Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Böyük Britaniyanın dəstəyi ilə fəaliyyət göstərən beynəlxalq konsorsium limanların dekarbonizasiyasını (karbon qazı tullantılarının azaldılmasını) sürətləndirmək üçün nəzərdə tutulmuş dünyanın ilk avtonom hidrogen enerji qovşağının ("Hydrogen Power Hub") səmərəliliyini uğurla təsdiqləyib. Rəsmi layihə hesabatına istinadən yayılan məlumata görə, bu yeni sistem ümumi sahəsi təxminən 1200 kvadratmetr olan altıbucaqlı formalı üç modullu üzən platformadan ibarətdir. Platformaların üzərində ümumi tutumu 45 meqavat-saat olan akkumulyator enerji yığıcıları, modullu hidrogen yanacaq elementləri, hidrogen generatorları, yerli bərpaolunan enerji mənbələri və limandakı gəmiləri birbaşa elektrik enerjisi ilə təmin edə bilən müasir dəyişən/sabit cərəyan elektrik arxitekturası quraşdırılıb.
Bu innovativ konsepsiya "UK Research and Innovation" təşkilatı və Böyük Britaniyanın Gəmiçilikdə Tullantıların Azaldılması İdarəsinin birgə keçirdiyi layihə çərçivəsində 6 aylıq proqramla sınaqdan keçirilib. Sınaqlar zamanı mütəxəssislər platformanın hidrodinamik, konstruktiv, elektrotexniki və istismar xüsusiyyətlərini tam şəkildə araşdırıblar. Layihə iştirakçılarının sözlərinə görə, tədqiqatlar mövcud hidrogen saxlama texnologiyalarının, yanacaq elementlərinin və güc elektronikasının vahid bir üzən platformada birləşdirilə biləcəyini sübut edib.
Sözügedən hidrogen enerji qovşağı iri dəniz obyektləri üçün layihələndirilib və lövbər salmış gəmilərə birbaşa 5 meqavata qədər fasiləsiz ekoloji təmiz güc ötürmək iqtidarındadır. Sistem orta ölçülü kruiz laynerlərinə və digər yüksək enerji tutumlu dəniz nəqliyyat vasitələrinə xidmət göstərmək üçün 6,6 kilovolt və 11 kilovolt gərginlikli sahilyanı elektrik təchizatını dəstəkləyir. Bu layihə limanların yaşıl enerjiyə keçidində ən böyük əngəllərdən biri olan infrastruktur və enerji çatışmazlığı problemini kökündən həll etməyi hədəfləyir.
Ə.Arzu
XQ

