Ermənistan parlamentinin sədri Qarabağ müharibəsi dövründə İrəvanın Moskvadan hərbi əməliyyatların dayandırılması üçün yardım istədiyini bildirib.
Erməni siyasətçi açıqlamasında Rusiyanı Ermənistanı çətin vəziyyətdə qoymaqda ittiham edib. Simonyanın sözlərinə görə, müharibə zamanı o, şəxsən Moskvaya səfər edərək Rusiya rəhbərliyindən döyüşlərin dayandırılması üçün müdaxilə etməsini xahiş edib.
“Qarabağ müharibəsi günlərində Moskvaya getdim və döyüşlərin dayandırılması üçün yalvardım. Lakin Ermənistan tək buraxıldı”, – deyə Simonyan bildirib.
Ermənistan parlamentinin sədri Rusiyanın həmin dövrdə müttəfiqlik öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyini iddia edib və bunu “xəyanət” kimi qiymətləndirib.
Simonyanın bəyanatı Ermənistan-Rusiya münasibətlərində gərginliyin davam etdiyi bir dövrdə səslənib. Son illər İrəvan və Moskva arasında təhlükəsizlik, regional siyasət və inteqrasiya məsələləri ətrafında fikir ayrılıqları daha da dərinləşib.
Qeyd edək ki, Rusiya rəsmiləri əvvəllər Ermənistanın ünvanına səsləndirilən oxşar ittihamları qəbul etməyərək, 2020-ci il müharibəsi zamanı üzərinə düşən vasitəçilik missiyasını yerinə yetirdiyini bəyan ediblər.
XQ

