Bu vitaminlərin çatışmazlığı xroniki yorğunluğa səbəb ola bilər

post-img

Müasir həyatın sürətli ritmi, iş yükünün artması və gündəlik stress insanların özlərini daim yorğun hiss etməsinə səbəb olur. Əksər hallarda bu vəziyyət yuxusuzluq, gərgin iş rejimi və ya psixoloji yüklənmə ilə əlaqələndirilir. Lakin alimlər bildirirlər ki, davamlı halsızlıq və motivasiya çatışmazlığının arxasında daha az diqqət yetirilən bir amil – vitamin çatışmazlığı da dayana bilər. Xüsusilə B qrupu vitaminlərinin kifayət qədər qəbul edilməməsi insanın enerji səviyyəsinə və ümumi həyat keyfiyyətinə ciddi təsir göstərə bilər.

Yaponiyanın Osaka Metropoliten Universitetinin alimlərinin apardıqları yeni araşdırma bu mövzuda diqqətçəkən nəticələr ortaya qoyub. Universitetin professoru Hiroaki Kanouçinin rəhbərlik etdiyi elmi qrupu suda həll olunan vitaminlərin çatışmazlığı ilə xroniki yorğunluq sindromunun yaranması arasında qarşılıqlı əlaqə müəyyən edib. Tədqiqatın nəticələri "Medical Xpress"  portalında yayımlanıb və daha sonra “Nutrients” elmi jurnalında dərc edilib. Araşdırmaya rəhbərlik edən Hiroaki Kanouchi və onun komandası B12 vitamini və fol turşusu (B9 vitamini) çatışmazlığı ilə xroniki yorğunluq arasındakı əlaqəni öyrəniblər. 

Tədqiqat çərçivəsində təxminən 600 sağlam yapon iştirakçının qan nümunələri analiz olunub. Alimlər qanda homosistein adlı biomarkerin səviyyəsini ölçərək onu B12 və B9 vitaminlərinin göstəriciləri ilə müqayisə ediblər. Məlum olub ki, homosistein səviyyəsi yüksəldikcə həmin şəxslərdə B12 və B9 vitaminlərinin səviyyəsi azalır. 

Araşdırmanın daha maraqlı tərəfi isə bu göstəricilərin insanların özlərini necə hiss etmələri ilə əlaqəsinin müəyyən edilməsidir. Nəticələr göstərib ki, homosistein səviyyəsi yüksək olan kişilərdə fiziki yorğunluq daha çox müşahidə olunur. Qadınlarda isə eyni göstərici motivasiyanın azalması ilə əlaqələndirilib. 

Analiz zamanı tədqiqatçılar insanın ümumi vəziyyətinə təsir göstərən digər amilləri, o cümlədən sınaqdan keçənlərin yaşını, yuxu müddətini, iş yükünün intensivliyini və qidalanma vərdişlərini də nəzərə alıblar. Müəlliflər vurğulayıblar ki, müasir cəmiyyət şəraitində xroniki yorğunluq problemi sırf fərdi məsələ çərçivəsindən kənara çıxıb.

Mütəxəssislərin fikrincə, B12 vitamini və fol turşusu orqanizmdə hüceyrələrin normal fəaliyyəti, qan yaranması və sinir sisteminin sağlamlığı üçün mühüm rol oynayır. Bu vitaminlərin çatışmazlığı yalnız yorğunluq deyil, həm də diqqət dağınıqlığı, yaddaş zəifləməsi və ümumi iş qabiliyyətinin azalması ilə nəticələnə bilər. 

Araşdırma müəllifləri hesab edirlər ki, homosistein göstəricisinə indiyədək əsasən ürək-damar xəstəlikləri, demensiya və sümük problemləri baxımından diqqət yetirilirdi. Yeni nəticələr isə onun yorğunluq və motivasiya səviyyəsinin qiymətləndirilməsində də əhəmiyyətli ola biləcəyini göstərir. 

Yapon alimlərinin əldə etdiyi nəticələr bir daha göstərir ki, sağlamlıq yalnız kifayət qədər istirahətdən deyil, həm də düzgün qidalanmadan asılıdır. Xroniki yorğunluqla mübarizədə bəzən əlavə istirahət deyil, orqanizmin ehtiyac duyduğu vitamin və mineralların təmin olunması daha vacib rol oynaya bilər. Mütəxəssislər balanslı qidalanmanın, xüsusilə B12 vitamini və fol turşusu ilə zəngin məhsulların gündəlik rasionda yer almasının enerji səviyyəsinin qorunmasına və həyat keyfiyyətinin yüksəlməsinə kömək etdiyini vurğulayırlar. Beləliklə, davamlı yorğunluğun səbəbini yalnız iş yükündə deyil, boş qalan qida boşqabında da axtarmaq lazım ola bilər. 

Nurəngiz Adilqızı

XQ

 

 

Maraqlı