Rusiyanın təchizat xətlərinə endirilən kütləvi və effektiv zərbələr Ukrayna dronlarının artan imkanlarından və onların istehsal həcminin əhəmiyyətli dərəcədə çoxalmasından xəbər verir.
"Politico" nəşri yazır ki, son aylarda orta mənzilli pilotsuz uçuş aparatlarının (PUA) kütləvi şəkildə tətbiq edilməsi Ukrayna Silahlı Qüvvələrinə işğal olunmuş Krıma gedən "quru körpüsü" adlandırılan "R-280 Novorossiya" federal magistral yolunu nəzarətə götürməyə imkan verib.
Qeyd olunur ki, bu magistral həm ilhaq edilmiş yarımadanın, həm də cənub cəbhəsində - Xerson və Zaporojye vilayətlərində yerləşən Rusiya qüvvələrinin təchizatını təmin edir. Baharın əvvəlindən bəri pilotsuz aparatlarla endirilən zərbələr regiondakı Rusiya HHM (Hava Hücumundan Müdafiə) sistemlərini sıradan çıxarıb, bundan sonra dronlar işğal olunmuş ərazilərdə istənilən istiqamətdə sərbəst hərəkət etmək imkanı qazanıblar. İndi cəbhə xəttindən 100 km məsafədə yerləşən "Novorossiya" avtomobil yoluna çatmaq Ukrayna PUA-ları üçün cəmi bir saatlıq işdir.
Nəşrin yazdığına görə, Rusiyanın təminat yollarına endirilən kütləvi və effektiv zərbələr Ukrayna dronlarının artan imkanlarına və onların istehsal həcminin əhəmiyyətli dərəcədə artmasına dəlalət edir. Bunun sayəsində Kiyev artıq müttəfiqlərinin silah tədarükündən asılı vəziyyətdə deyil.
Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) qiymətləndirməsinə görə, magistral yollara endirilən zərbələr, həmçinin anbarların, komanda mərkəzlərinin, loqistika marşrutlarının və HHM sistemlərinin davamlı şəkildə bombalanması Rusiyanın cəbhəyə qoşun və hərbi texnika köçürmək imkanlarını məhdudlaşdırır. Nəticədə, Rusiya qoşunlarının cənub istiqamətində irəliləmə sürəti əvvəlki illərlə müqayisədə kəskin şəkildə azalıb.
S.ELAY
XQ

