk baxışda kompensasiya mexanizmi dövlət büdcəsi üçün əlavə yük kimi nəzərə çarpa bilər. Əslində isə bu, gələcək iqtisadi artıma yönəlmiş strateji investisiyadır. Beynəlxalq təcrübə də göstərir ki, ixracın genişlənməsi nəticəsində vergi daxilolmaları artır, yeni istehsal müəssisələri yaradılır, məşğulluq yüksəlir, valyuta gəlirləri çoxalır və tədiyə balansı güclənir.

Fərmanın mühüm müddəalarından biri də gömrük nəzarəti, gömrük müşayiəti və malların saxlanmasına görə tətbiq olunan yığımların artırılmasının qadağan edilməsidir. Bu norma sahibkarlar üçün mühüm təminat yaradır. Belə ki, dövlət bir tərəfdən kompensasiya mexanizmi tətbiq edir, digər tərəfdən isə həmin dəstəyin yeni rüsum və yığımların artırılması ilə neytrallaşdırılmasının qarşısını alır. Bu, biznes mühitinin proqnozlaşdırıla bilməsi və sahibkarların uzunmüddətli planlaşdırma aparması baxımından mühüm əhəmiyyət daşıyır.

Sözügedən sənədə əsasən, kompensasiyanın məbləğinin məhsulun növündən və ixraca yönəldilən ölkədən asılı olaraq müəyyən ediləcəyi nəzərdə tutulur. Bu yanaşma yeni bazarlara çıxış imkanlarının genişlənəcəyinə, başqa sözlə, dövlətə strateji bazarlara çıxışı daha fəal şəkildə təşviq etməyə imkan verir. Məsələn, uzaq bazarlara ixrac zamanı daha yüksək dəstək tətbiq edilir, yüksək əlavə dəyər yaradan məhsullara üstünlük verilir, yeni ixrac istiqamətləri müəyyənləşdirilir. Bu isə Azərbaycanın ənənəvi bazarlardan kənara çıxaraq Avropa, Yaxın Şərq, Asiya və Afrikada mövqelərini gücləndirməsinə şərait yaradır.

Fərmanın tətbiq müddətinin 2031-ci ilin sonunadək nəzərdə tutulması sahibkarlar üçün mühüm üstünlükdür. Çünki uzunmüddətli dövlət dəstəyi biznes subyektlərinə investisiya qərarlarını daha inamla qəbul etməyə, istehsal güclərini artırmağa, yeni ixrac müqavilələri bağlamağa, beynəlxalq bazarlarda möhkəmlənməyə imkan verir. Bu baxımdan sənəd qısamüddətli təşviq proqramı deyil, orta və uzunmüddətli ixrac strategiyasının tərkib hissəsidir.

Ümumilikdə, dövlət başçısının imzaladığı bu fərman qeyri-neft ixracının artırılması istiqamətində həyata keçirilən siyasətin məntiqi davamıdır. Sənəd “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində müəyyənləşdirilən rəqabətqabiliyyətli iqtisadiyyat və dayanıqlı artım məqsədlərinə xidmət edir.

Fərman ixracatçıların maliyyə yükünü azaldır, mikro, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırır, yerli istehsalın rəqabət qabiliyyətini artırır və ölkənin qeyri-neft gəlirlərinin genişlənməsinə yeni imkanlar yaradır. Bütün bunlar isə onu göstərir ki, Azərbaycan iqtisadiyyatında neftdən sonrakı inkişaf modelinin formalaşdırılması istiqamətində atılan addımlar ardıcıl xarakter daşıyır və yeni sənəd həmin strategiyanın mühüm həlqələrindən biridir. Beləliklə, bu fərman yaxın illərdə ölkənin ixrac coğrafiyasının genişlənməsi, qeyri-neft sektorunun güclənməsi və Azərbaycanın qlobal ticarət sistemində mövqelərinin daha da möhkəmlənməsi əminliyi yaradır.

İxracda yeni mərhələ

Dövlət başçısının qeyri-neft məhsullarının ixracının təşviqi məqsədilə imzaladığı yeni fərman ixracatçılar üçün mühüm dəstək mexanizminin formalaşdırılmasına zəmin yaradır. Sənədə əsasən, Azərbaycan mənşəli qeyri-neft məhsullarını xarici bazarlara çıxaran mikro, kiçik və orta sahibkarlıq subyektləri ixrac zamanı ödədikləri gömrük rəsmiləşdirilməsi yığımlarının müəyyən hissəsini dövlət tərəfindən geri almaq imkanı əldə edəcəklər.

Bununla belə, fərman hələlik dəstəyin konkret parametrlərini müəyyənləşdirmir. Hansı məhsulların bu mexanizmdən yararlanacağı, hansı ölkələrə ixrac zamanı kompensasiyanın tətbiq ediləcəyi, bir gömrük bəyannaməsi üzrə maksimum dəstək məbləğinin nə qədər olacağı, eləcə də müraciət və ödəniş prosedurlarının necə təşkil ediləcəyi növbəti mərhələdə müəyyənləşdiriləcək.

Bu məqsədlə aidiyyəti dövlət qurumlarına üç ay müddətində müvafiq təkliflərin hazırlanması tapşırılıb. Başqa sözlə, fərman ixracın stimullaşdırılması üçün yeni maliyyə alətinin hüquqi bazasını yaradır və onun praktiki mexanizmlərinin işlənib hazırlanmasını nəzərdə tutur.

Qərarın əsas hədəfi qeyri-neft ixracının genişləndirilməsi, yerli istehsalçıların beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması və ixrac xərclərinin azaldılmasıdır. Bu baxımdan sənəd ölkənin ixracyönümlü iqtisadi siyasətinin mühüm elementlərindən biri kimi dəyərləndirilə bilər.

Lakin mexanizmin hazırlanması zamanı bir sıra vacib məsələlərin nəzərə alınması onun səmərəliliyini daha da artırar. Bunun üçün, ilk növbədə, dövlət dəstəyi bütün qeyri-neft məhsullarını əhatə etməməlidir. Prioritetlər müəyyən edilərkən məhsulların strateji əhəmiyyəti, daxili bazarın təminatındakı rolu və ixrac potensialı kompleks şəkildə qiymətləndirilməlidir. Əgər hər hansı məhsulun ölkə daxilində istifadəsi iqtisadi və sosial baxımdan ixracından daha çox fayda yaradırsa, həmin məhsulun xaricə satışının əlavə təşviqinə ehtiyac olmaya bilər. Buna görə də dəstək daha çox yüksək əlavə dəyər yaradan və milli iqtisadi maraqlara uyğun gələn məhsullara yönəldilməlidir.

Bununla yanaşı, ixrac istiqamətlərinin müəyyənləşdirilməsi də zəruri şərtdir. Dəstəyin tətbiq ediləcəyi ölkələr və ya ölkə qrupları seçilərkən qısamüddətli deyil, uzunmüddətli yanaşma üstün tutulmalıdır. Normativ-hüquqi bazanın tez-tez yenilənməsi arzuedilən olmadığından, gələcəkdə perspektiv vəd edən bazarların da əvvəlcədən nəzərə alınması məqsədəuyğun görünür. Eyni zamanda, dövlət vəsaitinin bölüşdürülməsi mexanizmi də tam şəffaf və aydın meyarlar əsasında qurulmalıdır. Sahibkarlar hansı şərtlər daxilində dəstək ala biləcəklərini əvvəlcədən bilməli, qərarların qəbulunda bərabər və ədalətli yanaşmanın gerçəkləşdirilməsini diqqət mərkəzində saxlamalıdırlar.

Təbii ki, burada əsas məsələlərdən biri də müraciət prosedurlarının sadələşdirilməsi ilə bağlıdır. Xüsusilə mikro, kiçik və orta sahibkarların əlavə sənədləşmə və bürokratik çətinliklərlə üzləşməməsi üçün proses maksimum elektronlaşdırılmalı və operativ şəkildə təşkil edilməlidir.

Nəhayət, ayrılan dövlət vəsaitinin real nəticələrinin qiymətləndirilməsi üçün konkret performans göstəriciləri müəyyənləşdirilməlidir. Dəstəyin qeyri-neft ixracının həcminə, yeni bazarların əldə olunmasına, sahibkarların xərclərinin azalmasına və ümumilikdə ixrac fəaliyyətinin genişlənməsinə təsiri mütəmadi şəkildə təhlil edilməlidir. Bu, proqramın səmərəliyini ölçməyə və zərurət yarandıqda mexanizmdə təkmilləşdirmələr aparmağa imkan verəcək.

Bütün bu amillər nəzərə alınarsa, yeni dəstək mexanizmi həm sahibkarların fəaliyyətinin genişlənməsinə, həm də Azərbaycanın qeyri-neft ixracının dayanıqlı inkişafına əhəmiyyətli töhfə verə bilər.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat