Ümummilli lider Heydər Əliyevin 1998-ci il 30 yanvarında “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında" sərəncamı milli hökumətin çoxsahəli fəaliyyətinə verilən yüksək tarixi qiymətdir.
Ulu öndər milli dövlətçiliyimizin bərpa edilməsində və yaşadılmasında AXC-nin tarixi fəaliyyəti barədə demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərsə də, az yaşasa da, xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu. Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın XIX əsrin sonu XX əsrin əvvəllərində milli müstəqillik və azadlıq duyğulan ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, ziyalıları, xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş əhval-ruhiyyəsini yaymışdır. Bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır”.
Prezident İlham Əliyev də Azərbaycan Xalq Cümhuriyyəti tarixinin, ədəbiyyatının, mədəniyyətinin araşdırılmasının vacibliyini çıxış və nitqlərində, müvafiq sərəncamlarda dönə-dönə vurğulamışdır. Dövlət başçısının AXC-nin 90 və 100 illik yubileyləri haqqında sərəncamları ilə yanaşı, Bakıda “İstiqlal bəyannaməsi” abidəsinin ucaldılması, Dövlət Bayraq Meydanının və dünyanın ən uca bayraq qülləsinin insa olunması, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi bu şanlı tarixə ümumxalq sevgisinin və ehtiramının parlaq ifadəsi olmuşdur.
Tbilisidə fəaliyyət göstərən Zaqafqaziya Seyminin dağılmasından sonra Azərbaycan deputatlarının 1918-ci il mayın 27-də Azərbaycanın istiqlalını elan etmələri ilə dünyada ilk demokratik türk dövləti tarix səhnəsinə qədəm qoydu. Həmin il may ayının 30-da Tiflis şəhərində ilk respublikanın ilk hökuməti - Fətəli Xan Xoyskinin başçılığı altında Kabinet yaradıldı. Azərbaycan hökuməti ilk gündən geniş tədbirlər həyata keçirməyə başladı.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 30 iyun 1918-ci il tarixli qərarına əsasən, Gəncədə Xalq Maarif Nazirliyinin dəftərxanası təşkil edildi. Milli təhsilin inkişafına yol açan ilk tədbirlərdən biri AXC hökumətinin 27 iyun 1918-ci il tarixli qərarı ilə türk dilinin ölkədə dövlət dili elan edilməsi oldu. Baş nazir Fətəli Xan Xoyskinin imzaladığı həmin qərarla bütün dövlət orqanları, məhkəmə, təhsil müəssisələri və digər inzibati qurumlarda ana dilindən istifadə olunması tələb edildi. Parlamentin dəftərxanası bütün dövlət və ictimai təşkilatlara, ayrı-ayrı şəxslərə bildirdi ki, parlamentə, onun dəftərxanasına hər cür yazılı müraciət ancaq dövlət dilində olmalıdır.
AXC dövründə məktəblər milliləşdirildi. Azərbaycan Hökumətinin 28 avqust 1918-ci il tarixli qərarına əsasən, bütün ibtidai təhsil müəssisələrində təhsil ana dilində aparıldı. Kəndlərdə, şəhərlərdə yeni məktəblər açıldı.
AXC hökuməti məktəb dərsliklərinin hazırlanması və nəşri məqsədi ilə Maarif Nazirliyində xüsusi komissiya təşkil edildi. 1919-cu ildə “Türk əlifbası”, “Təzə elmi-hesab”, “İkinci il”, “Yeni məktəb”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Türk çələngi”, “Tarixi-təbii”, “Rəhbər cəbr” kimi milli dərslikləri nəşr olundu. Azərbaycan parlamenti 1919-cu il 18 sentyabr tarixli qərarı ilə türk dilində yeni kitablar almaq üçün Xalq Maarifi Nazirliyinin sərəncamına 1 milyon manat vəsait ayrıldı.
Bununla yanaşı, Türkiyədən dərsliklərin alınıb gətirilməsi barədə hökumətin 1918-ci ilin payızında belə bir qətnaməsi də oldu: “Azərbaycandakı təhsil müəssisələrinin milliləşdirilməsi üçün mütləq Türkiyədən dərs kitabları gətirilməli, bir qisim müəllimlər də dəvət edilməli və bu məqsədlə növbəti şəxs Konstantinopola (İstanbula) ezam olunmalıdır”. Bu dövrdə məktəblərdə çalışan məşhur müəllimlərin dərs kitablarından da istifadə edilirdi. A.Şaiq, A.Səhhət, H.Cavid, M.Mahmudbəyov, S.S.Axundov, F.Ağazadə belə müəllimlərdən idilər.
Dövlət dili olan Azərbaycan dilinin tədrisi icbarı surətdə həyata keçirilməli idi. Təhsilin, maarif sisteminin milliləşməsi müəllim kadrlarının çatışmaması çətinlik yaradırdı. Müəllimlərə olan ehtiyacı ödəmək uçun 1918-ci ildə Gəncə, Şəki, Zaqatalada qısamüddətli pedaqoji kurslar təşkil edildi. Xalq Maarif Nazirliyi Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müstəqil Qazaxa köçürülməsi haqqında qərar qəbul etdi. Qazax Seminariyası müstəqil təhsil ocağı kimi Firudin Bəy Köçərlinin rəhbərliyi ilə 1918-ci ilin 10 noyabrında fəaliyyətə başladı.
Orta və ali məktəblərdə dərs demək üçün Türkiyədən və Rusiyadan yüksək dərəcəli müəllimlər dəvət olundu. “Nina” rus qız məktəbləri milli qadın gimnaziyalarına çevrildi. Yaşlı vətəndaşlar üçün axşam savad kursları təşkil edildi. Şərqdə ilk dünyəvi ali təhsil verən Bakı Dövlət Universiteti yaradıldı. 1 sentyabr 1919-cu ildə universitetin təsis edilməsi haqqında qərar qəbul edildi və onun nizamnaməsi təsdiq edildi. Ümummilli lider Heydər Əliyevin dediyi kimi, BDU-nun yaradılması ötən əsrin əvvəlindən bu günə kimi xalqımızın tarixində ən əlamətdar hadisələrdən biridir.
Uuniversitet ilk tədris ilinə tarix-filologiya və tibb fakültələri ilə fəaliyyətə başladı. Sonra fizika-riyaziyyat (1920), şərqşünaslıq (1922), hüquq (1928), kimya-biologiya (1934) fakültələri yaradıldı. İlk tədris ilində 44 müəllim var idi, ilk rektoru görkəmli rus alimi, Kazan Universitetinin professoru, məşhur cərrah V.İ.Razumovski oldu. 1926-1929-cu illərdə isə universitetin ilk azərbaycanlı rektoru Tağı Şahbazi idi.
Bakı Dövlət Universitetinin yaradılması heç də asanlıqla başa gəlmədi. Universitetin ilk rektoru Razumovski yazırdı: “1919-cu ilin əvvəllərində Azərbaycan Respublikasının xalq maarif naziri Həmid bəy Şahtaxtinski Tiflis şəhərinə gəldi. O, Qafqaz rus universitetini Bakıya köçürmək təklifi ilə gəlmişdi, yaxşı binalar, maddi təminat və s. vəd edirdi”. Rektor universitet şurasının iclasında Bakıdan alınmış təkliflərin daha real, daha məqbul və daha sanballı olmasını əsas gətirərək, məhz universiteti Bakıda yaratmaq təklifini irəli sürdü və təklif qəbul edildi.
Bakı Dövlət Universitetinin yaranmasında Fətəli Xan Xoyskinin, Nəsib Bəy Yusifbəylinin, Həsən Bəy Ağayevin, Məhəmməd Əmin Rəsulzadənın, Rəşid Xan Kaplanovun, Sultan Məcid Qənizadənin, Həmid Bəy Şahtaxtlının və başqalarının çox böyük xidmətləri olmuşdur.
Dövrün ağır və mürəkkəb beynəlxalq şərtlərinə, xarici təhdidlərə, kəskin maliyyə və kadr çatışmazlığına baxmayaraq, milli hökumət ölkədə təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirir, ciddi tədbirlər həyata keçirirdi. Universiteti professor-müəllim heyəti ilə təmin etmək məqsədilə 1918-ci il iyulun 23-də AXC hökumətinin qərarı ilə Türkiyədən 50 nəfər, Rusiyadan da 50 nəfər müəllim dəvət edildi. Onlar 1919-cu il oktyabr ayının əvvəllərində Bakı Dövlət Universitetində müəllimlik fəaliyyətinə başladılar. Onların arasında Rusiyadan Komarovski, Makovelski, Seredinski, Marr, Meşşaninov və başqaları var idi. Türkiyədən isə İsmayıl Hikmət, Xəlil Fikrət, Mühiddin Birgin, Mehmet Fuad Köprülüzadə, Bəkir Çobanzadə və başqaları universitetdə elmi-pedaqoji fəaliyyətlə məşğul oldular.
Bu böyük alimlər çox dəyərli elmi-pedaqoji tədqiqat işləri, dərslik və dərs vəsaitləri də yazmışlar. Məsələn, İsmayıl Hikmətin 4 cildlik “Türk ədəbiyyatı tarixi”, 2 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”, Mühiddin Birginin “Psixoloji”, Fuad Köprülüzadənin “Azəri ədəbiyyatına dair tədqiqlər”, Xəlil Fikrətin “Tədris və tərbiyə tarixi” əsərləri nəşr edilmişdir.
1929–1930-cu tədris ilində şərqşünaslıq fakültəsininn məzunu olmuş Lətif Hüseynzadə xatirələrində yazırdı ki, tələbələr təhsil illərində dərin və hərtərfəli bilik qazanmaqla bərabər, həm də ciddi elmi-tədqiqat işləri ilə də məşğul olur, ictimai işlərdə fəal iştirak edir, faydalı təşəbbüslər irəli sürürdülər. 1928-1929-cu tədris ilində Azərbaycan Dövlət Darülfünunun 10 illik yubileyi ərəfəsində şərq fakültəsi nəzdində jurnalistika şöbəsi yaradıldı. Mikayıl Müşfiq, Əhməd Cavad, Məmmədsəlim Tahirli, Əhməd Seyidov və digər fəal tələbələrlə bərabər, o da dərsdən sonra jurnalistika şöbəsinin məşğələlərində iştirak edirdi. Burada qəzetçilik, müxbirlik, mətbəə ləvazimatı, redaksiya işlərinə dair çox maraqlı dərslər keçilir, məqalələr yazılırdı.
Lətif müəllim xatırlayırdı ki, şöbənin rəhbəri professor S.Seredinski idi. Bir gün rektor Tağı Şahbazi məşğələyə gəldi və biz ona müraciət etdik ki, darülfünunda çoxtirajlı bir qəzet nəşr edək. Rektor da fikrimizi razılıqla qarşıladı. 1929-cu ilin iyun ayında Azərbaycan Dövlət Darülfünunda “Student jurnalist” adlı çoxtirajlı universitet qəzetinin ilk nömrəsi buraxıldı. Bu nömrədə Tağı Şahbazinin “Böyük yubiley qarşısında”, Hadi Mirzəzadənin “Darülfununda jurnalizm kafedrası”, M.Səlimxanlının “Bizdə qəzetçilik sənəti”, Əbdüləziz Salamzadənin “Darülfünün bizə nə verdi”, S.Aşurbəylinin “Pedaqoji fakültənin yeni quruluşu. Professor Fridonlu ilə müsahibə”, Lətif Hüseynzadənin “Azərbaycan necə öyrənilir?”, Tanabeylinin “Lisaniyyat kafedrası. Professor Bəkir Çobanzadə ilə müsahibə”, Əhməd Seyidovun “Tibbi fakültədə yeni tədbirlər” adlı məqalələri dərc edilmişdi. Rəngli buraxılmış bu ilk qəzetin redaksiya heyətində Məmməd Arif, Adil Əfəndizadə, S.Aşurbəyli, Əhməd Seyidov və Lətif Hüseynzadənin adları verilmişdi.
1999-cu ildə Bakı Dövlət Universitetinin yaradılmasının 80 illiyi tamam oldu. Bu münasibətlə 1999-cu il dekabrın 28-də universitet kollektivinə göndərdiyi təbrik məktubunda Prezident Heydər Əliyev bildirirdi: “Diqqətəlayiqdir ki, Bakı Dövlət Universiteti öz fəaliyyətinin bütün dövrlərində elm və təhsil məbədi olmaqla yanaşı, həm də Azərbaycan dilinin inkişafında, milli şüurun, vətənpərvərlik ruhunun inkişafında xidmətlər göstərmiş bir mərkəz rolunu oynamışdır. Bakı Dövlət Universitetinin əsasını qoyanların, onun inkişafına təkan vermiş insanların əməyini daim yüksək qiymətləndirərək, onların xatirəsini böyük minnətdarlıq və ehtiram hissi ilə yad edirəm”.
Bakı Dövlət Universitetinin ən böyük məzunu ümummilli lider Heydər Əliyevdir. Bakı Dövlət Universitetinin inkişafının yeni mərhələsi Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısının “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 14 noyabr 2017-ci il tarixli sərəncamında deyilir: “2019-cu ildə Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi tamam olur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçmişdir... Bakı Dövlət Universiteti tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr vermişdir”.
Göründüyü kimi, Azərbaycan Xalq Cümhuriyyətinin mədəni-maarif, milli təhsil sahəsindəki qısa müddətdə həyata keçirdiyi tədbirlər xalqımızın tarixində silinməz izlər buraxmışdır.
Rüfət HÜSEYNZADƏ,
ADPU-nun professoru, Əməkdar müəllim
Soltanəli QURBANOV,
ADPU-nun dosenti, YAP ərazi təşkilatının sədri

