Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov özünüməşğulluq proqramı çərçivəsində Xankəndi şəhərində qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.
XQ xəbər verir ki, Xocalı sakini Fikrət İnqilab oğlu Məhərrəmova istəyi və təcrübəsi nəzərə alınaraq, səyyar kofe satışını təşkil etmək üçün lazımi aktivlər verilib. O, verilmiş aktivlər hesabına Xankəndidə bu sahədə öz kiçik biznesini qurub. Xankəndi sakini Allahverdi Qurban oğlu Əhmədli üçün isə proqramın dəstəyi ilə kişi bərbərxanası yaradılıb.
Hər iki biznes sahəsi nəzərdən keçirilib. Fikrət Məhərrəmov və Allahverdi Əhmədli kiçik biznesə sahib olmaqdan razılıqlarını bildirib və onlara göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, özünüməşğulluq proqramı çərçivəsində Xankəndidə artıq 21 şəxs üçün kiçik təsərrüfatlar qurulub.

