İnsan sağlamlığının ən qiymətli nemətlərindən biri olan görmə qabiliyyətinin itirilməsi milyonlarla insanın həyat keyfiyyətinə ciddi təsir göstərir. Uzun illərdir alimlər korluğun və müxtəlif göz xəstəliklərinin müalicəsi istiqamətində araşdırmalar aparır, lakin itirilmiş görməni tam bərpa etmək hələ də tibbin ən çətin problemlərindən biri hesab olunur. Son dövrlərdə isə ABŞ-da fəaliyyət göstərən tədqiqat institutlarında əldə olunan elmi nailiyyətlər bu sahədə yeni ümidlər yaradıb.
ABŞ-ın Cons Hopkins universitetinin alimləri görmə sistemində zədələnmədən sonra işləyə bilən təbii bərpa mexanizmini aşkar ediblər. Onlar siçanlar üzərində aparılan təcrübələrin görmə ilə əlaqəli bəzi sinir hüceyrələrinin məhv olması halında belə sağ qalan hüceyrələrin yeni budaqlar yaradaraq itirilmiş əlaqələri yenidən qura bildiyini açıqlayıblar. Bu proses alimlər tərəfindən “filizlənmə” (sprouting) adlandırılır.
Araşdırma zamanı müəyyən edilib ki, neyronlar özləri yenidən yaranmır, lakin mövcud hüceyrələr yeni əlaqələr quraraq görmə funksiyasının qismən bərpasına kömək edir. Tədqiqatın nəticələri 2026-cı ilin fevralında elmi jurnal olan “JNeurosci”də dərc olunub.
Maraqlı məqamlardan biri də bərpa sürətinin cinslər arasında fərqli olmasıdır. Təcrübələrdə erkək siçanların dişi siçanlarla müqayisədə daha sürətli və daha tam sağaldığı müşahidə edilib.
Alimlər hesab edirlər ki, bu mexanizmin tam öyrənilməsi gələcəkdə göz və sinir sistemi zədələri nəticəsində yaranan görmə itkisinin müalicəsində yeni imkanlar aça bilər.
Nurəngiz Adilqızı
XQ

