Süni intellekt dövründə təhsilin yeni çağırışları

post-img

XXI əsrin ilk onilliklərində təhsilin rəqəmsallaşdırılması qlobal təhsil siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir. İnformasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı, internetin geniş yayılması, planşet və noutbukların əlçatan olması, elektron dərsliklərin və onlayn təhsil platformalarının meydana çıxması təhsil sistemində yeni ümidlər yaratmışdı. Bir çox təhsil siyasətçiləri, ekspertlər və texnologiya şirkətləri hesab edirdilər ki, məktəblərin və universitetlərin rəqəmsallaşdırılması təhsilin keyfiyyətini avtomatik şəkildə yüksəldəcək, öyrənmə prosesini daha səmərəli və əlçatan edəcəkdir.

Lakin son illərdə aparılan tədqiqatlar göstərir ki, rəqəmsallaşma ilə təhsilin keyfiyyəti arasındakı əlaqə düşündüyümüz qədər sadə deyil. Xüsusilə İsveç, Finlandiya, Norveç və Niderland kimi təhsillərini  yüksək rəqəmsallaşmış ölkələrdə aparılan müşahidələr və tədqiqatlar təhsil ictimaiyyətini yeni suallar üzərində düşünməyə məcbur etmişdir. Bu ölkələrdə şagirdlərin oxu-anlama bacarıqlarında geriləmə, diqqət problemlərinin artması, dərin düşünmə və refleksiya qabiliyyətlərinin zəifləməsi müşahidə olunur.

Beləliklə, təhsil tarixində yeni bir paradoks yaranmışdır: texnologiya inkişaf etdikcə təhsilin keyfiyyəti avtomatik olaraq yüksəlməyə bilər.

İsveç təcrübəsi və rəqəmsallaşmanın yenidən qiymətləndirilməsi

Rəqəmsal təhsil siyasətinin ən fəal tərəfdarlarından biri uzun illər İsveç olmuşdur. İsveç hökuməti məktəblərdə planşetlərin, kompüterlərin və elektron resursların geniş tətbiqini dəstəkləmiş, rəqəmsal texnologiyaları gələcəyin təhsil modelinin əsas elementi kimi təqdim etmişdir. Lakin son illərdə bu yanaşma yenidən nəzərdən keçirilməyə başlanmışdır. İsveç məktəblərində mobil telefonların istifadəsinin məhdudlaşdırılması, elektron vasitələrin payının azaldılması və fiziki kitablarla əl yazısına yenidən üstünlük verilməsi təsadüfi qərar deyil.

Burada əsas məsələ texnologiyanın özü deyil. Problem texnologiyanın pedaqoji məqsədləri üstələməsi və bəzən öyrənmə prosesinin mahiyyətini kölgədə qoymasıdır. Təhsil yalnız informasiyanın əldə edilməsindən ibarət deyil. Öyrənmə diqqət, yaddaş, təfəkkür, refleksiya, emosional iştirak və sosial qarşılıqlı əlaqələr kimi mürəkkəb psixoloji mexanizmlər üzərində qurulur. Rəqəmsal texnologiyalar isə bu mexanizmlərə həm müsbət, həm də mənfi təsir göstərə bilər.

Texnologiya niyə gözlənilən nəticəni vermədi?

Rəqəmsallaşmanın paradoksunun əsas səbəbi texnologiyanın pedaqogikadan daha sürətlə inkişaf etməsidir. Yeni tətbiqlər, sosial şəbəkələr, süni intellekt sistemləri və rəqəmsal platformalar bazara çox sürətlə daxil olur. Lakin onların insan beyninə, diqqətə, yaddaşa və öyrənmə qabiliyyətinə təsirini qiymətləndirmək üçün uzunmüddətli elmi araşdırmalara ehtiyac vardır. Bəzən bu tədqiqatlar on il və ya daha çox vaxt tələb edir.

Nəticədə təhsil sistemi müəyyən mənada eksperimental laboratoriyaya çevrilir. Əvvəl texnologiya tətbiq edilir, onun nəticələri isə sonradan öyrənilir. Bu isə təhsil siyasətində müəyyən risklər yaradır.

Kağız kitab və ekran oxusu arasındakı fərq

Son illərdə neyropsixologiya və təhsil elmləri sahəsində aparılan tədqiqatlar kağız üzərində oxuma ilə ekrandan oxuma arasında əhəmiyyətli fərqlərin olduğunu göstərmişdir. Kağız kitab oxuyan insan mətnin strukturunu daha yaxşı qavrayır, hadisələr və anlayışlar arasında əlaqələri daha asan qurur və məlumatı uzunmüddətli yaddaşda daha effektiv saxlayır.

Ekran oxusu isə daha çox sürətli baxış, skan etmə və səthi qavrama ilə xarakterizə olunur. İnsan ekranda məlumatı daha tez əldə etsə də, onun üzərində daha az düşünür. Bu səbəbdən bir çox alimlər xüsusilə məktəb mərhələsində fiziki kitabların əvəzolunmaz rol oynadığını vurğulayırlar.

Əl yazısının beyin inkişafındakı rolu

Müasir neyrobiologiya əl yazısının sadəcə yazı texnikası olmadığını göstərir. Əl ilə yazarkən beynin bir neçə sahəsi eyni vaxtda aktivləşir. Görmə, diqqət, motor hərəkətləri və yaddaş sistemləri paralel şəkildə işləyir. Bu proses məlumatın daha yaxşı mənimsənilməsinə və uzunmüddətli yaddaşda saxlanmasına kömək edir.

Klaviatura ilə yazmaq sürətli ola bilər, lakin sürət həmişə keyfiyyət demək deyil. Bu səbəbdən ibtidai və orta təhsildə əl yazısının qorunması yalnız ənənəyə bağlılıq deyil, həm də elmi əsaslandırılmış pedaqoji zərurətdir.

Tam rəqəmsal məktəb niyə risklidir?

Rəqəmsal texnologiyaların tədrisdə geniş tətbiqi mühüm üstünlüklər yaratsa da, tam rəqəmsal məktəb modeli müəyyən təhlükələr daşıyır. Bunlar arasında diqqət dağınıqlığı, ekran asılılığı, səthi öyrənmə, sosial bacarıqların zəifləməsi, oxu mədəniyyətinin geriləməsi və tənqidi düşüncənin zəifləməsi xüsusi yer tutur.

Bu səbəbdən tam rəqəmsallaşma optimal model hesab edilmir. Eyni zamanda yalnız kağız kitab və lövhə üzərində qurulmuş ənənəvi məktəb də XXI əsrin tələblərinə cavab vermir. Belə modeldə rəqəmsal savadlılıq və süni intellekt bacarıqları formalaşmır.

Hibrid təhsil modeli optimal həlldir

Müasir təhsil araşdırmalarının gəldiyi nəticə ondan ibarətdir ki, nə tam rəqəmsal, nə də tam ənənəvi model məqsədəuyğundur. Ən optimal yanaşma hibrid modeldir. Bu modeldə kağız kitablar, oxu mədəniyyəti və əl yazısı qorunur, eyni zamanda rəqəmsal texnologiyalar layihə fəaliyyəti, proqramlaşdırma, məlumat analitikası və süni intellekt tətbiqləri üçün istifadə edilir.

Azərbaycan üçün də mərhələli yanaşma daha məqsədəuyğundur. İbtidai siniflərdə kitab əsaslı təhsil və minimum ekran istifadəsi, orta siniflərdə qarışıq model, yuxarı siniflərdə isə süni intellekt savadlılığı və tədqiqat yönümlü rəqəmsal fəaliyyətlərin artırılması daha səmərəli görünür.

“Google Nəsli”ndən “Süni İntellekt Nəsli”nə keçid

Məktəblərdə müşahidə olunan problemlər universitetlərdə daha mürəkkəb formada özünü göstərir. Əgər məktəbdə əsas problem oxu və diqqət bacarıqlarıdırsa, universitetdə məsələ artıq analitik təfəkkür, elmi düşüncə və tədqiqat mədəniyyəti ilə bağlıdır.

2008-ci ildə alimlər “Google nəsli” anlayışını irəli sürmüşdülər. Bu nəsil məlumatı yadda saxlamağa çalışmırdı, sadəcə onu haradan tapacağını bilirdi. Bu gün isə yeni mərhələ yaranmışdır – “Süni İntellekt Nəsli”. Artıq tələbə yalnız məlumat axtarmır; süni intellekt onun yerinə məlumat toplayır, təhlil edir, mətn yazır və təqdimatlar hazırlayır.

Universitetlərin qarşılaşdığı yeni problemlər

Bu transformasiya bir sıra ciddi problemlər yaradır.  Birincisi, dərin oxu qabiliyyəti zəifləyir. Bir çox tələbə uzun mətnləri izləməkdə və mürəkkəb arqumentləri anlamaqda çətinlik çəkir.  İkincisi, “bilik illüziyası” fenomeni yaranır. Tələbə cavabı əldə edir, lakin onu mənimsəmir. O, məlumatın məntiqini və nəzəri əsaslarını dərk etmir.  Üçüncüsü, akademik yazı bacarıqları zəifləyir. Esse yazmaq, arqument qurmaq və elmi məqalə hazırlamaq tələbələr üçün getdikcə daha çətin vəzifəyə çevrilir.  Dördüncüsü, süni intellekt asılılığı yaranır. Referatlar, təqdimatlar və hətta tədqiqat xülasələri AI sistemlərinə həvalə edilir. Bu isə tələbənin düşünmə əzələlərinin inkişafını zəiflədir.  Beşincisi, tənqidi düşüncə zəifləyir. Elmi inkişaf cavablardan deyil, suallardan başlayır. Süni intellekt isə çox vaxt hazır cavablar təqdim etdiyindən sual vermək mədəniyyətini zəiflədə bilər.

Gələcəyin universiteti düşünmə laboratoriyasıdır

Bütün bu problemlərə baxmayaraq, süni intellekt universitetləri əvəz etməyəcək. Əksinə, onların əhəmiyyətini artıracaq. Lakin universitetin funksiyası dəyişəcək. Əvvəllər universitet bilik mənbəyi idi. Bu gün isə o, düşünmə laboratoriyasına çevrilməlidir.

Gələcəyin universiteti aşağıdakı bacarıqları inkişaf etdirməlidir: tənqidi düşüncə; elmi metodologiya; mənbələrlə işləmək; mürəkkəb problemlərin həlli; yaradıcılıq; etik qərarvermə; süni intellektlə əməkdaşlıq bacarıqları.

“Qarabağ Universiteti” və yeni model

Yeni yaradılan “Qarabağ Universiteti” üçün bu istiqamətdə xüsusi imkanlar mövcuddur. Universitet klassik modelin təkrarına çevrilmək əvəzinə “İnsan Zəkası + Süni Zəka” konsepsiyasını əsas götürə bilər. Burada məqsəd daha çox rəqəmsallaşmaq deyil, insanın düşünmə potensialını süni intellektin imkanları ilə birləşdirmək olmalıdır.

Kitab, akademik yazı və tənqidi düşüncə qorunmalı, eyni zamanda süni intellekt alətləri, data analitikası və rəqəmsal platformalar tədrisin ayrılmaz hissəsinə çevrilməlidir.

İsveç məktəblərində başlayan müzakirələr əslində bütün dünya təhsil sistemləri üçün xəbərdarlıq xarakteri daşıyır. Rəqəmsallaşma problemi texnoloji problem deyil; əsas məsələ texnologiyanın düşünmə prosesini əvəz etməyə başlamasıdır. Əgər məktəblər və universitetlər rəqəmsallaşmanı məqsəd kimi qəbul etsələr, nəticədə məlumatı sürətlə əldə edən, lakin onu dərin təhlil edə bilməyən məzunlar yetişə bilər.

Süni intellekt dövründə təhsilin əsas missiyası məlumat ötürmək deyil, düşünməyi, araşdırmağı, şübhə etməyi və süni intellektlə birlikdə işləməyi öyrətməkdir. Gələcəyin uğurlu məzunu süni intellektdən istifadə etməyi bacaran deyil, onun təqdim etdiyi cavabları tənqidi şəkildə qiymətləndirə bilən insan olacaqdır. Təhsilin məqsədi rəqəmsal məktəb və ya rəqəmsal universitet yaratmaq deyil, düşünən, yaradan və texnologiyanı idarə edən şəxsiyyət formalaşdırmaqdır.

 

İlham Əhmədov 

ADPU-nin dosenti, 

pedaqogika üzrə fəlsəfə doktoru, təhsil eksperti 

 

 

İKT