Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
ABŞ-ın Milli Aeronavtika və Kosmos Administrasiyası (NASA) ötən ilin sonunda rabitə əlaqəsi kəsilən "MAVEN" kosmik aparatının fəaliyyətinin bərpasının qeyri-mümkün olduğunu bildirərək, bu elmi missiyanın rəsmən başa çatdığını elan edib. Agentliyin qəza araşdırma komissiyasının rəsmi hesabatına istinadən yayılan məlumata görə, Marsın atmosferini və onun təkamülünü öyrənən bu məşhur stansiya dekabr ayında baş verən ciddi nasazlıqdan sonra növbəti əmrlərə tamamilə cavabsız qalıb. Kosmik aparat Yerlə sonuncu dəfə ötən il dekabrın 6-da, Qırmızı planetin arxa tərəfindən keçərkən əlaqə yaradıb və həmin vaxta qədər bütün daxili sistemlərin normal işlədiyi qeydə alınıb. Lakin cihaz planetin kölgəsindən çıxdıqdan sonra mühəndislərin gözlədiyi siqnal Yerə çatmayıb.
NASA-nın Uzaq Kosmik Rabitə Şəbəkəsi (Deep Space Network) vasitəsilə toplanan son radioaktiv siqnalların analizi qəzanın dramatik xronologiyasını üzə çıxarıb. Məlum olub ki, Marsın arxasından çıxan andaca aparatda qəfil texniki nasazlıq yaranıb, o, dərhal qəza rejiminə keçib və öz oxu ətrafında qeyri-adi dərəcədə yüksək sürətlə fırlanmağa başlayıb. Mütəxəssislərin rəyinə görə, bu nəzarətsiz fırlanma cihazın kosmik məkandakı oriyentasiyasını və orbitini tamamilə pozub, nəticədə batareyaların enerjisi kəskin şəkildə tükənib. Akkumulyatorların gərginliyi kritik həddən aşağı düşdükdə rabitə sisteminin qidalanması dayanıb və "MAVEN" əbədi olaraq susub.
Fevral ayında NASA tərəfindən yaradılan xüsusi komissiya aylarla davam edən araşdırmalardan sonra bu aparatın artıq nə elmi müşahidələr apara biləcəyini, nə də Marsdakı digər missiyalar üçün peyk rabitəsini təmin edə biləcəyini təsdiqləyib. Maraqlıdır ki, ilkin sistem xətasının dəqiq səbəbi hələ də naməlum qalır və yekun qəza hesabatının ilin sonuna qədər dərc olunacağı gözlənilir.
2013-cü ilin noyabrında kosmosa buraxılan "MAVEN" NASA-nın Marsın yuxarı atmosfer təbəqələrini və onun planetar təkamülünü öyrənən ilk ixtisaslaşmış missiyası idi. İlkin olaraq cəmi bir il işləməsi planlaşdırılan kosmik gəmi, nəzərdə tutulan müddətdən demək olar ki, on il daha artıq fəaliyyət göstərib. Öz elmi missiyası ilə yanaşı, bu aparat Yer kürəsi ilə Mars səthində fəaliyyət göstərən "Curiosity" və "Perseverance" kimi məşhur marsoxodlar arasında əsas rabitə retranslyatoru (ötürücüsü) rolunu oynayırdı və alimlərə kosmosdan nəhəng həcmdə məlumatların qəbul edilməsində əvəzsiz xidmət göstərirdi.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

