Bakıda “Azerbaijan Jewelry Show” zərgərlik sərgisi keçirilir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bakıda zərgərlik sənayesinə həsr olunmuş “Azerbaijan Jewelry Show” beynəlxalq sərgisi fəaliyyətə başlayıb.

XQ-nin məlumatına görə, tədbirin açılış mərasimində Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müavini Tural Hacılı və Türkiyə nümayəndə heyətinin rəhbəri Gökhan Yalçın çıxış ediblər.

Natiqlər zərgərlik və qiymətli daşlar sektorunun inkişaf perspektivlərindən, beynəlxalq əməkdaşlığın əhəmiyyətindən və bu sahədə fəaliyyət göstərən şirkətlər arasında tərəfdaşlıq imkanlarından bəhs ediblər. Bildirilib ki, Azərbaycanda zərgərlik ənənələri əsrlər boyu formalaşaraq zəngin irs yaradıb. Yerli ustaların hazırladığı sənət nümunələri müxtəlif ölkələrdə nümayiş etdirilərək rəğbətlə qarşılanıb. Qeyd olunub ki, müasir dövrdə bu sənəti yaşadan zərgərlər beynəlxalq bazarlara çıxış əldə edir və fəaliyyətlərini daha da genişləndirirlər.

Rəsmi hissədən sonra iştirakçılar sərgi ekspozisiyası ilə tanış olublar. İyunun 4–6 tarixlərini əhatə edən tədbirdə qiymətli daşlar, qızıl və gümüşdən hazırlanmış zinət əşyaları, investisiya külçələri və sikkələr, bijuteriya məhsulları, qablaşdırma vasitələri, həmçinin zərgərlik istehsalı üçün avadanlıq və texnologiyalar nümayiş olunur. Sərgidə Türkiyə şirkətlərinin istehsal etdiyi məhsullarla yanaşı, Azərbaycan ustalarının hazırladığı eksklüziv əl işləri də ziyarətçilərə təqdim edilir.

Beynəlxalq tədbirdə Azərbaycanla bərabər Türkiyə, ərəb ölkələri, Qazaxıstan, Özbəkistan, Koreya Respublikası, Çin və bir sıra Avropa ölkələrindən olan şirkətlər iştirak edərək məhsul və xidmətlərini nümayiş etdirirlər.























Sosial həyat