Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Gürcüstan Daxili İşlər Nazirliyi ölkə vətəndaşı ilə əcnəbi arasında yaşayış icazəsi və ya viza əldə etmək məqsədilə formal olaraq bağlanan saxta nikahlarla bağlı yeni qanun layihəsi hazırlayıb.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, təklif edilən dəyişikliklərə əsasən, yalnız yaşayış icazəsi və ya ölkədə qanuni qalma hüququ qazanmaq üçün bağlanan belə nikahlar artıq cinayət əməli sayılacaq və məsuliyyət yaradacaq.
Layihəyə görə, bu cür hallarda iştirak edən şəxslərə iki ilədək azadlıqdan məhrumetmə, bir ildən iki ilədək ev dustaqlığı və ya cərimə cəzası tətbiq oluna bilər. Eyni zamanda, qaydanı pozan əcnəbilərin ölkədən çıxarılması və onların Gürcüstan ərazisinə girişinə 2 ildən 10 ilədək qadağa qoyulması nəzərdə tutulur.
Bundan başqa, yeni qaydalar çərçivəsində “Gürcüstan vətəndaşının həyat yoldaşı” adlı xüsusi yaşayış icazəsi statusu da yaradılır. Bu icazə əcnəbinin ölkədə daimi yaşayış hüququ əldə etməsinə qədər keçərli olacaq. Sənəd verilməzdən əvvəl isə xüsusi komissiya nikahın həqiqi olub-olmadığını yoxlayacaq.

