Azərbaycanın Qırğız Respublikasındakı Səfirliyi tərəfindən Bişkek şəhərinin “Hyatt Regency” mehmanxanasında 28 May–Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul təşkil etmişdir.
Ziyafətdə Qırğızıstanın hökumət və siyasi-ictimai dairələrin təmsilçiləri, diplomatik nümayəndəliklərin rəhbərləri (Türkiyə, Almaniya, Qətər, Macarıstan, Fransa, İsveçrə, İran, Hindistan, Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Ukrayna, Səudiyyə Ərəbistanı, Monqolustan səfirləri, BMT-nin və ATƏT-in daimi nümayəndələri, Bişkekdə fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri, Şimali Kipr Türk Cümhuriyyətinin QR-dəki nümayəndəliyinin rəhbəri) və diplomatik heyət üzvləri, Azərbaycan, Türk diasporunun, yerli ictimaiyyətin və KİV nümayəndələri iştirak etmişlər. Rəsmi qəbul mərasimində Qırğızıstan tərəfindən əsas qonaq qismində Qırğız Respublikasının xarici işlər nazirinin müavini (kurator) Meder Abakirov iştirak etmişdir.
Qəbulda Səfir Lətif Qəndilov çıxış edərək bildirmişdir ki, bu gün Azərbaycan xalqı və Azərbaycan dövləti üçün xüsusi tarixi əhəmiyyət daşıyır. 1918-ci ildə Azərbaycan xalqı Şərqdə ilk olaraq müstəqillik bayrağını ucaltdı və Şərqdə ilk demokratik respublika — Azərbaycan Xalq Cümhuriyyətini yaratdı. Bu, təkcə ölkəmizin deyil, bütün regionun tarixində mühüm bir mərhələ oldu. Hələ o dövrdə Azərbaycan bütün vətəndaşlarına bərabər hüquq və azadlıqlar, o cümlədən qadınlara seçki hüququ təmin etmişdi ki, bu da öz dövrü üçün olduqca mütərəqqi addım idi. O, müasir Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasının və möhkəmləndirilməsinin Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olduğunu və Heydər Əliyev tərəfindən təməli qoyulan inkişaf strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla davam etdirildiyini bildirərək, ötən müddət ərzində ölkəmizin böyük inkişaf yolu keçdiyini, müasir güclü və nüfuzlu dövlətlərindən birinə çevrildiyini söyləmişdir.
Sonra L.Qəndilov bildirmişdir ki, Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra Ermənistanın hərbi təcavüzü ilə üzləşdi. Təxminən otuz ildən sonra ölkəmiz öz ərazi bütövlüyünü təmin etdi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini bərpa etdi. Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması Azərbaycan üçün əsas prioritetlərdən biridir. O, 2020-ci ildə ikinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra ölkəmizin sülh təşəbbüsü ilə çıxış etdiyini qeyd edərək, bunun nəticəsində bu gün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh sazişinin imzalanması istiqamətində mühüm razılaşmaların əldə olunduğunu bildirmiş və nəticədə 2025-ci ildə Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətni paraflandığını söyləmişdir.
Səfir Azərbaycanın bir tərəfli qaydada Ermənistana malların tranziti üzərində olan məhdudiyyətləri aradan qaldırdığını, indiyədək Azərbaycan dəmir yolu vasitəsilə Ermənistana 30 min ton həcmində yükün ötürüldüyünü, həmçinin Azərbaycanın Ermənistana 15 min ton həcmində nefti və neft məhsullarının tədarük edildiyini bildirmişdir.
Daha sonra Səfir işğaldan azad olunmuş Azərbaycan ərazilərində mina təhlükəsinə dair məlumat verərək bildirmişdir ki, Ermənistanın işğalı nəticəsində Azərbaycan dünyada ən çox mina ilə çirkləndirilmişölkələr sırasındadır. Mina təmizləmə işlərini də Azərbaycan öz gücü ilə həll edir. İşğal nəticəsində dağıdılmış şəhərlərimizin və kəndlərimizin bərpası üçün Azərbaycan öz imkanlarını səfərbər edir. Bu gününə qədər bərpa olunmuş şəhər və kəndlər 85 mindən artıq əhali qayıtmışdır.
Səfir Azərbaycanın son illərdə sosial-iqtisadi inkişaf sahəsində mühüm nailiyyətlər əldə etdiyini və beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdiyinivurğulayaraq, Şərqlə Qərbin kəsişməsində yerləşən ölkəmizin Avrasiyada mühüm enerji və nəqliyyat mərkəzlərindən birinə çevrildiyini bildirmişdir. O, bütün bu nailiyyətlərin Azərbaycan xalqının böyük səyləri və quruculuq fəaliyyəti sayəsində mümkün olduğunu söyləmişdir. Q, qeyd etmişdir ki, təsadüfi deyil ki, beynəlxalq ictimaiyyət BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29), Ümumdünya Şəhərsalma Forumu (WUF13) və digər mühüm beynəlxalq platformalar kimi iri qlobal tədbirlərin keçirilməsini Azərbaycana etibar edir ki, bu da ölkəmizin beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi və dayanıqlı inkişaf gündəliyinin təşviqində konstruktiv rolunun tanınmasının göstəricisidir.
Qırğızıstanla ikitərəfli iqtisadi əlaqələrə toxunan L.Qəndilov bildirmişdir ki, ölkələrimiz arasında münasibətlər bütün sahələrdə inkişaf edir. Ölkələrimiz arasında ali dövlət səfərləri həyata keçirilir və bu ildə də ali dövlət səfərlərin həyata keçirilməsi planlaşdırırlır. 2025-ci ildən Azərbaycan-Qırğızıstan İnvestisiya Fondun vəsaiti 100 milyon ABŞ dollarına qədər artırılmışdır. Fond Qırğızıstan iqtisadiyyatının inkişafına öz töhfəsini vermək məqsədi ilə müxtəlif layihələr həyata keçirir. Səfir ölkələrimiz arasında ikitərəfli münasibətlərlə yanaşı beynəlxalq təşkilatlar çərçivəsində də münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edərək, beynəlxalq təşklatlarda seçkilər zamanı ölkəmizin namizədliklərinin Qırğızıstan tərəfindən dəstəkləndiyinə görə təşəkkürlərini bildirmişdir. Səfir, cari ilin iyun ayında BMT TŞ-nın qeyri-daimi üzvlüyünə seçkilərdə Qırğızıstanın namizədliyinin Azərbaycan tərəfindən dəstəklənəcəyiniqeyd edərək, bu seçkilərdə QR-ə uğurlar arzulamışdır.
Qırğızıstan Respublikasının xarici işlər nazirinin müavini M.Abakirov təbrik nitqində Azərbaycan xalqını milli bayram- müstəqillik günü münasibətilə təbrik etmiş və ən xoş arzularını bildirmişdir.
Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin böyük tarixi olduğunu qeyd edən nazir müavini, hazırda Azərbaycan ilə Qırğızıstan arasında olan strateji əlaqələrin ölkələrimizin rəhbərlərinin dəstəyi ilə daha yüksək mərhələyə qalxdığını vurğulamışdır. O, Azərbaycanın surətlə inkişaf etdiyini və dünyanın güclü dövlətlərindənbirinə çevrildiyini söyləyərək, Qırğızıstanın Azərbaycanın bu uğurlarına sevindiyini vurğulamışdır. O, bildirmişdir ki, ölkələrimizin xalqları haqlı olaraq qardaş xalqlar adlandırılır. Bizi sıx dostluq və qohumluq əlaqələri, ortaq mənəvi dəyərlər, tarix, mədəniyyət və ənənələr birləşdirir. Qırğızıstan-Azərbaycan münasibətlərinin böyük gələcəyi var.
Sonda səfir Lətif Qəndilov bildirmişdir ki, iki ölkənin Prezidentlərinin səyləri nəticəsində ölkələrimiz arasında münasibətlər inkişaf edərək geri dönməz bir nöqtəyə çatdığını qeyd edərək, başda prezidentlərimiz olmaqla Azərbaycan və Qırğız dövlətinin, Azərbaycan və Qırğız xalqlarının şərəfinə badə qaldırmışdır.
Tədbir zamanı Azərbaycanın nailiyyətlərini, görməli yerlərini, turizm imkanlarını və tarixi abidələrini əks etdirən video-çarxlar nümayiş etdirilmişdir.
Qonaqlara Azərbaycan milli mətbəxinin ləziz təamları, eləcə də özünəməxsus zərif dadı və zəngin ətri ilə seçilən Azərbaycan şərabları təqdim olunmuşdur. Tədbir çərçivəsində işğaldan azad edilmiş Kəlbəcər rayonunda istehsal olunan və hazırda Qırğızıstana da ixrac edilən “İstisu” mineral müalicəvi-süfrə suyunun xüsusi təqdimatı keçirilmişdir.
Ziyafət zamanı Azərbaycanın zəngin mədəniyyətinin və incəsənətinin təbliği məqsədilə simfonik kvintetin ifasında dahi Azərbaycan bəstəkarlarının klassik əsərləri canlı səsləndirilmiş, milli musiqi alətləri ansamblının təqdimatında isə xalq mahnıları və milli rəqslər nümayiş olunmuşdur.







