Avropa İttifaqında yeni inkişaf meyilləri

post-img

Veto hüququ və məhdudlaşdırılmış səlahiyyət modeli

Avropa İttifaqı tarixinin ən həssas mərhələlərindən birinə daxil olur. Uzun illər “birləşmiş Avropa” ideyasının əsas dayaqlarından biri hesab edilən genişlənmə siyasəti bu gün artıq dərin siyasi təhlükəsizlik və idarəetmə dilemmasına çevrilib. İttifaq daxilində səslənən yeni təşəbbüslər isə həmin dilemmanı daha da kəskinləşdirir. Artıq gələcək üzv dövlətlərin veto hüququnun müəyyən müddətə məhdudlaşdırılması ideyası müzakirə edilir. Sözügedən yanaşma Avropa Komissiyası daxilində ciddi şəkildə araşdırılan ssenarilərdən biri kimi qiymətləndirilir və onun əsas məqsədi genişlənmə prosesini sürətləndirmək, eyni zamanda, İttifaqın daxili qərarvermə mexanizmini daha dayanıqlı etməkdir.

Məlumdur ki, Aİ son onillikdə genişlənmə prosesində ciddi ləngimələrlə üzləşib. Qərbi Balkan ölkələrinin illərlə davam edən gözləməsi, Moldova kimi yeni iddialı dövlətlərin Avropa inteqrasiyası yolunda artan siyasi iradəsi və eyni zamanda İttifaq daxilində konsensusun əldə edilməsində yaranan çətinliklər Brüsseli yeni model axtarışına sövq edib. Əsas problem isə qərarların yekdillik prinsipi ilə qəbul edildiyi sahələrdə ortaya çıxır. Xarici siyasət, təhlükəsizlik və vergi kimi strateji məsələlərdə bir üzv dövlətin veto hüququ bütün prosesi dayandıra bilir. Yəni həmin mexanizm uzun illər Aİ-nin balans aləti kimi işləsə də, son dövrlər daha çox siyasi bloklama vasitəsinə çevrilib. Hazırda Brüssel rəsmilərinin narahatlığı ondan ibarətdir ki, genişlənmə dalğası bu mexanizmi daha da zəiflədə və İttifaqı daxili parçalanma riski ilə üz-üzə qoya bilər. Ona görə də yeni üzvlərə münasibətdə keçid dövrü üçün veto məhdudiyyəti ideyası gündəmə gəlib. Bugünlərdə müzakirə olunan plana əsasən, Moldova və Qərbi Balkan ölkələri kimi namizəd dövlətlər İttifaqa qəbul olunduqdan sonra müəyyən müddət ərzində tam veto hüququ əldə etməyə bilərlər. Bu, xüsusilə xarici siyasət qərarlarına və yekdillik tələb edən maliyyə mexanizmlərinə aiddir. Yanaşmanın tərəfdarları hesab edirlər ki, yeni üzvlərin dərhal tam veto gücünə sahib olması İttifaqın qərarvermə sistemini iflic vəziyyətinə sala bilər. Onların fikrincə, Avropa İttifaqı genişlənmə prosesini sürətləndirmək istəyirsə, eyni zamanda, öz daxili effektivliyini qorumaq üçün mərhələli inteqrasiya modelinə keçməlidir. Görünür, yeni üzvlər əvvəlcə məhdud səlahiyyətlərlə İttifaqa daxil olacaqlar, müəyyən müddət keçdikdən sonra isə tam hüquqlu üzv statusuna yüksələcəklər. Bununla həm siyasi uyğunlaşma prosesi təmin ediləcək, həm də institusional risklər azaldılacaq.

Hazırda sözügedən müzakirələrin mərkəzində Qərbi Balkanların ən irəlidə gedən ölkələrindən biri – Monteneqro dayanır. Cəmi 624 min əhalisi olan bu kiçik dövlət 14 ildir Avropa İttifaqına üzvlük danışıqları aparır. Monteneqro 2028-ci ilə qədər İttifaqın növbəti üzvü olmağı hədəfləyir. Bu məqsədlə yaxın günlərdə ilk dəfə olaraq üzvlük müqaviləsinin texniki detalları üzərində işləyəcək xüsusi qrup yaradılıb. Bu, uzun illər davam edən danışıqların artıq siyasi bəyanatlardan real hüquqi mexanizmlərə keçdiyini göstərir. Lakin Monteneqronun mümkün üzvlüyü Avropa İttifaqının genişlənmə siyasətinin sınaq modeli kimi də dəyərləndirilir. Əgər veto hüququnun məhdudlaşdırılması ideyası qəbul edilərsə, Monteneqro bu yeni sistemin ilk tətbiq sahələrindən biri ola bilər.

Genişlənmə siyasətinin ikinci mühüm istiqaməti Moldova və Qərbi Balkan ölkələridir. Adıçəkilən regionlar Avropa İttifaqı üçün geosiyasi baxımdan xüsusi əhəmiyyət daşıyır. Xüsusilə Ukrayna müharibəsindən sonra Şərqi Avropada yaranmış təhlükəsizlik mühiti Brüsseli genişlənməni sürətləndirməyə məcbur edən əsas amillərdən biri olub. Moldova kimi ölkələrin Avropa inteqrasiyasına can atması isə prosesə siyasi legitimlik qazandırır. Maraqlısı odur ki, İttifaq daxilində qərarvermə mexanizminin zəifləməsi riski də yüksəlir. Mövcud balansı qorumaq üçün təklif edilən veto məhdudiyyəti ideyası ziddiyyətin nəticəsi kimi ortaya çıxır.

Qısa bir xatırlatma edək: Avropa İttifaqının yeni yanaşmaya yönəlməsinin əsas səbəblərindən biri keçmiş təcrübələrdir. Son illər bəzi üzv dövlətlərin veto hüququndan istifadə edərək ümumi Avropa qərarlarını bloklaması Brüsseldə ciddi narahatlıq yaradıb. Xüsusilə keçmiş baş nazir Viktor Orbanın dövründə Macarıstanın müəyyən xarici siyasət və maliyyə qərarlarına qarşı veto tətbiq etməsi İttifaq daxilində dərin müzakirələrə səbəb olub. Ukraynaya yönəlik 90 milyard avroluq maliyyə dəstəyi paketinin bloklanması gərginliyin ən çox diqqətçəkən nümunələrindən birinə çevrilib. Belə hadisələr göstərir ki, yekdillik prinsipi bəzən strateji qərarların gecikməsinə və ya tamamilə dayandırılmasına səbəb ola bilir.

Veto hüququnun məhdudlaşdırılması ideyası həm də suverenlik anlayışının yenidən interpretasiyası kimi dəyərləndirilir. Yeni üzv dövlətlər üçün bu, İttifaqa daxil olarkən tam siyasi bərabərlik əldə etmədən müəyyən mərhələli inteqrasiya modelinə razılıq vermək anlamına gəlir. Belə olan halda, layihəsinin əsas fəlsəfəsi ilə ziddiyyət təşkil edən bir sual gündəmə gəlir ki, Avropa İttifaqı doğrudanmı bərabər üzvlərin ittifaqıdır? Bəzi analitiklər hesab edirlər ki, sözügedən model İttifaq daxilində “ikisürətli Avropa” anlayışını daha da dərinləşdirəcək. Lakin bunun əksini düşünənlər də az deyil. Yenə də bütün bu müzakirələr göstərir ki, Avropa İttifaqı klassik genişlənmə modelindən tədricən uzaqlaşır və daha çevik, mərhələli inteqrasiya sisteminə doğru hərəkət edir.

Sonda bu nəticəyə gəlmək olar ki, gələcəkdə İttifaqın strukturu daha çox dəyişkən və çoxsürətli ola bilər. Bəzi ölkələr tamhüquqlu üzv kimi fəaliyyət göstərərkən, digərlərinin keçid mərhələsində məhdud səlahiyyətlərlə iştirakı gözləniləndir.

Züriyyə QARAYEVA,
politoloq

Son vaxtlar Brüsseldə müzakirə olunan məsələlər Aİ-nin genişlənmə siyasətində daha çox siyasi zərurət kimi görünür. Macarıstanın son illərdə Ukrayna, sanksiyalar və xarici siyasət qərarlarını bloklaması Aİ daxilində “bir ölkə bütün ittifaqı girov saxlaya bilərmi?” sualını aktuallaşdırıb. Yeni üzvlərin müəyyən müddət veto hüququndan məhrum edilməsi Qərbi Balkanlar, Moldova və gələcəkdə Ukraynanın qəbulunu asanlaşdıra bilər, amma eyni zamanda, “ikinci dərəcəli üzvlük” narahatlığı yarada bilər.

Yəni bu addım parçalanma riskini tam aradan qaldırmır, əksinə, düzgün izah olunmasa, Aİ daxilində yeni narazılıqların yaranmasına yol aça bilər. Qərarvermə mexanizmi islah olunmadığı təqdirdə, veto hüququ səbəbindən ittifaq siyasi iflic vəziyyətinə düşə bilər. Hesab edirəm ki, Aİ modeli tam dağılmasa da, klassik “bərabərhüquqlu üzvlük” anlayışı xeyli dəyişə bilər.

Nəzrin ELDARQIZI
XQ



Siyasət