AFFA Xankəndidə uşaqlar üçün sosial aksiya keçirib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

AFFA-nın təşkilatçılığı ilə Xankəndidə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sosial aksiya həyata keçirilib.

XQ xəbər verir ki, tədbir AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin təşkilatçılığı, eləcə də AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsinin dəstəyi ilə baş tutub.

Aksiya çərçivəsində Xankəndi şəhərində fəaliyyət göstərən 1 nömrəli körpələr evi-uşaq bağçasının bu il məktəbə qədəm qoyacaq uşaqları üçün müxtəlif məktəb ləvazimatlarından ibarət hədiyyə dəstləri təqdim olunub. Balacalara məktəb çantaları, dəftərxana ləvazimatları və təhsil prosesində istifadə olunacaq digər zəruri vasitələr verilib.

Layihənin əsas məqsədi uşaqların təhsilə hazırlıq prosesinə dəstək göstərmək, onların sevincinə şərik olmaq və bayram gününü daha yaddaqalan etməkdən ibarət olub. Tədbir zamanı uşaqlarla səmimi görüşlər keçirilib, onlara xoş arzular çatdırılıb və məktəb həyatına uğurlu başlanğıc dilənib.

AFFA tərəfindən həyata keçirilən bu təşəbbüs sosial məsuliyyət layihələri çərçivəsində uşaqlara göstərilən diqqət və qayğının növbəti nümunəsi kimi qiymətləndirilir.

Sosial həyat