ATU-da autizmli uşaqlar arasında stolüstü tennis üzrə Nəsimi rayon turniri keçirilib

post-img

Azərbaycan Tibb Universitetində (ATU) Bakı şəhər Gənclər və İdman İdarəsi, “Yaşam” İnklüziv Psixoloji Bərpa Mərkəzi və ATU-nun “Təbib” Tədris-İdman Mərkəzinin birgə təşkilatçılığı ilə “Bakı 2026 - Dünyanın İdman Paytaxtı” seçilməsi münasibətilə autizmli uşaqlar arasında stolüstü tennis üzrə Nəsimi rayon turniri keçirilib. 

Turnirin əsas məqsədi autizmli uşaqların idmana cəlb olunması, onların fiziki və sosial inkişafının dəstəklənməsi, həmçinin cəmiyyətə inteqrasiyasının təşviq edilməsidir.

Tədbirdə açılış nitqi ilə çıxış edən ATU-nun “Təbib” Tədris İdman Mərkəzinin müdiri, beynəlxalq dərəcəli hakim Qələndər Aslanov turnirin əhəmiyyətindən danışıb, yarış iştirakçılarına uğurlar arzulayıb. 

ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Mahir Səfərov autizmli uşaqların cəmiyyətə inteqrasiyasında bu cür layihələrin mühüm rol oynadığını vurğulayıb. O, uşaqların fiziki və sosial inkişafına yönəlmiş təşəbbüslərin daim dəstəklənməsinin vacibliyini qeyd edərək idmançılara uğurlar arzulayıb.

Bakı Şəhər Gənclər və İdman İdarəsinin idman sektorunun müdiri Rəşad Əliyev də belə tədbirlərin uşaqların idmana marağının artırılması və sosial fəallıqlarının gücləndirilməsi baxımından əhəmiyyətini qeyd edərək yarış iştirakçılarına müvəffəqiyyətlər diləyib.

“Yaşam” İnklüziv Psixoloji Bərpa Mərkəzinin idman məsələləri üzrə əməkdaşı Əliniyaz Mirzəyev çıxışında tədbirin təşkilində göstərilən dəstəyə görə təşəkkürünü bildirib, belə təşəbbüslərin uşaqların sosial bacarıqlarının inkişafına və fəal həyata qoşulmasına mühüm töhfə verdiyini qeyd edib. O, Azərbaycan Tibb Universiteti ilə əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümid etdiyini vurğulayıb.

ATU-nun Psixiatriya kafedrasının tədris hissə müdiri Nərmin Quliyeva isə turnirə qatılan bütün autizmli uşaqların artıq bir qalib olduğunu diqqətə çatdırıb. N.Quliyeva uşaqların təşviş səviyyəsini azaltmaq və onları yarışa daha rahat hazırlamaq məqsədilə tədbirin ikinci hissəsinin qeyri-formal keçiriləcəyini qeyd edib. Bunun ardınca uşaq psixiatrı Pərvin Müslümzadə, klinik psixoloq və Koqnitiv-Davranış Terapiyası mütəxəssisi Günay Süleymanova, eləcə də həkim-rezident, psixiatr Dr. Nigar İsgəndərovanın iştirakı ilə stolüstü tennis yarışından öncə autizm spektr pozuntusu olan yeniyetmələrin psixoloji hazırlığı üçün seminar və birgə oyun formatında xüsusi mərhələ keçirilib.

Rəsmi hissənin ardından iştirakçılara yarış qaydaları izah olunub və stolüstü tennis turnirinə start verilib.

Yarış iki qrup üzrə keçirilib və nəticələrə əsasən qaliblər müəyyənləşib. Birinci qrupda Amin Hacıyev I yerə, Sənan Həsənov II yerə, Xəqan Əliyev III yerə, Yunis Babayev isə IV yerə layiq görülüb. İkinci qrup üzrə keçirilən yarışda isə Hüseyin Məmmədov I yeri, Zeynal Mütəllimov II yeri, Onur Ata Aslanov III yeri, Cahid Vəliyev isə IV yeri tutub.

Nəticələr bəlli olduqdan sonra təntənəli təltifolunma mərasimi keçirilib. Qaliblər və fəal iştirakçılar təşkilatçılar tərəfindən medal, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

















Sosial həyat