Türk dünyası şair və yazıçılarının Özbəkistan görüşləri

post-img

Türk dünyası şair, yazıçı və sənətçilərinin Özbəkistanda bir neçə gün davam edən görüşləri başa çatıb. 

Tədbirlər “Yanqi ovoz” Mərkəzi Asiya Yazıçılar və Tarixçilər Birliyinin sədri Joldoşbek Monoldorovun və bu qurumun həmsədri, Azərbaycan nümayəndə  heyətinin rəhbəri, şair İlqar Türkoğlunun təşkilatçılığı ilə keçirilib, tədbirlərdə türk dünyasından gələn 75 şair, yazıçı və sənətçi iştirak edib.  

Azərbaycan nümayəndə heyətininn tərkibinə Əməkdar jurnalistlər-Əntiqə Qonaq, Şəmsiyyə Kərimova, yazıçı-publisist Şəfəq Nasir, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzər, şairlər Ayaz Arabaçı, Qəhrəman Kamiloğlu, Elli Atayurd, Nazim Hüseynli, Aidə Şirinova, Zahid Avşar, Adilə Aslanova, Zöhrə Qaraqızı, Aysel Fikrət və başqaları daxil olub. 

İlk tədbir “Xalq suzi” və “Народное слово” qəzetlərinin redaksiyasında həmin qəzetlərin baş redaktoru Utkur Rəhmətlə olub. Görüşdə ölkələrimiz, xalqlarımız və dövlət başçılarımız arasında olan səmimi dostluq və qardaşlıq münasibətlərindən, şair və yazıçılarımızın dostluğu, əməkdaşlığından danışılıb, belə ədəbi tədbirlərin həm Daşkənddə, həm də Bakıda daha çox keçirilməsi zəruriliyi vurğulanıb. 

Nümayəndə heyətinin növbəti səfəri Daşkənddə bu il istifadəyə verilən möhtəşəm İslam Sivilizasiyası Mərkəzi olub. Orada nümayəndələrə deyilib ki, İslam Sivilizasiyası Mərkəzi İslam dünyasının zəngin mədəni, elmi və mənəvi irsinin qorunub saxlanması məqsədilə yaradılan nəhəng elmi-tədqiqat və mədəniyyət kompleksidir. Mərkəz qədim əlyazmaları və müasir rəqəmsal texnologiyaları birləşdirərək, İslam intibah dövrü alimlərinin bəşəriyyətə verdikləri töhfələrini təbliğ edir.
Qeyd olunub ki, mərkəzin yaradılmasında əsas məqsəd Özbəkistanın zəngin islam və islamdan əvvəlki irsini müasir elm və təhsil nailiyyətləri ilə inteqrasiya etməkdir. 

2026-cı ildə ölkədə böyük özbək şairi, tarixə Türk dilində “Xəmsə” yazan şair kimi düşən Əlişir Nəvainin 585 və Özbəkistanın Xalq şairi, Özbəkistan qəhrəmanı, ölkənin Dövlət himninin sözlərinin müəllifi Abdulla Aripovun  85 illiyi münasibəti ilə müxtəlif tədbirlər keçirilir.

Belə görüşlərdən biri Abdulla Aripovun ailəsinin təşkilatçılığı ilə şairin ev-muzeyində onun xatirəsinə həsr olunan tədbir olub. 

Sonra Azərbaycandan gələn şair Adilə Nəzərin və Türkiyədən olan yazar Arzu Yılmaz Dağdəmirin aparıcılığı ilə tədbir davam edib, çıxışlarla yanaşı hədiyyələr və diplomlar təqdim olunub.
Tədbirin növbəti günü nümayəndələr Özbəkistan Yazıçılar Birliyini və Ədiblər xiyabanını ziyarət edib,  Əlişir Nəvainin və Abdulla Aripovun heykəllərinin  önünə əklillər qoyublar. Daha sonra Özbəkistan Yazıçılar Birliyində geniş tərkibli görüş keçirilib, yaddaqalan çıxışlar səsləndirilib.
Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli ilə keçirilən görüş, həmçinin mərkəzdə ulu öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş konsert proqramı yaddaqalan olub.

Nümayəndələr  Yeni Özbəkistan parkında və Daşkəndin Müstəqillik Meydanında da olublar. 

Türk dünyasının şair, yazıçı və sənətçiləri qədim Səmərqənd və Buxara şəhərlərinə də gedib, əsrlərin yadigarı olan tarixi abidələri ziyarət ediblər.

Qulu Kəngərli

XQ-nin Türküstan üzrə xüsusi müxbiri

Daşkənd















Mədəniyyət