Pekində Müstəqillik Günü mərasimi

post-img

Pekində 28 May Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil olunub. Azərbaycanın Çindəki səfirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən mərasimdə Çin rəsmiləri, Pekindəki diplomatik missiyaların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov çıxış edərək, Asiya ilə Avropanın kəsişməsində, əlverişli coğrafi mövqedə yerləşən Azərbaycanın Şərqlə Qərb arasında körpü rolunu oynadığını vurğulayıb. Diplomat 1994-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin Çinə rəsmi səfəri ilə əsası qoyulan yüksəksəviyyəli siyasi dialoqun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini və ikitərəfli əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.

Səfir dövlət başçıları İlham Əliyev və Si Cinpin arasında təşəkkül tapmış qarşılıqlı etimad və dostluq münasibətlərinin siyasi, iqtisadi, hərbi, humanitar, mədəni və digər sahələrdəki hazırkı yüksək inkişaf dinamikasının əsasını təşkil etdiyini bildirib: “Azərbaycan Çin texnologiyalarını özünün enerji keçidini sürətləndirməkdə mühüm element kimi görür. Ölkələrimizin strateji yaxınlaşması, həmçinin Cənubi Qafqaz regionunda davamlı inkişafın, innovasiya və infrastruktur bağlantısının yeni və keyfiyyətli tərəfdaşlığın təməlini təşkil edir”. “Kəmər və yol” təşəbbüsü çərçivəsində əməkdaşlıqdan danışan diplomat Azərbaycanın Çindən sonra həm ölkə daxilində, həm də xaricdə bu qlobal təşəbbüsün həyata keçirilməsinə ən çox vəsait yatıran ikinci ölkə olduğunu diqqətə çatdırıb. Bildirib ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycan Çin ilə Avropa arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün etibarlı logistika mərkəzinə çevrilir. Azərbaycan Prezidenti tərəfindən Zəngəzur dəhlizinin uzun illər sonra yenidən açılması təşəbbüsü gələcəkdə "Kəmər və yol” layihəsinə ölkəmizin növbəti töhfəsi olacaq.

Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Sun Lincian çıxışında Çin Xarici İşlər Nazirliyinin təbriklərini çatdırıb: “Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan öz milli xüsusiyyətlərinə uyğun inkişaf yolu ilə ardıcıl irəliləyiş əldə edib, ölkədə iqtisadi sabitlik, sosial dinamizm və xalqın rifahı təmin olunub, eyni zamanda, onun beynəlxalq nüfuzu sürətlə artmaqda davam edir. Yaxşı dost və tərəfdaş kimi Çin bundan məmnundur”. Xüsusi nümayəndə əmin olduğunu bildirib ki, zəhmətkeş Azərbaycan xalqı milli inkişaf yolunda daha böyük uğurlar qazanacaq.

Çin və Azərbaycan arasında qədim ənənələrə malik və daim inkişaf edən dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan Sun Lincian son illər dövlət başçıları İlham Əliyevin və Si Cinpinin strateji baxışları ilə istiqamətləndirilən ikitərəfli münasibətlərimizin sürətlə inkişaf edərək, hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini deyib.

Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Sun Lincian “Kəmər və yol” təşəbbüsü çərçivəsində əməkdaşlığın səmərəli nəticələr verdiyini vurğulayıb, ilin birinci rübündə ikitərəfli ticarət dövriyyəsinin 30 faizdən çox artdığını deyib.

Sonra Azərbaycan musiqiçilərinin çıxışları olub.

XQ

Siyasət