Azərbaycan və Gürcüstanın müstəqillik günləri Marneulidə böyük qürur hissi ilə qeyd edilib

post-img

Bu gün “Azərbaycan Evi”nin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşəbbüsü və təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gürcüstan və Azərbaycanın #Müstəqillik Günlərinə həsr olunmuş “Qafqazın iki müstəqil səsi” adlı tədbir keçirilib.

Tədbirdə Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Marneuli meri Daur İsmayılov, Dmanisi meri Koba Muradaşvili, Marneuli, Bolnisi və Dmanisi merlərinin müavinləri Qiorqi Qodabrelidze, Tural Vəliyev və Arif Süleymanov, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov, Marneuli meriyasının və bələdiyyə məclisinin struktur bölmələrinin rəhbərləri və üzvləri, Marneuli Təhsil Resurs Mərkəzinin əməkdaşları, Tbilisi və Kvemo Kartli bölgəsinin ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Tədbir Gürcüstan və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. 

Şəhla İsmayılova və Elvin Tağıyevin aparıcılığı ilə baş tutan tədbirdə “Azərbaycan Evi”nin və GAİM-in direktoru Məhəbbət İmanov çıxışında bildirib ki, bu gün burada Azərbaycan və Gürcüstan xalqları arasında dostluğun, qarşılıqlı hörmətin və ortaq dəyərlərin bir daha təcəssümünü görürük. O qeyd edib ki, hər iki ölkənin müstəqillik günlərinin birlikdə təntənəli şəkildə qeyd olunması iki dövlət arasında dostluğun və strateji tərəfdaşlığın bariz nümunəsidir.

Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı çıxışında vurğulayıb ki, bu gün iki dost və qardaş xalqın — Gürcüstan və Azərbaycan xalqlarının müstəqillik günləri böyük qürur hissi ilə qeyd olunur. O bildirib ki, 26 may və 28 may tarixləri sadəcə təqvimdə qeyd olunan günlər deyil. Bu tarixlər azadlıq uğrunda mübarizənin, milli kimliyin, dövlətçilik iradəsinin və xalqın öz taleyini müəyyən etməsinin rəmzidir.

Deputat qeyd edib ki, tarixə nəzər saldıqda xalqlarımızın yolunun əsrlər boyu bir-biri ilə sıx bağlı olduğunu görmək mümkündür.

“1918-ci ildə həm Gürcüstan, həm də Azərbaycan müstəqilliklərini elan etdilər. O çətin dövrdə xalqlarımız azadlıq, dövlətçilik və gələcək uğrunda eyni idealları bölüşürdü. Sonrakı illərdə hər iki xalq sovet hakimiyyəti altında müstəqilliyini itirsə də, azadlıq arzusu heç vaxt sönmədi. 1991-ci ildə isə həm Gürcüstan, həm də Azərbaycan dövlət müstəqilliklərini yenidən bərpa edərək yeni tarix yazmağa başladı. Bu yeni mərhələdə xalqlarımız arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində böyük siyasi xadimlər — Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Eduard Şevardnadzenin uzaqgörən siyasəti mühüm rol oynayıb”, — deyə Zaur Darğallı bildirib.

Marneuli meri Daur İsmayılov çıxışında Gürcüstan və Azərbaycan xalqlarını dövlət müstəqilliyi günləri münasibətilə təbrik edərək bildirib ki, bu əlamətdar günlər xalqlarımızın azadlıq, suverenlik və milli birlik uğrunda apardıqları mübarizənin rəmzidir.

O qeyd edib ki, Gürcüstan və Azərbaycanın müstəqilliyi yalnız dövlətçilik tarixinin mühüm mərhələsi deyil, eyni zamanda gələcəyə olan ümidin, sabitliyin və inkişaf yolunun əsasını təşkil edir. Hər iki ölkə qarşılıqlı hörmət, dostluq və strateji tərəfdaşlıq prinsipləri əsasında uğurla əməkdaşlıq edir.

Mer vurğulayıb ki, Marneuli bu dostluğun ən gözəl nümunələrindən biridir. Burada müxtəlif millətlərin nümayəndələri qarşılıqlı hörmət, mehriban qonşuluq və ortaq dəyərlər əsasında yaşayırlar.

“Bu bayram münasibətilə Gürcüstan və Azərbaycan xalqlarını ürəkdən təbrik edir, hər iki dövlətə davamlı inkişaf, sülh və rifah arzulayıram. Qoy dostluğumuz və əməkdaşlığımız daha da möhkəmlənsin”, — deyə Daur İsmayılov əlavə edib.

Dmanisi meri Koba Muradaşvili çıxışında bildirib ki, bu gün Gürcüstan və Azərbaycanın müstəqillik günləri böyük qürur və ehtiram hissi ilə birlikdə qeyd olunur. O vurğulayıb ki, bu mühüm tarixlər xalqların azadlıq uğrunda mübarizəsinin, milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir.

Mer qeyd edib ki, müstəqillik hər bir xalqın ən böyük sərvətidir. Gürcüstan və Azərbaycan öz dövlət müstəqilliyini qoruyaraq inkişaf, sabitlik və rifah yolunda mühüm uğurlar əldə edib. İki dost və strateji tərəfdaş ölkə arasında mövcud olan sıx əməkdaşlıq regionda sülhün, iqtisadi tərəqqinin və qarşılıqlı hörmətin möhkəmlənməsinə xidmət edir.

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin müftisi Etibar Eminov çıxışında bildirib ki, Uca Yaradanın lütfü ilə Gürcüstan və Azərbaycan xalqları çətin sınaqlardan keçərək dövlət müstəqilliklərini qoruyub, inkişaf və sabitlik yolunda mühüm nailiyyətlər əldə ediblər.

O qeyd edib ki, bu əlamətdar günlər birlik, həmrəylik, qarşılıqlı hörmət və sülhün cəmiyyətin əsas dayaqları olduğunu bir daha xatırladır.

Müfti əlavə edib ki, Gürcüstanda yaşayan müsəlman icması ölkənin rifahına, vətəndaş birliyinə və müxtəlif dini-mədəni dəyərlərin harmoniyasına töhfə verməyə çalışır. Eyni zamanda Azərbaycan ilə Gürcüstan arasında mövcud dostluq, qardaşlıq və strateji əməkdaşlıq xalqlar arasında qarşılıqlı etimadı daha da gücləndirir.

Tədbirin ikinci hissəsində GAİM-in nəzdində fəaliyyət göstərən “Sarvan” folklor ansamblı tərəfindən Azərbaycan və gürcü milli rəqsləri — “Raculi” və “Yallı” təqdim olunub. Tanınmış solist Şaban Məmmədovun ifasında “İori” və Azərbaycan musiqiləri, İamze Jgelinin ifasında “Ey Vətən” və gürcü milli musiqiləri, Ramin Pirməmmədovun tarda ifasında “Arazbarı” və “Vətən yaxşıdır”, aşıq Nərgiz Mehdiyevanın ifasında isə “Paşa köçdü” havası səsləndirilib.

Tədbirdə iştirak edən gürcü ictimaiyyətinin nümayəndələri çıxışları və musiqi nömrələrini alqışlarla qarşılayıblar.





















Sosial həyat