Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
2026-cı ildə planetimiz tarixin ən güclü “El Nino” hadisələrindən birini yaşayacaq. Bu, Sakit Okeanda baş verən və dünyanın bir çox bölgəsində iqlimi dəyişdirən və ekstremal hava hadisələrinə səbəb olan iqlim hadisəsidir. Bu, Avropanı isti və quru yayla təhdid edir və bu müddət ərzində temperatur rekordları qırılacaq. Ekspertlər bunun qeydə alınan ən güclü “El Nino” hadisələrindən biri ola biləcəyini və 2027-ci ilə qədər kəskin qlobal temperatur riskini artıra biləcəyini deyirlər.
Bəs “El Nino” nədir?
“El Nino” (ispan dilində “oğlan”, “uşaq”) tropik Sakit Okeanda baş verən dövri təbii hadisədir. Bu, dəniz temperaturunun yüksəlməsini əhatə edir, Asiya və Cənubi Amerikada əhəmiyyətli iqlim dəyişikliklərinə səbəb olur və bəzi hallarda dünya miqyasında hava şəraitinə təsir göstərir. “El Nino” hər üç-səkkiz ildən bir baş verir və 2026-cı ildə yeni, güclü bir dövrün başlanması gözlənilir.
Alimlər hələ də “El Nino”nun niyə baş verdiyini tam izah edə bilmirlər. Normal şəraitdə Sakit Okean ticarət küləkləri adlanan daimi şərq-qərb küləkləri ilə xarakterizə olunur. Onlar isti suyu Şimali və Cənubi Amerikadan Cənub-Şərqi Asiyaya doğru itələyir və onun yerini dərin okeandan soyuq su tutur. Bu, Peruda və yaxınlıqdakı ərazilərdə sərin və quru hava şəraitinə səbəb olur, İndoneziya və qonşu ölkələrdə isə isti və rütubətli hava şəraiti müşahidə olunur. Küləklərin gücü və hava təzyiqindəki fərq qərbi Sakit okeanda suyun təxminən yeddi dərəcə isti və səviyyəsinin şərqdəkindən 60 sm yüksək olması deməkdir.
ABŞ-nin Okean və Atmosfer Tədqiqatları üzrə Milli İdarəsinin proqnozuna görə, iqlim hadisəsi bu ilin iyun-avqust aylarında yenidən başlayacaq və ən azı 2026-cı ilin sonuna qədər davam edəcək. Həmçinin, meteoroloqlar bildirirlər ki, “El-Nino”nun ən güclü təsiri qarşıdakı qış mövsümündə hiss olunacaq. Nəticədə 2026 və 2027-ci illər meteoroloji müşahidələr tarixində ən isti illərdən biri ola bilər.
Sakit okeanda suyun temperaturunun normadan 1,5-2 dərəcə yüksək olacağı gözlənilir.
Hazırladı:
M.MİRZƏ
XQ

