Moped sürücüləri üçün yeni qaydalar hazırlanır

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Mopedlərin qeydiyyatı, texniki baxışı, sürücülük vəsiqəsi və icbari sığortası ilə bağlı yeni tələblər müəyyənləşdirilir.

XQ xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iyunun 4-də keçirilən iclasında bununla bağlı qanunvericiliyə dəyişikliklər müzakirə olunub.

Müzakirələr zamanı bildirilib ki, “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanunun icrası ilə əlaqədar bir sıra qanunlara uyğunlaşdırma xarakterli dəyişikliklər təklif edilir. Dəyişikliklərin məqsədi yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin artırılması, mopedlərin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və bu sahədə hüquqi tənzimləmənin təkmilləşdirilməsidir.

Qanunvericiliyə əsasən, mopedlər müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınacaq, onlara dövlət qeydiyyat nişanı veriləcək və yalnız sürücülük vəsiqəsi əsasında idarə olunacaq. Bununla da nəqliyyat vasitəsi sürücüləri üçün nəzərdə tutulmuş bir sıra vəzifələr moped sürücülərinə də şamil ediləcək.

Belə ki, mopedi idarə etmək üçün “A1” kateqoriyalı sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanı tələb olunacaq.

Təklif olunan dəyişikliklər mopedlərin texniki baxışdan keçirilməsi, dövlət qeydiyyatına alınması, sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsi, eləcə də dövlət qeydiyyat nişanlarının təqdim edilməsinə görə dövlət rüsumlarının müəyyənləşdirilməsini nəzərdə tutur. Bundan başqa, qeydiyyatdan keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortalanması da tələb ediləcək.

Məlumata görə, moped kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, elektrik mühərriki ilə və ya iş həcmi 50 kubsantimetrdən çox olmayan mühərriklə hərəkətə gətirilən, maksimal konstruksiya sürəti saatda 50 kilometrdən artıq olmayan iki və ya üç təkərli nəqliyyat vasitəsi hesab olunur.

Sosial həyat