Dünən dünyanın harasında yaşamasından asılı olmayaraq xalqların öz sabahını etibar edəcəyi uşaqların bayramı idi. Bu bayramdan onların nə qədərinə pay düşmüşdü, görəsən? Çalxalanan planetimizdə neçə faiz uşağın üzü gülürdü, hüquqları beynəlxalq səviyyədə müdafiə edilirdi? Onların hamısına, bir günlük də olsa, müharibələrsiz, qansız-qadasız, səfalətsiz dünya bəxş etmək, doğrudanmı mümkün deyil?
Dünən azad Xankəndidəki parkda 3 uşaq oynayırdı. O yan-bu yana qaçan, yelləncəkdə yellənən, əylənən, sevinc dolu səsləri, şən gülüşləri ətrafa yayılan 9 yaşlı Damla, 7 yaşlı Mərd və 2 yaşlı Ayaz elə xoşbəxt görünürdülər ki, yanlarından eləcə keçib getmək, onlara qoşulub uşaqlaşmamaq, şirin dillərindən nəsə eşitməmək mümkünsüz idi!
Damla və Mərd Xankəndiyə olan sevgilərini ifadə etdilər, bir müddətdir yaşadıqları şəhəri təriflədilər. Bir də dedilər ki, məktəbə gedirik, yaxşı oxuyuruq. Məktəbimiz gözəldir, müəllimlərimiz çox mehribandırlar.
Ayazsa hələ yaxşı danışa bilmir, təzəcə tək-tək sözlər deməyi öyrənib. Danışsaydı, yəqin, deyərdi ki, yaşım az olsa da, bu Vətən torpağının neçə-neçə qəhrəman əmilərin, dayıların qanları bahasına azadlığına qovuşduğunu bilirəm. Nənələrin, babaların bu müqəddəs yerlər üçün göz yaşı axıtdıqlarından, illər boyu yurd həsrətindən qovrulduqlarından, inim-inim inlədiklərindən xəbərim var. Deyərdi ki, bir vaxtlar günahsız həmyaşıdlarımı vəhşiləşmiş, insan qanına susamış erməni cəlladları elə bu torpaqlarda qətlə yetiriblər, zülmə, işgəncəyə məruz qoyublar.
Və bir də deyərdi ki, mən azad, müstəqil, suveren Azərbaycanımızın qayğısız övladı kimi böyüyəcəyəm. İndi biz uşaqlar üçün təkcə təqvimin 1 iyunu deyil, hər gün bayramdır!
Dünən uşaqları, əsl sahibləri həyətlərindən birindəki parkda oyunlar oynayan Xankəndinin səması da tərtəmiz, masmavi idi. Daha şəhid ruhlarının razılıqla gülümsədiyi göylər top atəşlərindən qaralmır, hava barıt deyil, azadlıq qoxuyur. Daha on minlərlə uşaq atasız, valideynlər övladsız, bacılar qardaşsız, gənc qadınlar ərsiz qalmaq qorxusu yaşamırlar.
Çox şükür, qalib Azərbaycanımızın işğaldan azad edilən hər qarışına yenidən həyat qayıdır, Qarabağımız, Şərqi Zəngəzurumuz gündən-günə dirçəlir, inkişaf edir. Xankəndidə, Xocalıda, Şuşada, Kəlbəcərdə, Laçında, Ağdamda, bir sözlə, mənfur yağı tapdağından xilas etdiyimiz bütün tarixi yurd yerlərimizdə qayğısız böyüyən sevimli balacaların, şirin fidanların dərdsiz gülüşləri isə bu torpaqların azadlığı naminə çəkilən bütün əziyyətlərin ən böyük mükafatıdır. Dünya birliyinin adınıza ərməğan etdiyi uşaq gününüz mübarək! Siz hüquqları təmin edilmiş, azad Vətənin azad övladlarısınız!
* * *
Dünən Xankəndi şəhərində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə müxtəlif şənliklər keçirildi.
Azərbaycan Futbol Federasiyaları Assosiyasiyasının (AFFA) Sosial və Ətraf Mühit Dayanıqlılığı Şöbəsinin təşkilatçılığı və AFFA hakimlərinin dəstəyi ilə Xankəndidə keçirilən sosial aksiya çərçivəsində şəhərdə yerləşən 1 nömrəli körpələr evi-uşaq bağçasının bu il birinci sinfə gedəcək uşaqlarına məktəb ləvazimatlarından ibarət hədiyyələr təqdim edildi. Mərasimdə
AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı Şöbəsinin rəhbəri Kifayət Mustafayeva uşaqların təhsil və rifahının dəstəklənməsinin vacibliyini vurğuladı.
Hədiyyələri təqdim edən beynəlxalq dərəcəli baş hakim Əliyar Ağayev və beynəlxalq dərəcəli köməkçi hakim Gülnurə Əkbərzadə də uşaqları təbrik etdilər. Aksiya uşaqların təhsilə hazırlığının dəstəklənməsi və onların bayram sevincinin bölüşülməsi məqsədilə təşkil olunub.
* * *
Həmin gün Səhiyyə Nazirliyinin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun ixtisaslı həkimləri Xankəndinin balaca sakinlərini tibbi müayinədən keçirildi.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqlər şöbəsindən XQ-yə bildirilib ki, işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” proqramı çərçivəsində sağlam həyat tərzinin təşviqi məqsədilə təşkil edilən humanitar aksiyanın məqsədi Xankəndidə yaşayan uşaqların sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması, profilaktik tədbirlərin gücləndirilməsi və ixtisaslaşmış tibbi xidmətlərin göstərilməsidir.
İnstitutun əməkdaşları 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri də keçirdilər. Uşaqların sevinc dolu anlar yaşaması, onların bayram əhval-ruhiyyəsini hiss etməsi üçün xüsusi proqram təqdim edildi. Xankəndi şəhəri Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə uşaqlara müxtəlif hədiyyələr paylandı. Sonda havaya sülh və əmin-amanlıq nişanəsi olan ağ və mavi şarlar buraxıldı.
Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri
Xankəndi


