Avropanın müdafiəsi NATO müttəfiqlərinin üzərinə qoyulur
Birləşmiş Ştatlar NATO-ya verdiyi hərbi töhfəni radikal şəkildə azaltmağı və Avropanın müdafiəsinin əhəmiyyətli hissəsini avropalı müttəfiqlərin üzərinə keçirməyi planlaşdırır. Bu barədə "Der Spiegel" nəşri məlumat yub.
Nəşrin məlumatına görə, ötən həftənin sonunda ABŞ-ın müdafiə naziri Pit Heqsetin nümayəndəsi NATO-nun mənzil-qərargahında Alyansın yüksəkrütbəli rəsmiləri üçün qapalı brifinq keçirib. Görüş zamanı Amerika tərəfi Rusiyanın 2022-ci ildə Ukraynaya müdaxiləsindən sonra yaradılmış "NATO qüvvələr modeli" çərçivəsində öz hərbi resurslarının bir hissəsini kəskin şəkildə ixtisar etmək niyyətində olduğunu bildirib. Söhbət qırıcı təyyarələr, strateji bombardmançılar, hərbi gəmilər, sualtı qayıqlar, pilotsuz uçuş aparatları (PUA) və yanacaqdolduran təyyarələrdən gedir.
Jurnalın yazdığına görə, Vaşinqton qırıcı təyyarələrlə verdiyi töhfəni təxminən üçdə bir nisbətində azaltmağı, Alyansın sistemindəki strateji bombardmançıların sayını isə əhəmiyyətli dərəcədə ixtisar etməyi planlaşdırır. Bundan əlavə, Vaşinqton artıq NATO-nun sərəncamına sualtı qayıqlar vermək istəmir, esmines (minaatan gəmilər) və PUA-larla təminatda iştirakın da azaldılması nəzərdə tutulur.
Nəşr qeyd edir ki, Vaşinqtonun bu planları Brüsseldə "xoşagəlməz sürpriz"ə çevrilib. Avropalı diplomatlar söhbətin yalnız Amerikanın iştirakının mərhələli şəkildə korrektə edilməsindən gedəcəyini gözləsələr də, açıqlanan dəyişikliklərin miqyası daha ciddi olub. Xüsusi narahatlıq doğuran məqam odur ki, Avropa hələlik Amerikanın bəzi hərbi imkanlarını qısa müddətdə kompensasiya etmək iqtidarında deyil.
ABŞ müttəfiqlərinə bəyan edib ki, Avropada nüvə çəkindirmə siyasətindən imtina etmir. Lakin qitənin konvensional (ənənəvi) müdafiəsini Vaşinqton getdikcə daha çox Avropa dövlətlərinin üzərinə qoymaq niyyətindədir.
Məlumata görə, Amerika tərəfi müttəfiqləri gələcəkdə yaranacaq boşluqları öz qüvvələri hesabına mümkün qədər tez qapatmağa birbaşa çağırıb. ABŞ öz addımlarını qlobal təhlükəsizlik mühitinin dəyişməsi ilə izah edir. Vaşinqton hesab edir ki, Avropa artıq müdafiə xərclərini kifayət qədər artırıb və daha çox məsuliyyət götürməyə qadirdir.
Nəşrin yazdığına görə, iyunun əvvəlinə qədər Avropa ölkələri Amerikanın iştirakının azaldılmasını kimin və hansı şəkildə kompensasiya edə biləcəyinə dair konkret təkliflər hazırlamalıdırlar. Vaşinqton yükün yenidən bölüşdürülməsini nəzərdə tutan bu yeni sistemi artıq iyulda NATO-nun Ankarada keçiriləcək sammitində təqdim etmək niyyətindədir.
S.ELAY
XQ

