Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əsas binasının önündəki Elmlər Akademiyası parkında VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının (VI LitBookFest) açılışı olub.
Mayın 26-dək davam edəcək festival Beynəlxalq Türk Müəllifləri Birliyinin (BTMB) təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Beynəlxalq Türk Akademiyası, TÜRKSOY, TİKA, Yunus Əmrə İnstitutu və digər qurumların dəstəyi ilə təşkil olunur.
Açılış mərasimində öncə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib, Türk dünyası şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalını Azərbaycanın Türk dünyası ilə əlaqələrinin ardıcıl şəkildə qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərin məntiqi nəticəsi kimi dəyərləndirib. Bildirib ki, bu festival Türk dünyası ölkələri arasında inteqrasiya proseslərinin dərinləşməsinə, elmi, ədəbi və mədəni əməkdaşlığın coğrafiyasının genişlənməsinə mühüm töhfə verməkdədir.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Birinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalından ötən dövr ərzində aparılan müşahidələr festivalın əhatə dairəsinin ildən-ilə genişləndiyini, iştirakçı ölkələrin sayının artdığını və Türk dünyasının intellektual, yaradıcı potensialının daha geniş platformada bir araya gəldiyini göstərir: “İlk dəfə Bakıda əsası qoyulan və artıq 6-cı dəfə Azərbaycanda təşkil edilən bu mötəbər mədəniyyət hadisəsi bu il qardaş Türkiyə Cümhuriyyətində də eyni ruh və yüksək təşkilati səviyyə ilə keçirilib və uğurla davam etdirilib”.
AMEA prezidentinin sözlərinə görə, Türk Dünyası Ədəbiyyat və Kitab Festivalları kitabların təqdim olunduğu tədbir olmaqla yanaşı, həm də Türk dünyasının alimləri, yazıçıları, ədibləri, akademik qurumları və universitetləri arasında əlaqələrin möhkəmlənməsinə, yeni elmi və ədəbi layihələrin formalaşmasına real zəmin yaradır. Festivallarda iştirak edən alim və yazarlar arasında yeni əməkdaşlıq təşəbbüsləri meydana çıxır, ortaq nəşrlər hazırlanır, qarşılıqlı dəvətlər və birgə layihələr dövriyyəyə daxil olur.
Alim festivalın Türk dünyasının birliyinə, həmrəyliyinə və əməkdaşlığına mühüm təsir göstərən, ortaq dəyərlərə doğru atılan strateji addımlardan biri olduğunu vurğulayıb, Türk dünyası ilə əlaqələrin genişləndirilməsinin zəruri olduğu indiki tarixi mərhələdə VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının bu inteqrasiyanın daha da dərinləşməsinə sanballı töhfələr verdiyini qeyd edib. Bildirib ki, son illərdə Azərbaycanda kitab nəşriyyatlarında Türk dünyasını əhatə edən alimlərin və müəlliflərin əsərlərinin nəşr miqyası iki dəfədən çox artıb. Oxşar proses digər türk dövlətlərində də müşahidə olunur. Bu fakt Türk Dünyası Ədəbiyyat və Kitab Festivallarının Türk dünyası ziyalıları və ədibləri arasında möhkəm mənəvi-intellektual körpü rolunu oynadığını açıq şəkildə sübut edir.
Akademik İsa Həbibbəyli çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimindəki proqram xarakterli çıxışına da toxunaraq bildirib ki, dövlət başçısı Türk dünyası ilə əməkdaşlığı Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirib və Türk Dövlətləri Təşkilatını vahid bir ailə kimi dəyərləndirib. AMEA prezidenti mövcud tarixi mərhələnin Türk dünyası ilə inteqrasiyanın genişlənməsi baxımından yeni imkanlar yaratdığını və VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının da məhz bu strateji prosesin ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdırıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” 22 oktyabr 2025-ci il tarixli Sərəncamını xatırladan akademik İsa Həbibbəyli festival çərçivəsində Birinci Türkoloji Qurultaya həsr olunmuş kitabların danümayiş etdiriləcəyini bildirib. O, Qurultayın ideyalarının bu gün aktuallığını qoruyub saxladığını və Azərbaycanda, qardaş Türkiyədə, eləcə də Orta Asiya respublikalarında elmi-mədəni əməkdaşlığın inkişafına xidmət etdiyini vurğulayıb. Əlavə edib ki, Birinci Türkoloji Qurultayın ideyaları əsasında formalaşan akademik və ədəbi birlik bu tarixi dəyərlərin yaşadığını və inkişaf etdiyini təsdiqləyir.
“Bu festival kitabın, elmin və mədəniyyətin təntənəsi olmaqla yanaşı, Türk dünyasında birlik və həmrəyliyin rəmzidir”, – deyə qeyd edən AMEA rəhbəri İnternetin, süni intellektin və rəqəmsal cəmiyyətdə artan informasiya rəqabəti fonunda bu festivalın kitabın rolunun gücləndirilməsi, oxu mədəniyyətinə marağın artırılması baxımından xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Daha sonra Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək festivalın böyük söz bayramı olduğunu, türk xalqları arasında ədəbi-mədəni əlaqələri gücləndirməyə xidmət etdiyini bildirib. O, türksoylu ölkələrdən alimlərin, qələm adamlarının, naşirlərin dəvət edildiyi festival çərçivəsində şeir saatlarının, müzakirələrin, kitab təqdimatlarının, konfransların və görkəmli ədiblərin yubileylərinə həsr olunan tədbirlərin keçiriləcəyini diqqətə çatdırıb.
Rəşad Məcid festivalın gələcək nəsillər üçün ortaq mədəni yaddaşın qorunmasına, kitab oxuma ənənəsinin inkişafına və türk dünyası arasında mənəvi bağların daha da güclənməsinə xidmət etdiyini bildirib.
Tədbirdə , həmçinin Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, millət vəkili Elçin Mirzəbəyli, Şimali Kipr Türk Cümhuriyyətinin Bakı təmsilçisi Ufuk Turqaner, Beynəlxalq Türk Akademiyasının təmsilçisi, professor Əbülfəz Süleymanlı, Özbəkistan Asiya Texniki Universitetinin rektoru Laçın Rəhmanov, Beynəlxalq Türk Müəllifləri Birliyinin sədri Xəyal Rza və digərləri çıxış edərək Türk dünyasının sarsılmaz birliyinə, türk dövlətləri arasındakı əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcək VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının əhəmiyyətindən danışıblar.
Festival ədəbi-bədii kompozisiyalarla davam etdirilib.
Qeyd edək ki, festivalın ilk günü Azərbaycan-Türkiyə, ikinci günü Özbəkistan-Türkmənistan, üçüncü günü Qazaxıstan-Qırğızıstan, dördüncü günü Macarıstan-Şimali Kipr Türk Respublikası, sonuncu günü isə Türk Dünyası – Yunus Əmrə günü olaraq adlandırılıb.
Anar TURAN

