Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Müasir İT infrastrukturunda inqilabi addım hesab olunan bu yeni sistem, analoji ənənəvi obyektlərlə müqayisədə tikinti müddətini təxminən 70 faiz qısaltmağa imkan verir. Eyni zamanda, hesablama infrastrukturunun inkişafı üçün daha səmərəli və ekoloji cəhətdən təmiz həllər təklif edir. Sahə mütəxəssisləri tərəfindən çox vaxt hesablama mərkəzinin "ürəyi" adlandırılan bu baza, enerji qovşağı və elektrik təchizatı sistemi funksiyasını yerinə yetirərək, superkompüter güclərinin sabit və fasiləsiz elektrik enerjisi ilə qidalanmasını təmin edir. Məhz bu sistemin etibarlılığı və effektivliyindən data-mərkəzlərin və hesablama komplekslərinin ümumi məhsuldarlığı birbaşa asılıdır.
Xaricdən nəhəng konteyner modulunu xatırladan bu unikal konstruksiyanın uzunluğu təxminən 53 metr, eni isə 41 metr təşkil edir. Obyektin ümumi sahəsi 2200 kvadratmetrə bərabərdir. Standart mühəndislik həlləri ilə müqayisədə yeni baza torpaq resurslarına 30 faizdən çox qənaət edir, ümumi xərcləri təxminən 20 faiz, tikinti-quraşdırma işlərinin xərclərini isə qəti olaraq 80 faizə yaxın azaldır.
Sistemin ən mühüm üstünlüklərindən biri bərpa olunan enerji mənbələrinə birbaşa qoşulma imkanının olmasıdır ki, bu da obyekti tamamilə "yaşıl" elektrik enerjisi ilə təmin etməyə şərait yaradır. Bu ekoloji faktor sayəsində elektrik enerjisinin istismar xərclərini təxminən 30 faiz aşağı salmaq mümkündür. Enerji toplama sistemləri ilə sinxronizasiya edilən baza, həmçinin enerji təchizatı və hesablama yüklərinin intellektual koordinasiya platforması ilə təchiz olunub. Həmin rəqəmsal platforma real vaxt rejimində mövcud enerji resurslarını hesablama sistemlərinin cari ehtiyacları ilə uzlaşdırır, ümumi iş səmərəliliyini artırır və hesablamaların maya dəyərini minimuma endirir.
Məlumdur ki, irihəcmli və resurs tələb edən rəqəmsal əməliyyatların yerinə yetirilməsi zamanı elektrik enerjisinin cəmi bir-iki saniyəlik qısa müddətli kəsilməsi belə, data-mərkəzlərin fəaliyyətində ciddi rəqəmsal pozuntulara, böyük maliyyə itkilərinə və sistem qəzalarına yol açır. Çin mühəndisləri bu qlobal problemi həll etmək üçün yeni modul bazasında bir neçə ehtiyat elektrik dövrəsi (konturu) quraşdırıblar ki, bu da enerji təchizatının etibarlılığını faktiki olaraq 100 faizə çatdırır.
Hazırda layihə operatoru olan şirkətə məxsus ilk obyekt rəsmi olaraq real data-mərkəzinə qoşulub. Cari ilin sonunadək bu texnologiyanın Çinin milli məlumatların emalı klasterlərində və regional hesablama qovşaqlarında geniş tətbiqi planlaşdırılır. Lahiyə tərtibatçıları əmindirlər ki, bu yeni modul texnologiyası süni intellekt, bulud xidmətləri və yüksək məhsuldarlıqlı hesablamalara qlobal miqyasda sürətlə artan tələbatı tam ödəmək iqtidarındadır. O, gələcək nəsil hesablama infrastrukturunun yaradılmasında sürətli, az karbonlu və asanlıqla genişləndirilə bilən ən mükəmməl nümunəyə çevriləcək.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

