Əl və bədən gigiyenasında ən çox istifadə olunan vasitələrdən biri sabundur. Son illərdə maye sabunların istifadəsi geniş yayılsa da, ənənəvi bərk sabunlar da öz aktuallığını qoruyub saxlayır. Bu səbəbdən istehlakçılar arasında tez-tez "Maye sabun daha yaxşıdır, yoxsa bərk sabun?" sualı yaranır. Mütəxəssislər bildirirlər ki, bu suala qəti şəkildə bir məhsulun xeyrinə cavab vermək düzgün olmazdı. Çünki hər iki növ sabunun üstün və zəif tərəfləri var.
Araşdırmalar göstərir ki, əllərin sabunla düzgün yuyulması bir çox infeksion xəstəliklərin yayılma riskini əhəmiyyətli dərəcədə azaldır. Bununla belə, istifadə olunan məhsulun tərkibi və dəriyə təsiri də vacib amillərdən hesab olunur.
Mövzu ilə bağlı fikirlərini bölüşən həkim-dermatoveneroloq Nigar Abdullayeva bildirir ki, sabun seçərkən ilk növbədə dərinin tipi nəzərə alınmalıdır.
Onun sözlərinə görə, bəzi bərk sabunlar yüksək qələvi tərkibə malik olduğundan dərinin təbii qoruyucu baryerini zəiflədə və quruluğa səbəb ola bilər: "Xüsusilə quru və həssas dəriyə malik insanlarda tez-tez istifadə olunan aqressiv tərkibli sabunlar dartınma hissi, qabıqlanma və qıcıqlanma yarada bilər. Bu baxımdan nəmləndirici komponentlərlə zəngin məhsullara üstünlük verilməsi tövsiyə olunur."
Maye sabunların isə əsas üstünlüyü onların daha gigiyenik istifadəsidir: "Maye sabun dispenser vasitəsilə istifadə edildiyi üçün məhsula birbaşa təmas azalır. Xüsusilə ictimai yerlərdə bu amil mühüm əhəmiyyət daşıyır. Bundan başqa, bir çox maye sabunların tərkibinə qliserin, aloe vera və digər nəmləndirici maddələr əlavə edilir ki, bu da dərinin yumşaqlığını qorumağa kömək edir."
Mütəxəssisin qənaətinə görə, maye sabunlar gigiyenik istifadə baxımından müəyyən üstünlüklərə malik olsa da, bərk sabunlar da düzgün saxlanıldığı və keyfiyyətli olduğu halda təhlükəsiz hesab edilir və dərinin təmizliyini effektiv şəkildə təmin edir. Bundan əlavə, bərk sabunlar daha az plastik qablaşdırma tələb etdiyi üçün ekoloji baxımdan daha əlverişli seçim sayılır.
Həkim vurğulayır ki, məhsulun maye və ya bərk olması qədər onun tərkibi də vacibdir: "Bəzən insanlar bahalı və ya məşhur məhsulların daha faydalı olduğunu düşünürlər. Halbuki əsas meyar məhsulun tərkibidir. Güclü ətirləndiricilər, boyalar və bəzi kimyəvi əlavələr həssas dəridə allergik reaksiyalara səbəb ola bilər."
Dermatoveneroloq onu da qeyd etdi ki, uşaqların dərisi daha həssas olduğu üçün onların yaşına uyğun, xüsusi hazırlanmış sabunlardan istifadə etmək vacibdir. Belə məhsullar dərini yumşaq şəkildə təmizləyir, təbii nəmlik balansını qorumağa kömək edir və qıcıqlanma riskini azaldır. Mütəxəssis valideynlərə sabun seçərkən tərkibində güclü ətirləndiricilər, boyaq maddələri və aqressiv təmizləyici komponentlər olmayan məhsullara üstünlük verməyi tövsiyə edir.
Beləliklə, sabun seçərkən əsas məsələ onun maye və ya bərk olması deyil. Əsas diqqət məhsulun tərkibinə, dərinin ehtiyaclarına və düzgün istifadə qaydalarına yönəldilməlidir. Mütəxəssislər hesab edirlər ki, düzgün seçilmiş sabun həm gigiyenanı təmin edir, həm də dərinin sağlamlığını qorumağa kömək edir.
Nurəngiz Adilqızı
XQ

