Bu yol Orta Dəhlizin önəmini də xeyli artıracaq
Avropa ilə Asiyanı birləşdirən əsas nəqliyyat arteriyalarından hesab olunan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna, yaxud Orta Dəhlizə beynəlxalq maraq getdikcə genişlənir. Bu tendensiyanın başlıca səbəbi marşrutun alternativ yollarla müqayisədə daha qısa məsafə, yüksək təhlükəsizlik və etibarlı logistika imkanları təqdim etməsidir. Xüsusilə son illərdə Rusiya-Ukrayna müharibəsinin yaratdığı geosiyasi dəyişikliklər və Yaxın Şərqdə, o cümlədən İran ətrafında müşahidə olunan gərginliklər fonunda Orta Dəhliz qlobal ticarət və nəqliyyat sistemində strateji əhəmiyyət qazanan istiqamətlərdən birinə çevrilib.
Bu baxımdan Orta Dəhlizin strateji həlqələrindən hesab olunan Zəngəzur dəhlizi xüsusi önəm kəsb edir. Layihənin reallaşması ilk növbədə regionun sosial-iqtisadi inkişafına yeni impuls verəcək, dövlətlər arasında iqtisadi əlaqələrin genişlənməsinə əlverişli şərait yaradacaq. Dəhlizin istifadəyə verilməsi əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə, qarşılıqlı etimadın güclənməsinə və uzunmüddətli sabitliyin təmin olunmasına mühüm töhfə verə bilər.
Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxışı zamanı bildirdi ki, Şərq-Qərb dəhlizinin digər bir qolu olacaq Zəngəzur dəhlizi mütləq inşa ediləcək.
Ölkə başçısının Zəngəzur dəhlizi çərçivəsindəki nitqi onu deməyə əsas verir ki, yaxın zamanda ölkəmizin nəqliyyat habı funksiyası qlobal miqyasda daha da genişlənəcək. Hazırki vəziyyətdə də inşa olunan dəmir yolu və avtomobil magistralları ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat xətləri ilə vahid sistem təşkil edəcək. Eyni zamanda, Azərbaycanın Xəzər sahilində formalaşdırdığı iri logistika imkanları, o cümlədən Ələt limanının potensialı və azad edilmiş ərazilərdə fəaliyyət göstərən beynəlxalq hava limanları bu marşrutun rəqabət üstünlüklərini daha da artırır. Bütün bunlar Zəngəzur dəhlizinin Avropa ilə Asiya arasında yükdaşımaların həyata keçirildiyi ən perspektivli və səmərəli tranzit istiqamətlərindən birinə çevriləcəyini göstərir.
Statistik göstəricilər də bu fikiri təsdiqləyir. Belə ki, ötən il Orta Dəhliz üzrə daşınan yüklərin həcmi 11 faiz, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə isə 12 faiz artım nümayiş etdirib. Bu dinamika Azərbaycanın tranzit potensialının yüksəldiyini və beynəlxalq yükdaşımalar üçün etibarlı mərkəzə çevrildiyini göstərir.
Zahid MƏMMƏDOV,
İqtisad Universiteti İqtisadi Araşdırmalar İnstitutunun direktor müavini, professor
Bəli, son dövrdə həm Azərbaycan Prezidentinin, həm də Ermənistan rəhbərliyinin açıqlamaları göstərir ki, Zəngəzur dəhlizi məsələsi regional gündəmin prioritet mövzularından biri olaraq qalır. İqtisadi baxımdan dəhlizin açılması regional inteqrasiyanın güclənməsi, logistika xərclərinin azalması və ticarət axınlarının sürətlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Dünya Bankı, Asiya İnkişaf Bankı və digər beynəlxalq qurumların tədqiqatları göstərir ki, nəqliyyat dəhlizlərinin inkişafı iştirakçı ölkələrin ticarət dövriyyəsini 15–30 faizədək artıra bilir.
Hazırkı geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyətinin artması Zəngəzur dəhlizinə olan marağı daha da yüksəldir. Çin–Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Türkiyə–Avropa marşrutunun səmərəli fəaliyyəti üçün bu xətt strateji əhəmiyyət daşıyır.
Zəngəzur dəhlizinin açılması Azərbaycana bir neçə istiqamətdə mühüm dividendlər qazandıra bilər. Azərbaycan artıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biridir. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ölkəmizin tranzit potensialını daha da artıracaq. Tranzit yüklərdən əldə olunan gəlirlərin artması qeyri-neft sektorunun inkişafına əlavə stimul verəcək.
Son illər Avropa ilə Asiya arasında alternativ logistika marşrutlarına tələbat əhəmiyyətli dərəcədə artıb. Zəngəzur dəhlizi Orta Dəhlizin ən mühüm həlqələrindən birinə çevrilərək Azərbaycanın logistika mərkəzi kimi mövqeyini daha da möhkəmləndirəcək.
Dəhliz Azərbaycanı və Türkiyəni birbaşa quru yolu ilə birləşdirməklə Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi əməkdaşlığı genişləndirəcək. Bu, ticarət dövriyyəsinin artmasına, yeni investisiya layihələrinin yaranmasına və regional bazarların inteqrasiyasına xidmət edəcək.
Müasir dünyada ölkələrin gücü təkcə təbii resurslarla deyil, həm də nəqliyyat və logistika imkanları ilə ölçülür. Zəngəzur dəhlizi Azərbaycanın geoiqtisadi əhəmiyyətini artıraraq ölkəmizi Avrasiya ticarət marşrutlarının əsas iştirakçılarından birinə çevirə bilər. Layihənin reallaşması nəticəsində Azərbaycan tranzit ölkədən regional logistika mərkəzinə transformasiya prosesini sürətləndirə, qeyri-neft gəlirlərini artıra və Türk dünyası ilə Avropa arasında strateji körpü rolunu daha da gücləndirə bilər.
Eyyub KƏRİMLİ,
İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri
Prezident İlham Əliyevin iyunun 1-də Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”un rəsmi açılış mərasimində səsləndirdiyi fikirlər göstərir ki, Zəngəzur dəhlizi artıq yalnız regional nəqliyyat layihəsi kimi deyil, həm də geniş iqtisadi gündəliyin mühüm tərkib hissəsi kimi qiymətləndirilir. Bu baxımdan dəhlizin açılması istiqamətində siyasi və diplomatik manevr imkanlarının getdikcə məhdudlaşdığını söyləmək mümkündür.
Layihənin digər mühüm üstünlüyü Azərbaycanın geoiqtisadi mövqeyinin daha da güclənməsidir. Belə ki, ölkə artıq enerji ixracatçısı kimi deyil, həm də Avropa ilə Asiya arasında strateji nəqliyyat və ticarət qovşağı kimi mövqeyini möhkəmləndirir. Zəngəzur dəhlizi Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz və digər regional nəqliyyat infrastrukturları ilə birlikdə Azərbaycanın beynəlxalq ticarət, logistika və investisiya mərkəzi kimi rolunun artmasına mühüm töhfə verə bilər.
Bununla yanaşı, layihənin tam iqtisadi səmərəsinin əldə olunması üçün gömrük prosedurlarının sadələşdirilməsi, tarif siyasətinin uyğunlaşdırılması, logistika proseslərinin rəqəmsallaşdırılması və iştirakçı tərəflər arasında koordinasiyanın gücləndirilməsi əsas şərtlərdən biri olacaq.
Ən vacib məqamlardan biri isə odur ki, Zəngəzur dəhlizi Azərbaycanın beynəlxalq mövqeyini yeni mərhələyə yüksəldə bilər. Bu layihə ölkəni yalnız enerji resursları ixrac edən dövlət kimi deyil, həm də strateji nəqliyyat və ticarət qovşağı kimi ön plana çıxaracaq. Uzunmüddətli perspektivdə isə bu amil Azərbaycanın qeyri-neft sektorunun inkişafına, regional iqtisadi inteqrasiyanın dərinləşməsinə və ölkənin beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsinə əlavə təkan verəcək.
Nurlan ABDALOV
XQ



