Səs dalğalarını idarə edən ilk akustik atom mikroçipi hazırlanıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Virciniya Politexnik İnstitutu və Ok-Ric Milli Laboratoriyasının amerikalı tədqiqatçıları elektronlar yerinə birbaşa səs dalğaları ilə işləyən və real atomların davranışını simulyasiya edən "akustik atom" adlı innovativ qurğu kəşf ediblər. Nüfuzlu "Physical Review Letters" elmi jurnalında dərc olunan tədqiqat hesabatına istinadən xəbər verilir ki, ölçüləri adi mikrosxemlə eyni olan bu unikal çip, gələcəyin yüksək enerjiyə qənaət edən yığcam texnologiyalarının yaradılması üçün tamamilə yeni perspektivlər açır. Müasir elektronikada miniatürləşmə prosesi sürətləndikcə və çiplərin ölçüsü kiçildikcə, sistemlərin işi klassik fizika qanunlarından daha çox kvant mexanikasına tabe olmağa başlayır ki, bu da alimlərdən tamamilə fərqli yanaşmalar tələb edir.

Yeni texnoloji cihazın əsas özəlliyi akustik dalğalar üçün xüsusi enerji səviyyələrinə malik olmasıdır. Mühəndislər elektrik sahələrinin köməyi ilə bu səviyyələr arasında keçidlər yarada bilirlər ki, bu da təbiətdəki real atomlarda baş verən daxili proseslərin analoqudur. Layihənin həmmüəllifi, Virciniya Politexnik İnstitutunun dosenti Linbo Şao kəşfin mexanizmini belə izah edir:

"Təbiətdə real atomun müəyyən enerji səviyyələri var və elektronlar bu səviyyələr arasında hərəkət edir. Bizim yaratdığımız akustik atom isə səs dalğaları üçün fərqli enerji səviyyələrinə malik olan bir cihazdır. Xarici elektrik sahələrinin köməyi ilə biz bu səviyyələr arasında keçidlər formalaşdırır və beləliklə, real atomların funksiyasını tamamilə təkrarlayırıq."

Uzunmüddətli perspektivdə bu texnologiya tibbi avadanlıqlardan və telekommunikasiya sistemlərindən tutmuş, avtomobil sənayesinə və süni intellekt platformalarına qədər ən müxtəlif sahələrdə tətbiq olunacaq. Akustik səs dalğalarının adi elektromaqnit dalğalarından ən böyük üstünlüyü ondan ibarətdir ki, səs siqnalları kiçik məsafələrdə yayılan zaman enerjini və informasiyanı öz daxilində daha uzun müddət qoruyub saxlaya bilir. Hazırda mütəxəssislər səs dalğalarını generasiya etmək üçün klassik koherent mikrodalğalı mənbələrdən istifadə edirlər. Alimlərin növbəti hədəfi isə tək bir fonon (səs kvantı) səviyyəsinə nail olmaqdır. Professor Şaonun sözlərinə görə, qarşıda hələ uzun bir araşdırma yolu olsa da, komanda yaxın gələcəkdə birbaşa çip üzərində analoq akustik hesablamalar və siqnalların emalı üçün tam funksional yığcam platforma ərsəyə gətirməyi planlaşdırır.

Hazırladı: 
Arzu ƏLİYEVA
XQ

İKT