Tramp yenidən koqnitiv testdən keçməyə çağırdı: “30 baldan 30 toplamışam”

post-img

ABŞ Prezidenti Donald Tramp koqnitiv qabiliyyətlərinin yüksək səviyyədə olduğunu bir daha vurğulayaraq, ölkədə prezident və vitse-prezidentliyə namizədlər üçün məcburi koqnitiv testlərin tətbiq edilməsini təklif edib.

Tramp bildirib ki, Valter Rid Hərbi Tibb Mərkəzində keçdiyi son tibbi müayinənin nəticələri “son dərəcə yaxşı” olub.

Onun sözlərinə görə, mürəkkəb koqnitiv testdə mümkün olan maksimum nəticəni – 30 baldan 30 bal toplayıb. ABŞ lideri qeyd edib ki, bu, onun keçdiyi dördüncü koqnitiv testdir və hər dəfə ideal nəticə göstərib. Tramp hesab edir ki, yüksək dövlət vəzifələrinə iddia edən şəxslərin intellektual və psixoloji hazırlığı da mütəmadi şəkildə qiymətləndirilməlidir. Ağ Evin yaydığı son tibbi arayışda da prezidentin koqnitiv testdən uğurla keçdiyi və 30 baldan 30 topladığı qeyd olunub.

Sənəddə onun ümumi sağlamlıq vəziyyətinin yaxşı olduğu və prezident səlahiyyətlərini yerinə yetirmək üçün tam yararlı sayıldığı vurğulanır. Tramp çıxışında Konqresi və Demokratlar Partiyasını da bu təşəbbüsü dəstəkləməyə çağıraraq bildirib ki, ölkəyə rəhbərlik etmək istəyən siyasətçilər mütəmadi koqnitiv qiymətləndirmədən keçməlidirlər.

XQ

 

Dünya