Azərbaycanlı alim İstanbul konqresində

post-img

Türkiyənin Mərmərə Universitetində “Türk dostluğunun təməllərinə əsaslanan siyasətlər inkişaf etdirmək” mövzusunda III Beynəlxalq Türk Dünyası Strateji Araşdırmalar Konqresi keçirilib. Türk Dünyası Yörük Türkmən Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirə Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Türk Akademiyası, TİKA və YTB dəstək veriblər.

Konqresdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, dosent Faiq Ələkbərli də iştirak edib. O, “Türk təliminin sosial-fəlsəfi mahiyyəti: insanlıq və dünyəvilik” adlı məruzəsində Türk düşüncə sisteminin yalnız etnik və milli çərçivədə deyil, daha geniş mənəvi və fəlsəfi məzmun daşıdığını vurğulayıb. Məruzədə Türk düşüncəsinin əsas sütunları kimi humanizm, ədalət, sosial həmrəylik və dünyəvi dəyərlər ön plana çəkilib. Onun fikrincə, çağdaş dövrdə “Türk”, “Türklük” və “Türkçülük” anlayışları daha çox siyasi və milli identiklik kontekstində təqdim olunsa da, bu anlayışların kökündə insanı və cəmiyyəti mərkəzə alan dərin fəlsəfi təlim dayanır. Türk təlimi xalqlar arasında qarşılıqlı hörmətin, sosial bərabərliyin və mənəvi harmoniyanın formalaşmasına xidmət edən universal ideyaları özündə birləşdirir.

Beynəlxalq konqresdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, ABŞ, Kanada, Yaponiya, Hindistan və İtaliya daxil olmaqla müxtəlif ölkələrdən 100-dən artıq alim və tədqiqatçı iştirak edib. Tədbirdə Türk dünyasının ortaq strateji, mədəni və elmi əməkdaşlıq perspektivləri geniş müzakirə olunub.

XQ

 

 

 

 



Elm