Tez-tez keçmişə nəzər salır, dahi şəxsiyyətləri, görkəmli insanları xatırlayır, onların taleyi, həyatı barədə düşünürəm. “Nə üçün bu insanlar əzab-əziyyətlərə, məhrumiyyətlərə qatlaşaraq həyatlarını xalqın yolunda qurban vermişlər” sualı ilə hər dəfə qarşılaşanda fikirlərim haçalanır, gözlərimin qarşısında müxtəlif mənzərələr, fikrimdə yeni suallar yaranır: Görəsən Babək, Koroğlu, Şah İsmayıl öz qılıncı, şücaəti, Nizami, Füzuli, Nəsimi, Sabir, Mirzə Cəlil, Səməd Vurğun qələmi, sözü, Dədə Qorqud, Ələsgər sazı, Üzeyir bəy, Qara Qarayev, Arif Məlikov musiqisi, N.Nərimanov, Rəsulzadə cəfakeşliyi, Heydər Əliyev böyük, müdrik siyasəti ilə xalqını, Vətənini ucaltmağa çalışarkən Azərbaycanın belə xoşbəxt, azad, suveren olacağını zənn edirdilərmi? Bu günümüzə, torpaqlarımızın tam azadlığına əmin idilərmi?”
Sualın cavabını tarix özü verir: “Bəli əmin idilər, bu günümüzə inanırdılar və məhz buna görə mübarizə aparır, həyatlarını qurban verirdilər”.
Bu dahi şəxsiyyətlərin, onların timsalında Azərbaycanın gələcəyi üçün əməyi olan hər insanı peşəsindən, vəzifəsindən, dilindən, dinindən asılı olmayaraq bir amal, bir məqsəd birləşdirir. Bu, Vətən, torpaq, xalq sevgisidir, insana məhəbbət, nəslə, kökə sədaqət və hörmətdir.
Ulu öndərimiz Heydər Əliyev dönə-dönə xatırladırdı: “Tarix heç nəyi silmir. Tarix həmişə hər şeyi öz yerinə qoyur”. Əlbəttə belədir, tarix həm də Vətəninin, xalqının, torpağının uğrunda mübarizə aparanları unutmur, onları əbədiləşdirir, əsrlər boyu yaşadır. Heydər Əliyev tarixləşən, əbədiləşən, heç vaxt unudulmayan, daim xatırlanan, böyük hörmət və ehtiramla yad edilən insanların ön sırasındadır.
Əməkdar mədəniyyət işçisi, tanınmış jurnalist, uzun illər Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) rəhbərlik etmiş, dövlət ordenləri və mükafatlarına layiq görülmüş Aslan Aslanovun qələmə aldığı “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri” kitabında Ulu öndərimizin əbədiyaşar bir ömrə sahib olmasından bəhs edir və ölməz rəhbərə sonsuz məhəbbətin əyani ifadəsidir.
Ümummilli liderimizin xarici ölkələrdə, respublikamızda keçirdiyi görüşlərin, danışıqların uzun illər iştirakçısı olan və həmin tədbirləri işıqlandıran, həm də Ulu öndərimiz tərəfindən həmişə dəyərləndirilən müəllif bu kitabı yazmaqla unudulmaz liderimizə sonsuz ehtiramını bir daha bildirmiş, öz borcunu qaytarmağa çalışmışdır.
A.Aslanov “Heydər Əliyev və AZƏRTAC”, “AZƏRTAC-dan AZƏRTAC-a mürəkkəb və sərfəli yol”, “AZƏRTAC-90”, “Dövlət siyasətinin informasiya təminatı”, “Media və zamanın çağırışları” kitablarında olduğu kimi, bu kitabında da Heydər Əliyevin siyasi fəaliyyətini, dövlət quruculuğu və idarəetmə prinsiplərini, milli-mənəvi dəyərlərə əsaslanan baxışlarını, insana qayğı və diqqətini, bəşəri ideyalara sadiqliyini bir müşahidəçi, jurnalist kimi fikir süzgəcindən keçirərək maraqlı, oxunaqlı bir əsər yaratmışdır.
“Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri” kitabı bu mövzuya həsr olunan birinci kitab olmaqla 1993-1995-ci illərdə ölkədə baş verən hadisələri, gərgin anları özündə əks etdirir və müəllifin bilavasitə şəxsi münasibətlərinin və xatirələrinin əksi olduğu üçün səciyyəvidir. Kitabdakı faktlar, hadisələr, müşahidələr canlı, real olduğuna görə Ulu öndərimizin dövlətçilik və siyasi irsinin öyrənilməsi, təşviq edilməsi baxımından çox əhəmiyyətlidir.
1993–95-ci illər Azərbaycan tarixinin ən ziddiyyətli, mürəkkəb ictimai-siyasi dövrüdür. SSRİ-nin süqutundan sonra Azərbaycan öz müstəqilliyini qazanmasına baxmayaraq, xarici və daxili qüvvələrin təsiri nəticəsində ölkədə baş alıb gedən özbaşınalıq, qarşıdurmalar, idarəetmədə səriştəsizlik, torpaqlarımızın erməni təcavüzkarları tərəfindən işğalı respublikanı çətin, çıxılmaz vəziyyətə salmışdı.
Sosial, siyasi, iqtisadi, hüquqi və ideoloji sahələrdə xaosun hökm sürdüyü belə bir dövrdə xalqın təkidi və tələbi ilə Heydər Əliyev kimi müdrik siyasətçinin, yüksək idarəetmə qabiliyyətinə, dövlətçilik ənənələrinə, diplomatiyada ustalığa malik şəxsiyyətin hakimiyyətə gətirilməsi dövrün tələbi idi. Həmin çətin, mürəkkəb ictimai-siyasi dövrdə, 1993-cü ilin 15 iyununda Ulu öndərimiz yenidən hakimiyyətə gəlməsəydi, əlbəttə, respublikamızın bugünkü xoşbəxt günlərindən danışmaq mümkün deyildi.
Kitabın dövlətçiliyimizin məhz həmin mürəkkəb dövrünə həsr edilməsi, müəllifin o dövrlərdə Heydər Əliyev tərəfindən həyata keçirilən tədbirlərdə, xarici səfərlərdə, görüşlərdə bir jurnalist kimi bilavasitə iştirakı və həmin hadisələri işıqlandırması, düşüncələrinə həkk etməsi, xronoloji ardıcıllıqla verilməsi onun təsir dairəsini xeyli genişləndirir və oxucuda ətraflı təsəvvür yaradır.
Kitabda hər birimizi düşündürən və gələcək nəsillərə nümunə olacaq faktlar çoxdur. A.Aslanov diqqəti ilk olaraq Heydər Əliyevin 1993-cü ilin iyununda Elmlər Akademiyası Rəyasət Heyətinin üzvləri ilə görüşünə yönəldir: ”Heydər Əliyev ətrafındakılarla birlikdə İsmailiyyənin geniş pilləkənləri ilə yuxarı qalxdı. ABŞ-ın, Böyük Britaniyanın Azərbaycandakı səfirləri onu böyük hörmət və rəğbətlə qarşıladılar”.
Müəllif yazır ki, Ulu öndərimizin səsi indi də qulaqlarımda əks-səda verir: “Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Azərbaycanda vəziyyət çox gərgindir, ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalıb, hər gün qan tökülür. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğal etməsi, digər tərəfdən daxili çəkişmələr ölkəni ağır vəziyyətə salıb. Biz BMT Təhlükəsizlik Şurasının, böyük dövlətlərin və bütün beynəlxalq təşkilatların Azərbaycanı müharibə şəraitindən çıxarmaq, işğal olunmuş torpaqlarını geri qaytarmaq üçün səylərini artırmasını istəyirik”.
Sonra Heydər Əliyev Türkiyənin Azərbaycandakı səfirliyinə gedir. Sonrakı görüşlər, çıxışlar və bir neçə gündən sonra – iyunun 15-də Heydər Əliyev Milli Məclisin sədri seçilir. Göstərilən etimada görə minnətdarlığını bildirən Ulu öndərimiz qətiyyətlə deyirdi: “Ali Sovetin sədri kimi Azərbaycan xalqının tarixi nailiyyəti olan Azərbaycan Respublikasının dövlət müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi özüm üçün ən əsas vəzifələrdən biri hesab edirəm”.
Ürəkdən gələn, çağırış, bəyanat sədalı bu ifadələrdə həm dövrə, zamana, ədalətsizliyə, təcavüzə bir etiraz, həm də gələcəyə böyük inam var. Heydər Əliyev məhz bu bəyanatları, qətiyyətli etirazları, düşmənə, ədalətsizliyə nifrəti, eləcə də Azərbaycanın gələcəyinə, müstəqilliyinə, dövlətçiliyinə inamı, etibarı, sədaqəti ilə böyük insan, lider idi.
Kitabda Heydər Əliyevin 1969-1982-ci ildə Azərbaycana rəhbərlik etdiyi illərə də ekskurs edilir, gördüyü möhtəşəm işlər nəzərə çatdırılır, İran İslam Respublikasının Prezidenti Əkbər Haşimi – Rədsəncaninin ölkəmizə səfəri, Ulu öndərimizin Fransaya, Türkiyəyə, Böyük Britaniyaya, Çin Xalq Respublikasına, Brüsselə, Səudiyyə Ərəbistanına, Misir Ərəb Respublikasına, ABŞ-a, Türkmənistana, Macarıstana, Mərakeşə, İsveçrəyə, Belçikaya, Rusiyaya rəsmi səfərləri, xaricdə və ölkə də keçirdiyi çoxsaylı görüşləri, mühüm tədbirlər, əsrin müqaviləsinin bağlanması, beynəlxalq tədbirlər haqqında məlumatlar, çıxışlar haqqında şərhlər yer almışdır və çox yaxşı haldır ki, bu tarixlər, illər xronoloji ardıcıllıqla əks olunmuşdur.
Aslan Aslanov bu çoxsaylı görüşlərin hər anının, saatının qiymətli olduğunun təəssüratını yaratmaqla bir daha göstərir ki, həmin çətin dövrlərdə Ulu öndərimiz hər vasitədən, hər andan istifadə edərək ölkəni düşdüyü çətin vəziyyətdən çıxarmağa, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı.
Heydər Əliyevin Prezident seçildikdən sonra ilk rəsmi səfərini erməni lobbisinin təsir dairəsində olan Fransaya etməsi bu baxımdan səbəbsiz deyildi. Kitabda göstərilir: “Yenisey Sarayında imzalanmış dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında müqaviləni Azərbaycan üçün beynəlxalq münasibətlərdə yeni mərhələ adlandıran Heydər Əliyev vurğuladı ki, biz Azərbaycan-Fransa uzunmüddətli əməkdaşlığının əsasını qoyduq, cəmi iki il əvvəl dövlət müstəqilliyi əldə etmiş respublikamız üçün bu, mühüm tarixi hadisədir”.
O dövrdə Ulu öndərimiz sözsüz ki, Fransanın ermənipərəst mövqeyini, erməni lobbisinin nəyə qadir olduğunu yaxşı bilirdi. Ancaq iki ölkə arasında imzalanmış sənədlər Fransua Mitteranın Heydər Əliyev, dövlətimiz haqqında dediyi sözlər erməniləri xeyli neytrallaşdırdı. Bu, dövlətimizin rəhbərinin uzaqgörən siyasətinin ifadəsi idi.
Bu səfərlərin, görüşlərin bilavasitə iştirakçısı olan və onu informasiya vasitəsi ilə çatdıran müəllif hər bir cümləsində Heydər Əliyevin öz xalqı, Vətəni naminə etdiyi siyasi, diplomatik gedişləri ön plana çəkməyə cəhd etmişdir. O bildirir ki, bu səfərlərin, görüşlərin əsas mövzusu Azərbaycanın düşdüyü çətin vəziyyət, torpaqlarımızın işğal altında, Ermənistanın təcavüzkarlığı və bu vəziyyətdən çıxış yollarının axtarılması, dünya ölkələrinin diqqətinin dövlətimizə cəlb edilməsi idi.
Ulu öndər hər bir səfər, görüş zamanı Qarabağ məsələsini ön plana çəkir, xəritə qarşısında dövlət rəhbərlərinə, beynəlxalq təşkilatlara, siyasi xadimlərə məlumatlar verir, əslində, dərs keçir və ədalətsizliyə qarşı qətiyyətlə səsini ucaldırdı. Birləşmiş Millətlər Təşkilatının tribunasında, NATO Şurasının tədbirlərində, beynəlxalq təşkilatların tədbirlərində ucaldılan bu səs Azərbaycanın müstəqilliyinə, suverenliyinə, torpaqlarımızın azadlığına və əlbəttə ki, bu günümüzə xidmət edirdi.
Azərbaycanın dövlətçilik tarixi qədim olduğu qədər də keşməkeşlidir. Dövlətimiz, xalqımız müstəqillik yolunda ağır sınaqlardan, çətin yollardan keçmişdir. Ancaq uzun illər dayanıqlı dövlət kimi formalaşa bilməmişdir. Keçən əsrin sonlarında müstəqilliyini yenidən bərpa edən Azərbaycan onu yenidən itirmək təhlükəsi qarşısında qalarkən köməyə çatan, xalqı və Vətəni ağır bəlalardan qurtaran, xilaskar missiyasını üzərinə götürən məhz Heydər Əliyev oldu.
Müstəqil, güclü, inkişaf edən, dayanıqlı, müasir, hüquqi dövlət formalaşdırmaq, dünyaya yeni, çiçəklənən bir Azərbaycan bəxş etmək Heydər Əliyevin amalı idi. O, dövlətçilik ənənələrinə, milli düşüncə, mənlik amillərinə, bəşəri dəyərlərə sadiq olaraq siyasi iradəsi, sarsılmaz qətiyyəti və dərin strateji baxışları, uzaqgörən liderlik, güclü idarəçilik bacarığı ilə yeni bir Azərbaycan qura bildi, onun müstəqilliyini qoruyub saxlamağı bacardı.
A.Aslanovun kitabında bu dəyərlər, amallar yüksək qiymətləndirilir və gözlərimiz qarşısında böyük bir insanın, əvəzsiz liderin, dünya şöhrətli siyasətçinin, ölməz rəhbərin, müstəqilliyimizin və dövlətçiliyimizin banisinin – Heydər Əliyevin canlı obrazı ucalır. Bu ucalıqda müstəqil, torpaqları azad, dünyada tanınan bir Azərbaycan var – dövlətçiliyi Ulu öndərimizin amalları, əməlləri ilə formalaşan və Prezidentimiz cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində daha da şöhrətlənən, dünyada tanınan və sözünü deməyə qadir bir Azərbaycan.
Heydər Əliyev ideyalarından güc alan, İlham Əliyevin əməlləri ilə inkişaf edən, torpaqları azad, tam suveren, qalib, dünyanın diqqət mərkəzində olan Azərbaycan bu gün ən möhtəbər beynəlxalq tədbirlərə ev sahibliyi edir, mötəbər görüşlərin, danışıqların təşkilatçısı, iştirakçısıdır. İşğaldan azad edilmiş torpaqlarında yeni şəhərlər, kəndlər salınır, məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, yaşayış binaları tikilir, körpülər, yollar çəkilir, təyyarə limanları, xidmət obyektləri istifadəyə verilir.
Bu uğurlar xalqla Prezidentin birliyinin, vətəndaş həmrəyliyinin bəhrəsi olmaqla, əlbəttə ki, Ulu öndərimizin amallarından qaynaqlanır, vüsət alır. Bu nailiyyətlər haqqında çox yazılsa da, ancaq yenə də yeni-yeni kitabların mövzusudur. Əmin etmək olar ki, Aslan Aslanovun “Heydər Əliyevin dövlətçilik və diplomatiya dərsləri” birinci kitabının davamı olacaq və Ulu öndərimizin çoxsahəli, dərin siyasi və dövlətçilik irsinin öyrənilməsi üçün vacib olan yeni nəşrlər ərsəyə gələcəkdir.
Tahir RZAYEV,
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

