Çin kosmik sənayedə yeni mərhələyə qədəm qoyur: Raket komponentlərinin istehsalı 90 faiz sürətləndirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Çin alimləri kosmik sənayedə böyük inqilaba imza ataraq, raket istehsalını görünməmiş dərəcədə sürətləndiriblər. Onlar raketlərin ən mühüm hissələrindən birini – nəhəng yanacaq çənlərinin altlığını xüsusi dondurma texnologiyası vasitəsilə cəmi bir neçə saata hazırlamağın yolunu tapıblar.

Dalyan Texnologiya Universitetinin Maşınqayırma Məktəbinin tədqiqatçıları tərəfindən yaradılan və öz miqyasına görə dünyada ilk hesab edilən bu ultra-aşağı temperaturlu qəlibləmə sistemi, kommersiya kosmik sənayesinin inkişafına güclü təkan verəcək. Müasir kosmos sənayesində orbitə peyklərin buraxılması çox vaxt faydalı yükün hazır olmamasından deyil, məhz daşıyıcı raketlərin çatışmazlığından gecikir. Raketlərin istehsal tempini şərtləndirən əsas amil isə yanacaq çənlərinin və onların komponentlərinin hazırlanma sürətidir.

Yeni texnologiya əsasında seriyalı istehsalına başlanılan yanacaq çəni dipliklərinin diametri 2 metrdən böyük, divar qalınlığı isə cəmi 4 millimetr təşkil edir. Konstruksiyanın bu dərəcədə nazik olmasına baxmayaraq, o, start zamanı yaranan güclü vibrasiyalara, zərbə yüklərinə və yüzlərlə ton ağırlığında olan raket yanacağının daxili təzyiqinə tab gətirmək iqtidarındadır. Bu səbəbdən materialın dəqiqliyinə və davamlılığına dair aerokosmik sahənin ən sərt standartları tətbiq olunur.

Onilliklər ərzində tətbiq edilən ənənəvi metodlar mühəndislər üçün ciddi məhdudiyyətlər yaradırdı. Hissə-hissə qaynaq edilən konstruksiyalar birləşmə xətlərinin çoxluğuna görə bəzən etibarlılığı azaldırdı. Digər alternativ üsul – bütöv metal bloku mexaniki emalla yonaraq detalı əldə etmək isə yüksək keyfiyyət təmin etsə də, külli miqdarda material itkisinə və istehsal müddətinin həddindən artıq uzanmasına səbəb olurdu.

Çinli mütəxəssislərin yerli aerokosmik müəssisələrlə birgə qurduğu yeni istehsal xətti ildə təxminən 1000 ədəd bütöv formalı yanacaq çəni dipliyi buraxmaq gücündədir. Texnologiya sayəsində 4 millimetrlik alüminium təbəqə ultra-soyuq mühitdə cəmi bir qəlibləmə əməliyyatı ilə hazır məhsula çevrilir. Bu zaman divar qalınlığındakı yayınma cəmi 0,3 millimetr təşkil edir ki, bu da aerokosmik sənaye üçün mükəmməl dəqiqlik göstəricisidir.

Əvvəllər bir detalın hazırlanması bir həftədən çox vaxt apardığı halda, yeni üsul bütün prosesi bir neçə saata endirib və istehsal dövrünü 90 faizdən çox qısaldıb.

Bu texnologiya ilə istehsal olunan komponentlər artıq real uçuş sınaqlarından uğurla keçib. Onlar Çinin "Long March 12" raketinin ilk uçuşunda və "Long March 7A Y14" daşıyıcı raketinin son buraxılışında tətbiq edilərək ekstremal istismar şəraitində öz etibarlılığını rəsmən təsdiqləyiblər. Hər il orbitə yüzlərlə peyk göndərməyi və şəxsi qlobal peyk şəbəkələrini qurmağı planlaşdıran Çin üçün bu innovativ texnologiya kosmik missiyaların tezliyini artırmağa və istehsalat xərclərini minimuma endirməyə imkan verəcək.

Hazırladı:

Arzu ƏLİYEVA
XQ

Elm