Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı AMEA-da işlər və vəzifələr müzakirə olunub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

İclası giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli gündəlikdə yer alan elmi və elmi-təşkilati məsələlər barədə ətraflı məlumat verib.

Tədbirdə müzakirəyə çıxarılan ilk mövzu Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı AMEA-da görülmüş işlər və qarşıda duran vəzifələr haqqında olub.

Akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələrək bu ilin 27-28 fevral tarixlərində AMEA Rəyasət Heyətində keçirilən “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfrans barədə söz açıb, bu tədbirin türk dünyası üçün müstəsna əhəmiyyətini vurğulayıb.

Konfransda Türk dünyasının elmi qurum və universitetlərindən 85 nümayəndənin iştirak etdiyini və tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən AMEA rəhbəri, iyunun sonunda Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsinin keçiriləcəyini xatırladıb. Həftə ərzində keçiriləcək tədbirlərdə AMEA-nın yüksək səviyyədə iştirakının təmin edilməsi ilə bağlı elmi bölmələrin, institut və təşkilatların rəhbərlərinə tapşırıqlarını verən akademik İsa Həbibbəyli tədbir ərəfəsində Rəyasət Heyətinin binasında və Mərkəzi Elmi Kitabxanada geniş sərgilərin və bölmə iclaslarının təşkil ediləcəyini diqqətə çatdırıb, təşkilati işlərin həyata keçirilməsi məqsədilə müvafiq göstərişlər verib.

AMEA prezidenti Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar Akademiyada keçirilən elmi konfranslar, “Elm” nəşriyyatı tərəfindən çap olunan kitablar, təşkil edilən sərgilər barədə ətraflı məlumat verib, həmçinin türkologiya elmi sahəsində Akademiyada aparılan fundamental tədqiqatların gedişatı və gələcək perspektiv planları da iclas iştirakçılarının diqqətinə çatdırıb. Yubiley tədbirlərinin il boyu davam etdiriləcəyini vurğulayıb.

Sonra Rəyasət Heyətinin Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Sərxan Xavəri Birinci Türkoloji Qurultayla bağlı AMEA-da görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş məruzə ilə çıxış edib.

Məruzəçi qeyd edib ki, bu böyük missiyanın icrası məqsədilə Akademiyada xüsusi qərarlar qəbul edilərək geniş tədbirlər planı işlənib hazırlanıb və bu proses sadəcə bir təqvim hadisəsi kimi deyil, genişmiqyaslı akademik fəaliyyət proqramı kimi reallaşdırılıb. O, Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə bağlı keçirilən tədbirlərin Türk dünyasının ortaq elmi-mədəni dəyərlərinin dərindən öyrənilməsi baxımından mühüm tarixi hadisə kimi dəyərləndirildiyini deyib. Türk dünyasının zəngin mədəni irsini əks etdirən təqdimatların, Birinci Türkoloji Qurultaya dair materialların və nadir arxiv sənədlərinin müasir çağırışlara uyğun olaraq yüksək səviyyədə hazırlandığını diqqətə çatdıran Sərxan Xavəri qarşıdakı dövrdə türkologiya sahəsində əldə olunan elmi nəticələrin fundamental nəşrlərə çevrilməsi və gənc tədqiqatçıların bu elmi proseslərə geniş cəlb edilməsinin mühüm strateji vəzifələr kimi müəyyənləşdirildiyini bildirib.

İclasda mövzu ətrafında akademik Rasim Əliquliyev, akademik İradə Hüseynova, akademik Gövhər Baxşəliyeva, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, professor Nadir Məmmədov, filologiya elmləri doktoru Hikmət Quliyev, texnika elmləri doktoru Hüseyn Hüseynov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və başqaları çıxış edərək, həyata keçirilən işlərin türkologiya elminin gələcək inkişafına mühüm töhfələr verəcəyinə əminliklərini bildiriblər.

Müzakirələrin sonunda Rəyasət Heyəti tərəfindən müvafiq qərar qəbul edilib.

Sonra iclasda AMEA-nın elmi müəssisə və təşkilatlarının, regional elmi bölmə və mərkəzlərinin 2026-cı ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair yarımillik hesabatları ilə bağlı məsələ müzakirə olunub. Akademik İsa Həbibbəyli elmi müəssisə və təşkilatların cari ilin ilk altı ayı ərzində əldə etdiyi mühüm elmi nailiyyətlərin, icra olunan layihələrin, xüsusilə rəqəmsal fəaliyyət və beynəlxalq əlaqələr sahəsində həyata keçirilən işlərin hesabatda dolğun şəkildə əks olunmasının zəruriliyini vurğulayıb. Akademik hesabat dövründə qazanılan uğurların elmi ictimaiyyətə çatdırılması və qarşıdakı yarımildə elmi fəaliyyətin daha da səmərəli təşkili istiqamətində müəssisə rəhbərlərinə tövsiyələrini verib.

Gündəlikdə yer alan növbəti məsələ 2026-cı il üçün AMEA-da doktoranturaya sənəd qəbulunun mövcud vəziyyəti barədə olub.

Akademik İsa Həbibbəyli gənc kadrların elmə cəlb edilməsi və qəbul prosesinin cari gedişatı barədə fikirlərini səsləndirib, AMEA-nın regionlardakı elmi bölmələrində doktorantura yerlərinin səmərəli bölüşdürülməsinin regionlarda elmi potensialın gücləndirilməsi məsələlərinə xüsusi diqqət kimi qiymətləndirib.

Sonra mövzu ilə bağlı çıxış edən dosent Sərxan Xavəri doktorantura qəbul planı barədə statistik məlumatları təqdim edib. Məruzəçi, həmçinin xarici vətəndaşların doktoranturada təhsili ilə bağlı müraciətləri, ümumi plan yerlərinin ötən illərlə müqayisəli statistikası və sənəd qəbulunun gedişatı barədə məlumatları diqqətə çatdırıb.

İclasda akademik İsa Həbibbəyli VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında AMEA-nın iştirakının yekunlarına dair məsələ ətrafında çıxışında Akademiyanın festival çərçivəsindəki təmsilçiliyinin yükdək dəyərləndirib, nümayiş olunan elmi nəşrlər və qurulan mədəni-elmi əlaqələrin uğurlu nəticələrinin əhəmiyyətini diqqətə çatdırıb. Kitab festivalının həm gənc tədqiqatçılar, həm də təcrübəli alimlər üçün böyük bir məktəb olduğunu vurğulayan akademik İsa Həbibbəyli, AMEA alimlərini gələcəkdə də bu kimi beynəlxalq festivallarda fəal iştirak etməyə və elmi nailiyyətlərini beynəlxalq  ictimaiyyətə çatdırmağa səsləyib.

Festivalda Akademiyanın iştirakının yekunları barədə çıxış edən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Mehman Həsənli festival çərçivəsində 18 panel iclasın keçirildiyini, AMEA-nın son illərdə çap olunmuş elmi nəşrlərinin böyük maraqla qarşılandığını, xüsusilə Akademiyanın “Elm” nəşriyyatının festival çərçivəsində fəal mövqe nümayiş etdirdiyini və bu uğurlu təmsilçiliyin akademiyanın beynəlxalq nüfuzuna müsbət təsir göstərdiyini diqqətə çatdırıb.

İclasda həmçinin gündəlikdə duran elmi-təşkilati məsələlərə dair AMEA Rəyasət Heyəti tərəfindən müvafiq qərarlar qəbul edilib.

Anar TURAN





























Elm