Özbəkistan paytaxtında keçirilən V Beynəlxalq İnvestisiya Forumunda iştirak edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, həmçinin Belarus, Tacikistan, Qırğızıstanın hökumət başçıları Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olublar.
Özbəkistanın Baş naziri Abdulla Aripov qonaqlara İslam Sivilizasiyası Mərkəzi haqqında müfəssəl məlumat verib. Qeyd olunub ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Qərarı ilə təsis edilən İslam Sivilizasiyası Mərkəzinin təməli 2018-ci ildə qoyulub. Layihənin həyata keçirilməsində yüzlərlə alim, ekspert, həmçinin dini və ictimai xadim iştirak edib.
Bildirilib ki, Səmərqənd şəhərinin qədim memarlıq abidələri üslubunda hazırlanmış mərkəz 10 hektardan çox ərazini əhatə edir. Buraya tədqiqat, nadir əlyazmaların milli reyestrinin aparılması, əlyazmalar fondu, kitabxana və arxivlər, nəşriyyat şöbələri daxildir. Mərkəzdəki sərgi qalereyasında müxtəlif tarixi dövrlərə aid əşyalar və əsərlər təqdim olunur, əcdadların yaradıcılıq potensialı müasir texnologiyalar və rəqəmsal cihazların köməyi ilə nümayiş etdirilir. Onun muzey ekspozisiyası “İslamdan əvvəl sivilizasiyalar”, “Birinci İntibah dövrü”, “İkinci İntibah dövrü”, “XX əsrdə Özbəkistan”, “Yeni Özbəkistan – Üçüncü İntibahın əsası” və “Müqəddəs Quran” adlı zallardan ibarətdir.
***
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova Özbəkistana işgüzar səfəri çərçivəsində beynəlxalq media layihəsi olan “Bright Uzbekistan” jurnalının xüsusi buraxılışı təqdim edilib.
Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.
Qeyd olunub ki, jurnalın Azərbaycanla bağlı nəşr edilən 3-cü və 4-cü xüsusi buraxılışları xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin dövlətçilik irsinə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkənin əldə etdiyi uğurlara həsr olunub.

