Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2026-cı ilin may ayı ərzində dövlət sərhədini pozduqlarına görə 20 nəfər saxlanılıb.
DSX-nin mətbuat mərkəzindən XQ-yə verilən məlumata görə, saxlanılan şəxslərdən 7-si İran, 3-ü Azərbaycan, 2-si Mərakeş, 2-si Nigeriya, 2-si Əlcəzair, həmçinin 1 nəfər Əfqanıstan, 1 Türkiyə, 1 Hindistan və 1 Pakistan vətəndaşıdır.
Bildirilib ki, qanunsuz miqrasiyaya qarşı aparılan tədbirlər nəticəsində saxtalaşdırılmış möhür və pasportlardan, eləcə də özgəsinə məxsus sənədlərdən istifadə etməklə sərhədi keçməyə cəhd edən 9 nəfər də saxlanılıb.
Sərhəd rejimi qaydalarını pozduqlarına görə ümumilikdə 211 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri çərçivəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 316 nəfər aşkarlanaraq aidiyyəti qurumlara təhvil verilib. Həmçinin ölkədən çıxışı qadağan edilən 831 nəfərin ölkəni tərk etməsinin, girişinə qadağa qoyulan 8 nəfərin isə ölkəyə daxil olmasının qarşısı alınıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində ümumilikdə 319 kiloqram 182 qram narkotik vasitə və 7 338 ədəd müxtəlif tərkibli həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
Bundan başqa, qaçaqmalçılıqla mübarizə çərçivəsində ümumi dəyəri 5 milyon 609 min 617 manat olan qaçaqmal, o cümlədən ABŞ valyutası, spirtli içkilər, dərman vasitələri və tütün məmulatları aşkar edilərək götürülüb. Bir halda isə narkotik vasitələrin pilotsuz uçuş aparatı vasitəsilə ölkəyə keçirilməsinin qarşısı alınıb.
Qeyd olunub ki, dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində tədbirlər davam etdirilir.

