Qəbul imtahanının II mərhələsinin II cəhdi üçün qeydiyyat başlayıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdində iştirak üçün qeydiyyat 2026-cı il iyunun 1-dən iyunun 8-dək aparılacaq.

XQ xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bu mərhələdə iştirak etmək istəyən abituriyentlər şəxsi kabinet vasitəsilə DİM-in müvafiq elektron sisteminə daxil olaraq yenidən imtahan vermək istədikləri ixtisas qrupunu seçir və qeydiyyat prosesini tamamlayırlar. Ödəniş məbləği sistem tərəfindən avtomatik olaraq hesablanaraq istifadəçinin diqqətinə çatdırılır.

Qeydiyyat zamanı bəzi kateqoriyaya aid Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrinin məzunları) imtahanda iştirakı dövlət büdcəsi hesabına təmin edilir. Bu kateqoriyaya Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin övladları, şəhid ailələrinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, məcburi köçkün statusuna malik vətəndaşlar, eləcə də I və II dərəcə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar daxildir. Müvafiq məlumatlar elektron qaydada aidiyyəti dövlət qurumlarının informasiya sistemləri vasitəsilə yoxlanılır.

İmtahanda yalnız müəyyən edilmiş tarixlər ərzində qeydiyyatdan keçmiş abituriyentlər iştirak edə biləcəklər. Qeydiyyat zamanı iştirakçılara əvvəlki seçimdən fərqli ixtisas qrupunu seçmək imkanı da verilir.

3 may tarixində keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanında qeyri-məqbul nəticə göstərən abituriyentlər yay qəbul imtahanına qeydiyyatdan keçə bilərlər. Lakin həmin şəxslər 21 iyun tarixində keçiriləcək ikinci Azərbaycan dili imtahanından da qeyri-məqbul nəticə əldə edərlərsə, müsabiqə mərhələsinə buraxılmayacaqlar.

Qəbul imtahanının ikinci mərhələsinin ikinci cəhdinin keçirilməsi II və III ixtisas qrupları üzrə 5 iyulda, I və IV ixtisas qrupları üzrə isə 12 iyulda planlaşdırılır. III ixtisas qrupunda həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan da 12 iyul tarixində keçiriləcək. 

Təhsil