Yeni Dövlət Proqramı xidmətlərə əlçatanlıqda bərabər imkanlar və üstün şərait yaradacaq
Prezident İlham Əliyevin 26 may 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” ölkənin sosial-iqtisadi inkişaf siyasətində mühüm strateji sənədlərdən biri olaraq mühüm önəm daşıyır. Bu proqram maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, rəqəmsal maliyyə həllərinin inkişaf etdirilməsi, maliyyə savadlılığının artırılması və bütün vətəndaşların maliyyə sistemindən bərabər şəkildə faydalanmasının gerçəkləşdirilməsini qarşıya prioritet vəzifə kimi qoyur.
Müasir dünyada maliyyə əlçatanlığı iqtisadi inkişafın əsas göstəricilərindən biri hesab olunur. Beynəlxalq təcrübə göstərir ki, əhalinin və sahibkarlıq subyektlərinin bank, sığorta, ödəniş və investisiya xidmətlərinə çıxışının genişləndirilməsi iqtisadi fəallığı artırır, “kölgə” iqtisadiyyatının həcmini azaldır, maliyyə sabitliyini möhkəmləndirir və sosial rifahın yüksəlməsini şərtləndirir. Bununla bağlı Azərbaycan dövlətinin müəyyənləşdirdiyi yeni hədəflər respublikada inklüziv iqtisadi inkişaf modelinin daha da gücləndirilməsinə yönələn mühüm addımdır.
Maliyyə ekosistemində rəqəmsal keçid
Maliyyə inklüzivliyi dedikdə bütün vətəndaşların və biznes subyektlərinin münasib qiymətlərlə təmin olunması, təhlükəsiz və keyfiyyətli maliyyə xidmətlərindən istifadə imkanlarının gerçəkləşdirilməsi nəzərdə tutulur. Buraya bank hesablarının açılması, kreditlərdən istifadə, sığorta məhsullarına çıxış, rəqəmsal ödəniş xidmətləri, investisiya imkanları və digər maliyyə vasitələri daxildir.
Azərbaycanda son illər maliyyə sektorunda mühüm islahatlar həyata keçirilsə də, bu gün bəzi regionlarda yaşayan əhali qruplarının, kənd yerlərində fəaliyyət göstərən sahibkarların, eləcə də mikro və kiçik biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının daha da genişləndirilməsinə ehtiyac duyulur. Adıçəkilən Dövlət Proqramı da məhz bu boşluqların aradan qaldırılmasına yönələn sistemli layihələri özündə birləşdirir.
Təsdiq olunan sənədin başlıca məqsədi isə əhali və mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün maliyyə xidmətlərinə əlçatanlığın artırılması, maliyyə savadlılığının gücləndirilməsi, maliyyə məhsullarının keyfiyyətinin yüksəldilməsi və müştəri məmnuniyyətinin gerçəkləşdirilməsidir. Eyni zamanda maliyyə xidmətlərindən istifadədə bərabərlik və şəffaflığın artırılması da prioritet istiqamətlər sırasındadır. Bu istiqamətlər maliyyə sahəsi ilə bağlı istehlakçı hüquqlarının qorunması, innovativ maliyyə texnologiyalarının tətbiqi və nağdsız ödənişlərin geniş yayılması kimi məsələləri də əhatə edir.
Son illər respublikada rəqəmsal ödənişlərin həcminin sürətlə artması, elektron bankçılıq və mobil tətbiqlərin geniş yayılması xüsusi diqqət çəkir. Bütün bu proseslərin daha da sürətləndirilməsi, şəffaflaşdırılması, eləcə də səmərəliləşdirilməsi qarşıda duran ən mühüm vəzifələrdən biridir. Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Rəqəmsal Dövlət Maliyyəsi Sisteminin artıq işə düşməsi isə bunun bariz ifadəsidir. Maliyyə naziri Sahil Babayevin ölkə mediasına müsahibəsində səsləndirdiyi fikirlərdən də bu, aydın nəzərə çarpır.
Müsahibədə “Biz büdcənin proqnozlaşdırılmasından tutmuş, büdcənin icrası, xəzinədarlığın fəaliyyəti, riskəsaslı yoxlama meyarları – bütün bu elektron platformaları vahid baza üzərində yaradırıq və onlar mərhələlərlə işə salınır”, – deyən S.Babayev əlavə edib ki, hazırda artıq büdcə proqnozlaşdırılmasının böyük bir hissəsi elektron platformalar üzərindən həyata keçirilir. Xəzinədarlıq elektron sistemi ciddi şəkildə yenidən təşkil edilir və artıq xəzinədarlıq ödənişlərinin bank hesablarında olduğu kimi, maksimum bir gün ərzində icrası gerçəkləşdirilir. Bu yeni elektron sistemin ilin sonuna qədər tam fəaliyyətə başlaması ilə planlaşdırılan müddətin iki saata qədər azalacağı gözlənilir.
Yeni proqram sadalanan proseslərin daha da sürətləndirilməsini nəzərdə tutur. Rəqəmsal maliyyə xidmətlərinin inkişafı isə bir neçə üstünlük yaradır. Başqa sözlə, bu, ilk növbədə, vətəndaşların bank şöbələrinə getmədən maliyyə əməliyyatlarını həyata keçirməsinə imkan verir. Digər tərəfdən, maliyyə xidmətlərinin maya dəyərini azaldır, xidmətlərin operativliyini artırır və regionlarda yaşayan insanların maliyyə sisteminə inteqrasiyasını asanlaşdırır. Xüsusilə kənd yerlərində və ucqar yaşayış məntəqələrində rəqəmsal həllərin tətbiqi maliyyə xidmətlərinin coğrafi məhdudiyyətlərini aradan qaldıraraq əlçatanlığın daha da asanlaşmasını şərtləndirir.
Şəffaflıq və vətəndaş məmnuniyyəti
Yeni Dövlət Proqramının prioritet istiqamətlərindən biri də mikro, kiçik və orta biznes subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsidir. Azərbaycanın qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və yeni iş yerlərinin yaradılması baxımından bu istiqamət xüsusi əhəmiyyət daşıyır. Maliyyə əlçatanlığının artırılması isə sahibkarların investisiya imkanlarının genişləndirilməsinə, innovativ layihələrin icrasının sürətləndirilməsinə və regionlarda iqtisadi fəallığın gücləndirilməsinə əlverişli zəmin yaradır.
Bundan savayı, kreditlərə çıxışın asanlaşdırılması, alternativ maliyyələşmə mexanizmlərinin tətbiqi və maliyyə xidmətlərinin keyfiyyətinin artırılması nəticəsində sahibkarlıq mühiti daha da yaxşılaşır. Bu isə iqtisadi artımın davamlılığının möhkəmlənməsinə, məşğulluğun yüksəlməsinə və əhalinin gəlirlərinin artmasına müsbət təsir göstərir.
Maliyyə xidmətlərinin əlçatan olması ilə yanaşı, onlardan səmərəli istifadə bacarığının formalaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan Dövlət Proqramında maliyyə savadlılığının artırılması xüsusi yer tutur. Belə ki, maliyyə savadlılığı insanların gəlirlərini düzgün müəyyənləşdirməyə, qənaət amilinə daim diqqət yetirməyə, riskləri dəqiq qiymətləndirməyə və maliyyə qərarlarını daha düşünülmüş şəkildə qəbul etməyə imkan verir. Xüsusilə gənclər, qadınlar, kənd əhalisi və kiçik sahibkarlar üçün maarifləndirici proqramların genişləndirilməsi maliyyə əlçatanlığının keyfiyyət göstəricilərinin yüksəlməsinə gətirib çıxarır. Bununla yanaşı, maliyyə savadlılığının artırılması vətəndaşların dələduzluq halları və maliyyə riskləri barədə məlumatlılığını da gücləndirir.
Proqramın prioritet istiqamətlərindən biri də maliyyə məhsullarının keyfiyyətinin artırılması və istehlakçı hüquqlarının daha etibarlı qorunması ilə bağlıdır. Çünki müasir maliyyə sistemində vətəndaş etimadı əsas amillərdən biri hesab olunur, eyni zamanda, müştəri məmnuniyyətinin artırılması, xidmətlərin şəffaflığının reallaşdırılması və istehlakçıların hüquqlarının müdafiəsi maliyyə sektorunun dayanıqlı inkişafına xidmət edən əsas şərtlər sırasında yer alır. Dövlət Proqramında bu istiqamətdə nəzərdə tutulan layihələrin icrası ilə maliyyə bazarlarında sağlam rəqabətin sürətlə formalaşması da gözlənilir.
Onu da qeyd etmək lazımdır ki, ölkə Prezidentinin müvafiq sərəncamına əsasən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsi və icrasına nəzarət Azərbaycan Respublikasının Mərkəzi Bankına həvalə olunub. Eyni zamanda, Mərkəzi Bankın proqramın icrası barədə hər il dövlət başçısına hesabat təqdim etməsi qərara alınıb. Tədbirlərin monitorinqi və qiymətləndirilməsi isə Mərkəzi Bankın sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçiriləcəyi nəzərdə tutulub. Bundan başqa, Maliyyə Nazirliyinə proqram çərçivəsində dövlət büdcəsi hesabına maliyyələşdiriləcək tədbirlər üçün zəruri vəsaitlərin 2027–2030-cu illər üzrə büdcə proqnozlarında diqqətə çatdırılması tapşırılıb.
Burada bir məqamı da xatırlatmaq istərdik. Son onilliklər ərzində maliyyə inklüzivliyi dünyanın əksər ölkələrinin iqtisadi siyasətində əsas prioritet istiqamətlərdən birinə çevrilib. Beynəlxalq təcrübə göstərir ki, əhalinin və biznes subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi yoxsulluğun azaldılması, iqtisadi fəallığın yüksəldilməsi, investisiyaların artırılması və sosial rifahın yaxşılaşdırılması baxımından mühüm nəticələr verir.
Beynəlxalq təşkilatların araşdırmaları da göstərir ki, maliyyə sisteminə inteqrasiya olunan hər bir vətəndaş öz gəlirlərini daha səmərəli idarə edir, yığımlarını artırır, sahibkarlıq fəaliyyətinə daha çox meyil göstərir və müxtəlif iqtisadi risklərdən daha yaxşı qoruna bilir. Bu səbəbdən maliyyə inklüzivliyi artıq təkcə bank sektorunun deyil, ümumilikdə, dövlət idarəçiliyinin və sosial siyasətin vacib elementlərindən biri hesab edilir.
Hindistan maliyyə inklüzivliyinin genişləndirilməsi sahəsində son illərdəki fəaliyyəti ilə dünyanın ən uğurlu ölkələrdən biri kimi qiymətləndirilir. Bu dövlətdə hökumətin həyata keçirdiyi genişmiqyaslı proqramlar nəticəsində yüz milyonlarla insanın ilk dəfə bank hesabı açması, rəqəmsal identifikasiya sistemlərinin və elektron ödəniş platformalarının yaradılması ilə bağlı maliyyə xidmətlərinin ən ucqar yaşayış məntəqələrinə qədər çatdırılması vurğulanan fikrin bariz ifadəsidir.
Avropa İttifaqı ölkələrində də maliyyə inklüzivliyi daha çox rəqəmsal transformasiya, istehlakçı hüquqlarının qorunması və maliyyə savadlılığının artırılması istiqamətində inkişaf etdirilir. Burada əsas məqsəd vətəndaşların maliyyə xidmətlərinə çıxışını təmin etmək, həm də həmin xidmətlərin təhlükəsiz, şəffaf və keyfiyyətli olmasına nail olmaqdır. Xüsusilə Skandinaviya ölkələrinin təcrübəsi göstərir ki, nağdsız ödənişlərin geniş yayılması iqtisadiyyatın şəffaflığını artırır, əməliyyat xərclərini azaldır və maliyyə sektorunun səmərəliliyini yüksəldir. Türkiyə, Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrin təcrübəsi də sübut edir ki, müasir maliyyə infrastrukturuna qoyulan investisiyalar iqtisadi artımın sürətlənməsinə, yeni biznes modellərinin formalaşmasına və maliyyə bazarlarının genişlənməsinə şərait yaradır.
Azərbaycanın qəbul etdiyi yeni Dövlət Proqramı da məhz bu qlobal tendensiyalara uyğun olaraq hazırlanıb. Sənəddə nəzərdə tutulan layihələr ölkəmizdə maliyyə xidmətlərinin daha əlçatan, innovativ və təhlükəsiz olmasını reallaşdırmaqla yanaşı, beynəlxalq təcrübədə özünü doğruldan mexanizmlərin tətbiqinə imkan yaradacaq. Burada ən mühüm məqamlardan biri isə ondan ibarətdir ki, Azərbaycan maliyyə inklüzivliyini yalnız bank xidmətlərinin genişləndirilməsi kimi deyil, bütövlükdə, iqtisadi inkişafın, sosial ədalətin və insan kapitalının gücləndirilməsinin vacib vasitəsi kimi qiymətləndirir. Bu yanaşma isə ölkənin uzunmüddətli inkişaf strategiyasına tam uyğun gəlir.
Namiq HÜSEYNOV,
maliyyəçi-ekspert
Prezident İlham Əliyevin mayın 26-da təsdiq etdiyi “Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı” maliyyə sektorunun üzərinə ciddi öhdəliklər qoyur.
Onun sözlərinə görə, Dövlət Proqramında bankçılıq və qeyri-bankçılıq, eləcə də sığorta, investisiya və ödəniş sektorları ilə bağlı konkret hədəflər müəyyən edilib.
Ekspert deyib ki, bu hədəflər Azərbaycanda həm maliyyə xidmətlərindən istifadə üzrə göstəricilərin artırılmasını, həm də bir sıra yenilikləri, məsələn, maliyyə institutlarının “Öz müştərini tanı” sisteminə qoşulmasını, "Açıq sığorta modeli"nin tətbiq edilməsini, fərdi investorlara yönəlmiş azı bir investisiya fondunun yaradılmasını, ödəniş xidməti təchizatçılarının “Açıq bankçılıq” modelini tətbiq etməsini əhatə edir.
“Bu hədəflərə nail olmaq üçün dövlət və ictimai qurumlarla yanaşı, özəl qurumlar da fəal olmalıdır. Söhbət maliyyə bazarı iştirakçılarından – banklar və bank olmayan kredit təşkilatlarından, sığorta və investisiya şirkətlərindən, ödəniş təşkilatlarından gedir. Ən azı iri maliyyə qurumları Dövlət Proqramının icrası ilə bağlı üzərlərinə düşəni etməlidir. Məqsəd inkişaf etmiş ölkələrdə olduğu kimi, əhalinin böyük hissəsinin maliyyə xidmətləri ilə əhatə edilməsidir”, - deyə o vurğulayıb.
Vaqif BAYRAMOV
XQ


