Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizinin regionlararası əməkdaşlığa töhfəsi

post-img

“Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” layihəsi regionlararası enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır.

Bunu energetika naziri Pərviz Şahbazov Bakı Enerji Forumu çərçivəsində keçirilən “Nazirlər arasında dialoq: Asiyada bərpaolunan enerji mənbələrinə əsaslanan enerji keçidi” mövzusundakı panel müzakirələrdə çıxışı zamanı deyib.

“Regionda enerji əməkdaşlığı istiqamətində artıq konkret və strateji əhəmiyyət daşıyan layihələr həyata keçirilir. Onlardan ən mühümlərindən biri “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi” təşəbbüsüdür. Ölkələrimizin nümayiş etdirdiyi siyasi iradə və uzunmüddətli baxış startegiyası sayəsində iki il əvvəl Bakıda strateji tərəfdaşlıq sənədi imzalanıb. Azərbaycan və Qazaxıstan prezidentlərinin dəstəyi ilə yürüdülən bu təşəbbüs regionlararası enerji əməkdaşlığının yeni mərhələsini formalaşdırır. Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığın inkişafı bu prosesdə mühüm yer tutur. Azərbaycan Prezidenti İlham Əliyevin baxışına uyğun olaraq, Cənubi Qafqaz və Mərkəzi Asiya vahid strateji məkan kimi nəzərdən keçirilir. Trans-Xəzər enerji dəhlizlərinin inkişafı ölkələrimizin enerji sistemlərini birləşdirərək daha geniş regional inteqrasiyaya xidmət edir. Eyni zamanda, bu layihələr Orta Dəhlizin inkişafına da mühüm töhfə verir. Orta Dəhliz Avropa ilə Asiyanı, o cümlədən Çini Xəzər dənizi üzərindən birləşdirən strateji əlaqə xəttinə çevrilir. Yaşıl enerji dəhlizləri bu marşrutun iqtisadi və geosiyasi əhəmiyyətini daha da artırır”, – deyə nazir qeyd edib.

O bildirib ki, bu istiqamətdə artıq institusional mexanizmlər formalaşdırılıb: “Layihənin koordinasiyası üçün xüsusi ofis yaradılıb, Asiya İnkişaf Bankı və İslam İnkişaf Bankının dəstəyi ilə ilkin texniki-iqtisadi araşdırmalar həyata keçirilməyə başlanıb. Regional tərəfdaşlıq əsasında inkişaf etdirilən bu təşəbbüslər strateji əhəmiyyətli layihələrin reallaşdırılmasına mühüm töhfə verir”.

XQ

Son xəbərlər