İspan zabitin xatirələrində Qarabağ xanlığının son dövrü

post-img

1818-ci ildə İspaniyadan sürgün edilən Xuan Van Qalen (1788-1864) 18 ay çar ordusunda xidmətdə olmuşdur. O, həmin vaxt Qafqazın çar Rusiyasına birləşdirilməsi qəsbkarlığında da iştirak etmişdir. 1820-ci ilin may ayında isə ispan zabit Azərbaycanda olmuş, Qarabağ xanı Mehdiqulu xan və Şirvan xanı Mustafa xanla görüşmüşdür. O, xatirələrində ermənilərin Nuxaya köçürülməsindən, Şəki Xan sarayından, Gəncədən, Şirvandan, Şahbulaq qalasından, Şuşadan geniş söhbət açmışdır. Don Xuanın sürgün müddətində qələmə aldığı xatirələri 1828-ci ildə Nyu-Yorkda ingilis dilində nəşr olunmuşdur.

Əsərin 34-cü fəslində Van Qalen Qarabağ səfərindən söhbət açır. Müəllif qeyd edir ki, xanlığın məhsuldar torpaqları, səfalı təbiəti, şəfalı havası var. Şuşada sərraclıq sənətinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb: “Asiyanın heç bir şəhərində Şuşadakı kimi zövqlü və möhkəm yəhər hazırlanmır. Bu mahir sənətkar əl işinin ən maraqlı nümunəsi təkcə yəhərin naxışlı olması deyil, həm də üzəngi və yüyənin də onunla birlikdə hazırlanmasıdır”.

Qarabağ xanı Mehdiqulu xanla görüşən Van Qalen onu belə təsvir edib: “Xan 45-50 yaşlarında, uzunboy, bütün tatarlar kimi qarayanız idi – qəhvəyi gözləri və saqqalı vardı. Amma gəncliyində farslarla döyüşlərdən birində burnunun yarısını itirdiyi üçün görünüşcə elə də baxımlı deyildi. Biz Şuşadan keçdiyimiz vaxt o, Şahbulaq yolunun yaxınlığındakı təpələrdən birinin üzərində, çox xoş bir mövqedə yerləşən qonşu qalalardan birində peyğəmbərin sadiq bir ardıcılı kimi yaşayırdı”.

Don Xuan xatirələrində Qarabağ xanının Avropasayağı süfrə açmasından Şuşanın yeniliklərə açıq, inkişaf etmiş şəhər olmasının sübutu kimi bəhs edib: “Zala qayıdanda biz Avropa üslubunda yemək stolu gördük – salfet, bıçaq, çəngəl, stəkan, su sürahiləri və s.”.

Əsərdə yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şahbulaq qalası haqqında da maraqlı qeydlər var. “Şahbulaq daha yaxşı mühafizə məqsədilə səngər (torpaq bəndi) ilə əhatə olunmuş qədim bir qüllədən ibarətdir və ətraf ərazilərə hakim olan bir təpənin üzərində yerləşir. Onun bağı və postda saxlanılan atlar üçün kifayət qədər otu olan çəmənliyi vardı. Şahbulaqla Şuşa arasında yerləşən Əsgəranı bir qədər keçdikdən sonra qüllələrlə taclanmış dar bir dərəyə daxil olduq; burada dərənin yan tərəflərində hələ də orda-burda qırx–əlli tuaz (toise – Fransada 1,9 metr) hündürlüyündə olan qədim divarlar qalmışdı. Ətraf ərazilərin sıldırım relyefi səbəbindən yanından keçilməsi çətin olan bu divar, şübhəsiz ki, qədim dövrlərdən ölkənin daxili hissələrinə gedən yol üzərində bir sədd rolunu oynayırdı. Bu dar dərədən sonra yol, demək olar ki, keçilməz hala düşür və paytaxta qədər fasiləsiz bir yoxuş şəklində davam edir”.

Ümumiyyətlə, Van Qalenin xatirələri XIX əsrin əvvəllərində Qarabağın siyasi, sosial və mədəni mənzərəsini əks etdirən mühüm ilkin mənbələrdən biridir. Müəllifin bilavasitə müşahidələrə əsaslanan qeydləri Qarabağın təbii-coğrafi üstünlüklərini, şəhər mədəniyyətinin səviyyəsini və yerli idarəçilik ənənələrini aydın şəkildə nümayiş etdirir. Xüsusilə Şuşa, oradakı həyat tərzi, məişət elementləri haqqındakı məlumatlar şəhərin regionun inkişaf etmiş mədəni-siyasi mərkəzlərindən biri olduğunu təsdiqləyir.

Van Qalenin Qarabağ xanı Mehdiqulu xanla görüşü və onun təsviri xanlığın idarəçi elitasının xarici əlaqələrə və yeniliklərə açıq olduğunu təsdiq edir. Eyni zamanda, Şahbulaq qalası və Əsgəran–Şuşa yolu haqqında verilən məlumatlar Qarabağın hərbi-strateji əhəmiyyətini, müdafiə sistemlərinin qədimliyini və düşünülmüş şəkildə qurulduğunu göstərir.

Zəminə RƏSULOVA,
Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi

Sosial həyat