İslam İnkişaf Bankı Qrupunun Bakıda keçirilən illik toplantısı çərçivəsində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə Azərbaycan arasında bir sıra sazişlərin mübadiləsi həyata keçirilib.
Qeyd edək ki, ICD ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında imzalanmış saziş ölkəmizdə maliyyə, investisiya və konsaltinq imkanlarının araşdırılması üzrə əməkdaşlığı nəzərdə tutur. Qurumun Azərbaycan Biznesin İnkişafı Fondu ilə arasında imzaladığı sənəd isə yerli valyutada maliyyə institutlarına kredit xətlərinin təqdim edilməsini və həmin vəsaitlərin özəl sektor şirkətlərinin maliyyələşdirilməsinə yönəldilməsini əhatə edir. Sözügedən sazişin dəyəri 200 milyon manat təşkil edir.
Toplantı çərçivəsində ICD Türk İnvestisiya Fondu ilə 50 milyon ABŞ dolları həcmində çərçivə sazişi, “Azerbaijan Connect Group” ilə 20 milyon dollar həcmində birbaşa maliyyələşdirmə xətti, eləcə də “TuranBank” ilə 15 milyon dollar həcmində kredit xəttinin verilməsinə dair razılaşma mübadiləsi həyata keçirib. Sözügedən kredit xətti ICD tərəfindən banka təqdim ediləcək və vəsaitlər Azərbaycanın özəl sektorunda uyğun meyarlara cavab verən şirkətlərin maliyyələşdirilməsinə yönəldiləcək.
Bununla yanaşı, Beynəlxalq İslam Ticarət Maliyyəsi Korporasiyası ilə “Rabitəbank” arasında maliyyələşdirmə şərtlərinə dair 10 milyon dollar məbləğində məktub imzalanıb. Ümumilikdə isə, imzalanan sənədlərin dəyəri 295 milyon dollar təşkil edib.
XQ

