Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İğdır Universitetinin rektoru, professor, Türkiyə Azərbaycan Dərnəyinin sədri Əkrəm Güreli türk dünyasına və elm sahəsinə verdiyi mühüm töhfələrə görə fəxri professor adına layiq görüb.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli fəxri professor mantiyasını Əkrəm Gürelə təqdim edib. Həmçinin Iğdır Universitetinin son illərdə türk dünyası ilə qurduğu elmi və mədəni əlaqələrin əhəmiyyətini vurğulayaraq, rektorun fəaliyyətini yüksək qiymətləndirdiklərini bildirib.
Bu ada layiq görülməsini böyük fəxarət hissi ilə qarşılayan professor Əkrəm Gürel Azərbaycan-Türkiyə qardaşlığının əhəmiyyətindən danışıb. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipinin və Mustafa Kamal Atatürkün qardaşlıq mesajlarının Azərbaycan ilə Türkiyə arasındakı münasibətlərin əsasını təşkil etdiyini vurğulayıb. Həmçinin İğdır Universitetinin strateji mövqeyinə diqqət çəkib, ali təhsil müəssisəsinin türk dünyasına açılan mühüm elm və təhsil körpüsü kimi fəaliyyət göstərdiyini söyləyib. Azərbaycan başda olmaqla türk dövlətlərinin elm müəssisələri ilə birgə layihələrin, tələbə və müəllim mübadiləsinin genişləndirilməsi istiqamətində fəaliyyətlərini davam etdirəcəklərini deyib.
Mərasimdə İğdır Polis İdarəsinin rəisi Niyazi Turqay da iştirak edib.
Tədbir hədiyyələrin təqdim olunması və xatirə fotosunun çəkilməsi ilə başa çatıb.




