Gənc pianoçu “Renessans” adlı solo konsert proqramı ilə çıxış edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Beynəlxalq Muğam Mərkəzində gənc pianoçu Cəmil Sədizadənin “Renessans” adlı solo konserti keçirilib.

Mərkəzdən XQ-yə bildirilib ki, konsert proqramında Cəmil Sədizadə Azərbaycan və dünya bəstəkarlarının seçilmiş əsərlərini tamaşaçılar üçün səsləndirib.

Qeyd edək ki, Prezident təqaüdçüsü və çoxsaylı beynəlxalq müsabiqələrin laureatı olan Cəmil Sədizadə ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən nüfuzlu “Manhattan School of Music” ali musiqi məktəbinin fortepiano fakültəsinə qəbul olunan dünyanın 20 gənc musiqiçisindən biridir.

Gənc ifaçı daha əvvəl təqdim etdiyi “Qəlblərin fatehi” adlı solo konsert proqramı ilə də musiqisevərlərin rəğbətini qazanıb. “Renessans” konserti isə onun yaradıcılıq fəaliyyətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

2008-ci ildə Bakı şəhərində anadan olan Cəmil Sədizadə musiqi təhsilinə 2014-cü ildə Rauf Hacıyev adına 15 nömrəli Musiqi Məktəbində başlayıb. Fortepiano ixtisası üzrə təhsil alan istedadlı musiqiçi qısa müddətdə yüksək ifaçılıq bacarığı ilə seçilib.

2015-ci ildən etibarən Estoniya, Bolqarıstan, İspaniya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, İtaliya, Gürcüstan və Çexiyada keçirilən beynəlxalq müsabiqələrdə iştirak edən Cəmil Sədizadə dəfələrlə laureat adına layiq görülüb.

Onun beynəlxalq uğurları sırasında 2017-ci ildə Kreml Sarayında keçirilən “Nəsillərin melodiyası” V Beynəlxalq Musiqi Festivalındakı çıxışı xüsusi yer tutur. Gənc pianoçu həmin festivalda Rusiya Prezident Orkestrinin müşayiəti ilə çıxış edib.

Cəmil Sədizadə 2017-ci ilin iyun ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. O, 2018-ci ilin yanvarında Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Zirvəyə doğru” adlı ilk solo konsert proqramını təqdim edib.

Mədəniyyət