Estoniya Azərbaycan İcması “Birlik” təşkilatının təşəbbüsü ilə Estoniyada yaşayan 350-dən çox həmvətənimiz birlik və həmrəylik çağrğşı ilə Azərbaycanın Müstəqillik Günü və müqəddəs Qurban bayramını böyük təntənə ilə qeyd edib.
Təbiətin qoynunda açıq havada keçirilən bayram təntənəsində Estoniyada yaşayan azərbaycanlılarla yanaşı müxtəlif millətlərin nümayəndələri, habelə 15-dən çox müsəlman və digər milli icmanın təmsilçiləri də qonaq qismində iştirak ediblər. Bayram proqramı çərçivəsində Estoniyada doğulub boya-başa çatmış azərbaycanlı gənclərlə yanaşı tədbirdə iştirak edən qonaqların yeniyetmələri də musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Azərbaycanlı gənclərin milli geyimdə həmrəylik rəmzi olan “Yallı” rəqsi isə qonaqları belə səhnəyə çıxmağa və həmvətənlərimizə qoşulmağa vadar edib. Tədbirən xüsusi rəng qatan bu addım Estoniyada yaşayan müxtəlif xalqlar arasında qarşılıqlı hörmətin, dostluğun və həmrəyliyin parlaq təzahürünə çevrilib.
Tədbirdə Estoniyanın ictimai-siyasi həyatında fəal rol oynayan rəsmi şəxslər də iştirak ediblər. Qonaqlardan Tallinn Şəhər Şurasının sədri Mihhail Kölvart tədbirdən məmnunluq ifadə edərək Estoniyada fəaliyyət göstərən Azərbaycan icmasına uğurlar arzuladı, onların bu ölkənin ictimai və mədəni həyatına verdiyi töhfələri yüksək qiymətləndirdi. Bayram tədbirinə qatılan Azərbaycan Respublikasının və Türkiyə Respublikasının Estoniyadakı səfirliklərinin nümayəndələri də bu əlamətdar gün münasibətilə həmvətənlərimizə təbriklərini çatdırıblar.
“Birlik” təşkilatının sədri Zakir Miriyev qeyd edib ki, tədbirin əsas məqsədi Estoniyada yaşayan azərbaycanlıların milli kimliyinin qorunmasına, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına işinə töhfə vermək, ölkəmizin zəngin mədəni irsinin, milli-mənəvi dəyərlərinin və qonaqpərvərlik ənənələrinin estoniyada tanıdılmasında pay sahibi olmaq idi.
Bu mənada qonaqlarımız bu gün Azərbaycan mədəniyyəti və mətbəxi ilə yaxından tanış olmaq imkanı əldə etdilər.
Tədbir iştirakçıları isə xüsusi vurğuladılar ki, son vaxtlar Estoniya Azərbaycan İcması “Birlik” ətrafında soydaşlarımızın sayının getdikcə artması bu ölkədə diasporumuzun gücləndiyini və milli dəyərlər ətrafında daha sıx birləşdiyimizi göstərir.
XQ






