Səhərdən qəribə bir hiss içimdən çıxmır. Adam yaşa dolduqca, “sağlıq olsun” deyə-deyə elə bilir ki, hələ hər şey qabaqdadır. Sonra bir gün dayanıb arxaya baxır və anlayır ki, əslində həyatının ən gözəl günləri çoxdan arxada qalıb.
İndi desələr ki, səni istədiyin bir günə qaytaracağıq, nə var-dövlət istəyərdim, nə vəzifə, nə də şöhrət. Bir yay axşamına qayıtmaq istəyərdim. Tozlu bir küçəyə…
Ayağımda rezin başmaq, əynimdə rəngi günəşdən solmuş köynək, əlimdə köhnə top. Anam uzaqdan səsləyəydi:
-Ay bala, gəl evə!
Mən də özümü eşitməzliyə vuraydım. Bir az da oynayım, bir az da…
Amma o vaxt hardan biləydim ki, ananın səsini eşitmək də bir gün həsrətə çevrilə bilər.
Atam işdən qayıdanda qapının ağzında dayanıb ona baxardım. Əlində həmişə nəsə bir şey olardı. Bəzən bir paket peçenye, bəzən bir ovuc tum, bəzən də cəmi üç dənə konfet. O üç konfet mənə elə gəlirdi ki, dünyanın ən böyük sərvətidir. Bölüşərdim məndən kiçik bacılarımla.
İndi mağazalarda min cür şirniyyat var. Amma o üç konfetin dadını heç yerdə tapa bilmirəm.
Bir dəfə qonşuda ləqəbi “Korka” olan cüvəllağı bir oğlanla kart oynayırdıq. Atam küçədən keçəndə bizi gördü, qolumdan tutub öz məhləmizə gətirdi və darvazadan içəri keçən kimi ömründə ilk və sonuncu dəfə mənə bərk bir sillə vurdu. Mən də axşama qədər heç danışmadım. Gecə yatanda hiss etdim ki, kimsə üstümü örtür. Gözümü açmadım. Bilirdim ki, atamdır. Sonra başımı sığalladı. Heç nə demədi. Mən də heç nə demədim. Amma ikimiz də bilirdik ki, səhər hər şey qaydasında olacaq.
İndi o günləri xatırlayanda sillənin ağrısını yox, başımı sığallayan əlin hərarətini xatırlayıram.
Həyətimizdə iri bir tut ağacı vardı. Yay gələndə ağacın altı qaralardı. Anam hər dəfə əsəbiləşərdi ki, yenə ağaca çıxmısınız.
Əlbəttə çıxmışdıq. Ən yuxarı budağa çıxmaq qəhrəmanlıq sayılırdı. Əllərimiz, üzümüz, köynəklərimiz tut ləkəsindən qaralardı. Sonra həyətdəki kranın altında dayanıb yuyunardıq. Elə bilirdik ki, həyat bundan ibarətdir. Və doğrudan da ibarət imiş…Çünki o vaxt heç kim bizdən heç nə gözləmirdi. Nə uğur, nə vəzifə, nə pul. Sadəcə uşaq olmağımız kifayət edirdi.
İndi isə böyümüşük. Adamların üzünə baxıb nə düşündüklərini bilmək istəyirik. Hansının səmimi, hansının yalan danışdığını anlamağa çalışırıq.Bəzən üzünə gülən adamın arxanca danışdığını öyrənirik. Hətta saxta profil açıb sənə böhtanlar, təhqirlər yazdığını bulirik. Bəzən heç tanımadığın adam da sənə elə bir böhtan atır ki,donub qalırsan. Bəzən bir vaxtlar dost dediyin adamın yadlaşdığını görürsən. Sonra anlayırsan ki, uşaqlıq təkcə yaş deyilmiş. Uşaqlıq insanın qəlbinin ən təmiz vaxtı imiş. O vaxt heç kimdən şübhələnmirdik. Heç kimdən ehtiyat etmirdik. Sabahı düşünmürdük. Pensiyanı, krediti, xəstəliyi, dərdi bilmirdik. Ən böyük problemimiz topumuzun partlaması idi. Ən böyük sevincimiz isə yağışdan sonra küçəyə çıxmaq.
Bu gün uşaqların günüdür. Allah bütün uşaqları qorusun. Amma bir arzum da var. Kaş bircə günlüyünə o köhnə həyətə qayıda biləydim. Anamın səsini eşidəydim. Atamın qapıdan içəri girdiyini görəydim. Anama nənəsindən qalan samovarın qoxusunu duyaydım. Və heç nə olmamış kimi yenə küçəyə qaçaydım.
Çünki insanın yaşlandıqca ən çox darıxdığı yer uşaqlığı olur. Ən ağır həsrəti isə bir daha qayıda bilməyəcəyi günlər…
Hamlet Qasımov
Əməkdar jurnalist


