Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəza İdarəsi (NASA) orbiti aşağı düşən elmi peyklərin traektoriyasını qaldırmaq üçün unikal əməliyyata başlayır. Agentlik bu təcrübənin uğurlu olacağı təqdirdə, oxşar xilasetmə planını əfsanəvi "Habbl" (Hubble) teleskopuna da tətbiq etməyi planlaşdırır. Özəl "Katalyst Space" şirkətinin hazırladığı "Link" adlı xidmət aparatı artıq Uollops kosmodromuna çatdırılıb və onun "Pegasus XL" daşıyıcı raketi ilə orbitə buraxılması elə bu ay daxilində gözlənilir.
NASA-nın 30 milyon dollarlıq müqaviləsi çərçivəsində hazırlanan kosmik buksir orbitə çıxdıqdan sonra qamma partlayışlarını izləyən "Swift" rəsədxanası ilə birləşməlidir. Atmosfer müqaviməti səbəbindən hündürlüyünü itirən bu cihazın orbitini qaldırmaq, tamamilə yeni bir rəsədxana qurmaqdan qat-qat ucuz başa gəlir. NASA rəhbərliyi ilk dəfə sınaqdan keçirilən bu missiyanın böyük texniki risklər daşıdığını etiraf etsə də, layihəni iqtisadi cəhətdən tamamilə məqsədəuyğun hesab edir.
"Swift" üzərində qazanılacaq uğurlu təcrübə dünya şöhrətli "Habbl" teleskopunun ömrünü uzatmaq üçün fundamental addım ola bilər. Son ballistik hesablamalara görə, "Habbl" teleskopunun 2033-cü ildə orbitdən çıxaraq atmosferdə yanması gözlənilir. Lakin bu layihənin rəsmən təsdiqlənməsi üçün ciddi bir maliyyə maneəsi var: teleskopun istismarı olduqca bahadır və təkcə 2025-ci maliyyə ilində ona 98,8 milyon dollar vəsait ayrılıb. Əgər alimlər teleskopun cari saxlanma xərclərini optimal səviyyəyə endirə bilsələr və "Habbl"ın orbiti qaldırılarsa, əfsanəvi cihaz daha uzun illər bəşəriyyətə xidmət etməyə davam edəcək.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

